Kiprdə Xocalı soyqırımı ilə bağlı konfrans keçiriləcək
Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Şimali Kipr Türk Cümhuriyyətində beynəlxalq konfrans keçiriləcək.
Bu barədə Azərbaycan-Kipr Dostluq Cəmiyyəti məlumat yayıb. Diaspor təşkilatından bildirilib ki, Azərbaycan-Kipr Dostluq Cəmiyyəti, Diaspora Dəstək Fondu və Türk Ağsaqqalları Birliyi-TAİB-in təşkilatçılığı ilə fevralın 26-da keçiriləcək konfransda ŞKTC-nin prezidenti Ersin Tatar, dövlət rəsmiləri, millət vəkilləri, azərbaycanlı, türk tələbələr, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak edəcəklər.
Girnə Amerikan Universitetinin Konqres Mərkəzində düzənlənəcək konfransa Azərbaycan nümayəndə heyəti də qatılacaq.
AKDC-dən verilən məlumatda bildirilib ki,Türk Ağsaqqalları Birliyi-TAİB-in Təşkilat Komitəsinin sədri, akademik Sudeyif İmamverdiyev, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvləri - millət vəkilləri Anar İskəndərov, Ramil Həsən, Elşad Mirbəşiroğlu, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurası İdarə Heyəti üzvü Başar Kömür, TAİB-in İcra Aparatının təmsilçiləri Nicat Dağlar, Elnur Eltürk və Diaspor Komitəsi rəsmilərinin yer aldığı heyətin Şimali Kipr Türk Cümhuriyyətin prezidenti Ersin Tatar, ŞKTR baş naziri Faiz Sucuöğlu, hökumət üzvləri, ali təhsil ocaqlarının rektorları və millət vəkilləri ilə görüşləri də nəzərtə tutulub. Hər iki ölkə arasında ictimai münasibətlərin qarşılıqlı inkişafı və xalqlarımız arasında iş birliyinin daha da güclənməsi üçün müzakirələr aparılacaq. Azərbaycan nümayəndə heyəti Savaş Muzeyi, Karaoğlanoğlu şəhidliyi və Açıq Hava Hərb Muzeyini də ziyarət edəcəklər.