Dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlayacağı gözlənilir-Xəbərdarlıq
Azərbaycanda müşahidə olunan hava şəraiti açıqlanıb.
Məlumata görə, Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, hazırda ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Onun sözlərinə görə, bu gün yağan qar nəticəsində Lerikdə qarın hündürlüyü 64 sm, Altıağacda 47 sm, Yardımlıda 42 sm, Xaltanda 41 sm qeydə alınıb: “Ölkə ərazisində şimal-qərb küləyi əsib, bəzi bölgələrdə güclənib. Ən güclü külək Salyanda qeydə alınıb, maksimal sürəti 33 m/s-ə çatıb”.
Eyni zamanda Azərbaycanda avtomobil yollarında vəziyyət açıqlanıb.
illi Hidrometeorologiya Xidmətindən bildirilib ki, mart ayının 21-də ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Bakı-Quba, Quba-Qusar, Quba-Xaçmaz, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Yevlax-Zaqatala, Qorağan-Qax-Zaqatala, Həkəri-Zəngilan, Qubadlı-Xanlıq, Xankəndi-Xocavənd, Gəncə-Kəlbəcər-Laçın, Yevlax-Xocalı-Laçın, Şuşa-Füzuli, Gəncə-Daşkəsən, Goranboy-Tərtər, Qaraməryəm-İsmayıllı-Şəki, Ağdam-Füzuli-Horadiz, Füzuli-Cəbrayıl-Mahmudlu, Şəmkir-Gədəbəy, Lənkəran-Lerik, Masallı-Yardımlı, Naxçıvan-Şahbuz magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 200-700 m-dək məhdudlaşacağı, dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlayacağı gözlənilir.
Fövqəladə Hallar Nazirliyi (FHN) də qarlı və dumanlı hava şəraiti ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
Xəbərdarlıqda deyilir:
“Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Siyəzən rayonu, Zarat kəndi istiqamətində dağlıq ərazidə qarlı və dumanlı hava şəraitində yollarını azaraq 4 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidməti Siyəzən Rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən vətəndaşlar operativ olaraq dağdan təhlükəsiz əraziyə təxliyə olunaraq xilas ediliblər.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək havaların qeyri-sabit və yağmurlu keçməsi, bəzi ərazilərdə intensiv xarakter alması, o cümlədən dağlıq ərazilərdə güclü qar yağması ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır”.