azia.az
azia.az

Ordubadda fermerləri BADA VERƏN KİMDİR? - TOTAL NARAZILIQ

12-04-2022, 11:21

Ordubadda fermerləri BADA VERƏN KİMDİR? - TOTAL NARAZILIQ
“Ordubad rayonu Düylün kəndinin 200 hektara yaxın taxıl zəmiləri susuzluqdan məhv olmaq üzrədir”. Bu məlumatı Düylün kənd sakini Elsəvər Ali özünün facebook səhifəsində paylaşıb.

Statusunda taxılın strateji məhsul olduğunu xatıladan müəllif bildirib ki, “Ukrayna və Rusiyadakı vəziyyəti nəzərə aldıqda bu il dövlət qurumları taxıla daha diqqətli yanaşmalıdırlar”.

“Ümid edirik ki taxıl zəmiləri tam məhv olmamış bu məsələ rayon rəhbərliyi tərəfindən öz həllini tapacaq”, - Elsəvər Ali yazıb.


Ordubadda fermerləri BADA VERƏN KİMDİR? - TOTAL NARAZILIQ
Cəmi 700 sakini olan Düylün kəndinin 5 şəhid, 20 qazisi ilə qəhrəmanlar diyarı olduğunu xatırladan müəllif Ordubadın icra hakimiyyətindən kömək gözlədiyini də gizlətməyib: “Düylün kəndinin sakini kimi Ordubad rayon icra başçısı Elşad müəllimdən bu məsələdə bizə köməklik etməsini xahiş edirəm”.

Elsəvər Alinin iddalarının nə qədər əsaslı olduğunu araşdırmaq üçün tanıdığımız Ordubad sakinləri ilə əlaqə saxladıq. Mənbələrimiz də bu faktı təsdiqlədilər və eyni vəziyyətin təkcə Düylündə deyil, rayonun digər kəndlərində də mövcud olduğunu bildirdilər. Bildirildiyinə görə, 2013-cü ildən Ordubada rəhbərlik edən Elşad Novruz oğlu Məmmədovun aqrar sektora öz yanaşması var. “O, rayonda taxılçılıqdansa heyvandarlığın inkişaf etdirilməsinə can yandırır. Aqrar sektora bu yanaşmasının nəticəsidir ki, həftənin 4 günü otlaqların, 3 günü isə taxıl zəmilərinin suvarılmasına qərar verib. Üstəlik, otlaqlar bütün 4 gün sutka boyu, zəmilər isə 3 gün yalnız gündüzlər suvarılır. Bu səbəbdən də rayonda taxılçılıqla məşğul olan insanlar su sarıdan əziyyət çəkirlər”, - mənbəmiz bildirib.

Mənbələrimizin fikrincə, ilin bu fəslində otlaqların suvarılmasına daha çox üstünlük verilməsi Ordubad icra başçısının kəşfidir. Çünki yeri gələndə otlaqların suvarılmasını bir qədər gecikdirmək mümkündür. Taxılın isə indi suvarılmaması bərpaolunmaz problemlərin yaranmasına gətirib çıxara bilər: “Üstəlik, kənd sakininin də dediyi kimi, taxıl strateji məhsuldur və onun qayğısına qalmaq aqrar sektorla məşğul olan rayon rəhbərliyinin 1 nömrəli vəzifəsi olmalıdır. Kim Elşad Məmmədovun yerinə olsa, tam tərsini edərdi. Yəni 4 gün sərasər taxıl zəmilərinə, 3 gün isə yalnız gündüzlər otlaqlara su verərdi. Görünür, icra başçısının bizim bilmədiyimiz ayrı maraqları var ki, otlaqları birinci sıraya qoyub”.

KTN-dəki Naxçıvan “xan”ından qorxub adını çəkilməsini istəməyən bir başqa mənbəmiz də bu mülahizə ilə razılaşır. Onun dediyinə görə, taxıl bitkilərinin vegetasiya (cücərmə) dövrü var və zəmilər də həmin vaxt suvarılmalıdır. “Payızlıq taxıl əkinlərinin vegetasiya suvarmalarının vaxtında və keyfiyyətli keçirilməsi yüksək məhsul alınmasını təmin edən əsas amillərdən biridir. Çünki payızlıq taxıl bitkiləri böyüyüb inkişaf etdikcə onların suya tələbatı artır. Bu tələbat bitkilərin kollanma, sünbülləmə və dəndolma fazalarında daha çox olur. İndi isə taxılın ən çox su tələb edən dəndolma mərhələsidir. Əgər indi ona su verilməsə dənlər lazımi səviyyədə böyüməz, məhsuldarlıq azalar”.

Qeyd edək ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin 3 gün əvvəl yaydığı məlumata görə, Azərbaycanın materik hissəsində taxıl sahələrinin birinci suvarılma prosesi artıq tamamlanmaq üzrədir.

“Ölkədə suvarılan torpaqlarda əkilən taxıl sahələri 511 min hektar təşkil edir. Bunun da 508 min hektara yaxını birinci suvarma suyu ilə təmin edilib, yerdə qalan 3 min hektar sahə isə bu və ya digər iqlim şəraiti ilə bağlı ərazilər olub ki, su tələbi olmayıb. Hazırda vegetasiya suvarılma davam edir, 210 min hektar ərazidə taxılın vegetasiya suvarılması davam etdirilir”, - “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyev mətbuata açıqlamasında deyib.

Ordubadda isə taxılçılar hələ də otların nə zaman suya doyacağını gözləyirlər. Görünür, rayonun icra başçısı Elşad Məmmədov üçün ot yeyən heyvanlar taxıl yeyən insandan daha dəyərlidir. Yəni əsl əşrəfi-məxluqat - insan yox, heyvandır. Niyə belə fikirləşir? Yaxın günlərdə bu müəmmaya aydınlıq gətirməyə çalışacağıq.
Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi