azia.az
azia.az

Vəkilliyə artan maraq: Test imtahanında namizədlər üçün ayrılmış yerlərin 96 faizi artıq dolub

17-01-2022, 15:30

Vəkilliyə artan maraq: Test imtahanında namizədlər üçün ayrılmış yerlərin 96 faizi artıq dolub
Xəbər verdiyimiz kimi, martın 6-da Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının yazılı test mərhələsi keçirilicək.

E-huquq.az-ın məlumatına görə, imtahana 2 aydan çox müddət qalmasına baxmayaraq, nəzərdə tutulmuş 320 yer üzrə artıq 308 namizəd sənədlərini təqdim edib. Şübhəsiz ki, bu, vəkilliyə marağın göstəricisi kimi qəbul oluna bilər.

Ümumiyyətlə, son illər Azərbaycanda vəkilliyə marağın əhəmiyyətli dərəcədə artdığını görürük. Hüquq ictimaiyyəti, bir çox ictimai-siyasi xadimlər və millət vəkilləri də ölkəmizdə vəkilliyin nüfuzunun artdığını bildirirlər. Onlar bunu son illər bu sahədə aparılan islahatlarla əlaqələndirirlər. A.Bağırovun Vəkillər Kollegiyasının rəhbərliyinə gəlişindən sonra vəkillik institutunun nəzərəçarpacaq dərəcədə gücləndiyi xüsusilə vurğulanır.

Bu gün vəkillik fəaliyyəti ölkəmizdə kifayət qədər perspektivli sahəyə çevrilib. Xüsusən də gənc hüquqşünasların əksəriyyəti vəkil olmağa üstünlük verirlər. Ötən ilin sonunda vəkilliyə qəbul olunmuş 113 nəfərin əksəriyyətini gənclərin təşkil etməsi də bu marağın göstəricisidir.

Son 3 il ərzində Azərbaycanda vəkillərin sayı iki dəfədən çox artıb. Bu sahədə aparılan islahatlar və şəffaf qəbul prosesi nəticəsində vəkillərin sayı 2132 nəfərə çatıb. Eyni zamanda vəkil qurumlarının sayı da 2,5 dəfə artaraq, 110-a çatıb. Büroların hər biri vətəndaşlara yüksək keyfiyyətli və peşəkar hüquqi yardımın göstərilməsi üçün bütün lazımi şəraitlə təmin olunub.

Vəkillik sahəsində əldə olunan uğurlar təkcə kəmiyyət deyil, keyfiyyət göstəricilərində də özünü büruzə verir. Belə ki, son illər vətəndaşlara göstərilən hüquqi yardımın keyfiyyəti xeyli dərəcədə artırılıb, aztəminatlı ailələr üçün mütəmadi olaraq ödənişsiz hüquqi yardım aksiyaları təşkil olunub. Bu aksiyalar, həmçinin şəhid ailələrini və qazilərimizi də əhatə edib.

Eyni zamanda dövlət hesabına göstərilən hüquqi yardım sahəsində böyük islahatlar aparılıb. Təkcə 2021-ci ildə 30 minə yaxın Azərbaycan vətəndaşına dövlət hesabına hüquqi yardım göstərilib. Vəkillər bu sahədə də üzərlərinə düşən hüquq və vəzifələri layiqincə yerinə yetirirlər.

Vəkillər Kollegiyası beynəlxalq səviyyədə də kifayət qədər fəallıq göstərir. Belə ki, Kollegiya müxtəlif ölkələrlə vəkillik sahəsində əməkdaşlıq münasibətlərini genişləndirir, regional və beynəlxalq təşəbbüslərə töhfə verir. Bütün bunlar Azərbaycan vəkilliyinin ölkəmizdən kənarda da nüfuz qazanmasında mühüm rol oynayır.

Bütün bu uğurların nəticəsidir ki, Vəkillər Kollegiyası bu gün cəmiyyətin də inamını qazanıb, güclü və nüfuzlu təsisatlardan birinə çevrilib.

Aparılan islahatlar və vəkilliyə olan maraq onu deməyə əsas verir ki, növbəti illərdə Azərbaycanda vəkillərin sayı daha da artacaq və vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsində müstəsna rol oynayan vəkillik institutu nüfuzlu təsisat kimi daha da möhkəmlənəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi