Nadir İsmayılovun müsadirə olunan əmlakları: Evlər, torpaq sahələri, avtomobillər...
Ləğv prosesində olan "Zaminbank” ASC-nin Müşahidə Şurasının sabiq sədri Nadir İsmayılovun əmlakları müsadirə olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun əmlakları zərərin ödənilməsinə yönəldiləcək.
Qaynarinfo Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müsadirə olunan əmlakların siyahısını təqdim edir:
- Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 117B, mənzil 42 və 43
- Xətai rayonu, Babək prospektində yerləşən 0,3809 kv.m torpaq sahəsi, Babək prospekti 11 ünvanda yerləşən 0,0804 ha torpaq sahəsi
- Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsi
- Xətai rayonu, Babək prospekti 8/10 (10-cu Zavod-8) ünvanda yerləşən 733,7 kv.m qeyri-yaşayış sahəsi
- Bakıda yerləşən daha iki mənzil
- Ailə üzvlərinin adına olan 0,18 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi
- "Jeep Wrangler”, "Mersedes Benz S500”, "Bentley Continental” və "Mersedes Benz G63 AMG” markalı avtomobillər.
Qeyd edək ki, Nadir İsmayılova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə ittiham elan edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin fevralın 4-də çıxardığı hökmə əsasən, 14 il müddətinə azadlıqdan məhrum olunub.
İttiham aktına əsasən, 2016-cı ildən fəaliyyəti dayandırılmış "Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləmiş İsmayılov Nadir Əmir oğlu 2010-2015-ci illərdə banka məxsus külli miqdarda pul vəsaitini mənimsəməklə ASC-nin əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib.
Bundan başqa, N.İsmayılov 2012-2019-cu illərdə ayrı-ayrı vətəndaşların ümumilikdə 5 milyon 175 min manat məbləğində pul vəsaitini ələ keçirərək həmin şəxslərə qarşı dələduzluq edərək bilə-bilə saxta sənədlərdən istifadə edib.
İş üzrə toplanan sübutlar əsasında N.İsmayılova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.