Mərkəzi Elmi Kitabxana Gənclər Günü münasibətilə virtual sərgi hazırlayıb
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) növbəti virtual sərgini oxuculara təqdim edir. Budəfəki virtual sərgi 02 fevral Azərbaycan Gəncləri Gününə həsr olunub. Sərgidə MEK fondundan gənclərə həsr edilmiş müxtəlif elm sahələrini əhatə edən nəşrlər təqdim olunur.
Virtual sərgidə nümayiş edilən nəşrlər sırasında “Olimp” (2003), “Gələcək gənclərindir” (2004), “Gənclik və Zaman” (2005), “Gəncliyin Fəlsəfəsi” (2009), ““Gənc Alimlərin II Respublika İnnovativ İdeya Yarmarkası” çərçivəsində “Yeni çağırışlar: müasir şəraitdə elmi innovativ tədqiqat işlərinin təcrübi və tətbiqi əsasları” Gənc Alimlərin Elmi Konfransının Materialları”” (2012), “Gənc Alimlərin I Respublika İnnovativ İdeya Yarmarkası” (2010), “Молодежь в науке”, Sayid Muctaba Rukni Musavi Larinin “Молодежь и нравственность”, Aybəniz İsmayılovanın “Молодежь и средний класс в произведениях английских писателей 60-х-70-х гг. ХХ в.”, Eldar Həsənovun “Gənclər arasında narkotizmin qarşısının alınması sahəsində daxili işlər orqanlarının fəaliyyəti”. (1993), Balaş Azəroğlunun “Gənclik dostlarım” (1950), Abdulla Nuruşovun “Gənc riyaziyyatçılara kömək” (1975), Aleksandr Fadeyevin “Gənc qvardiya” (1975), “Prezident İlham Əliyev və idmanımızın 5 ili” (2008) və s. yer alıb.
Təqdim olunan kitablarda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu günün təsis edilməsi ilə bağlı imzaladığı Fərman, dahi liderin müxtəlif illərdə uşaq və gənclərlə bağlı tədbirlərdəki çıxışları, nitqləri və təbrikləri yer alıb. Materiallarda 2003-cü ilin oktyabrından bu günədək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə idmanın inkişafı ilə bağlı məqsədyönlü və ardıcıl fəaliyyəti əks olunub. Həmçinin Prezident İlham Əliyevin bu sahənin inkişafı yolunda keçirdiyi görüşlərdən, idmançıların və bədən tərbiyəsi sahəsində çalışanların sosial müdafiəsinin gücləndirilməsi yönündə gördüyü işlərdən, imzaladığı fərman və sərəncamlardan bəhs olunur. Nəşrlərdə gələcəyimiz olan gənclərin təlim-tərbiyə edilməsi yolları, maarif sahəsində keçmiş ənənədən gələcək perspektiv, ömürlərini təhsil sahəsində şam kimi əritmiş maarifçilərin həyat yolu, o cümlədən gənc alimlərin elmi konfransdakı çıxışları yer alıb.
Qeyd edək ki, oxucular virtual ilə yanaşı həmin kitablarla Mərkəzi Elmi Kitabxananın sərgi salonunda daha yaxından tanış ola bilərlər.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi