Azərbaycan Laçın dəhlizində nəzarət mexanizmləri yaratmalıdır
Müharibədən sonra ermənilər dünyanın müxtəlif ölkələrindən Xankəndinə və işğal altında saxladıqları digər torplaqlarımıza terroristləri daşımağa başladılar. Ermənilərə məxsus təşkilatlar Xankəndidə ofislər açdılar, hətta “Hayastan” fondu bütün erməni lobbi təşkilatları və iş adamları ilə birlikdə “Xankəndidə möhkəmlənməyin üsulları” ilə bağlı geniş müzakirələr apardı və qərara aldılar ki, dünyanın müxtəlif ölkələrində yerləşən erməni təşkilatlarının orada nümayəndəliklərini yaratsınlar. Erməni diversantları Bakıda mühakimə olunarkən açıq şəkildə etiraf edirdilər ki, onlar Rusiya sülhməramlılarının gözünün qarşısında Azərbaycan ərazisinə keçiblər.
Bəs bu günlərdə nə baş verdi? Fransada keçiriləcək prezident seçkilərinə Respublikaçılar partiyasının namizədi Valeri Pakrezin dekabrın 22-də Xankəndiyə qanunsuz səfər etdi. Əslində bu, Azərbaycan üçün ciddi siqnala çevrilməlidir.
Ermənilər Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazilərinə silah-sursat daşıyır, orada fondlar yaradır, hərbi istehkamlar düzəldir, yaşayış binaları tikir və “dövlət strukturlarının əməkdaşları” adı altında terrorçuları oraya toplayır. Ermənistanda revanşist qüvvələr isə “qisas günü”nün çatacağını bəyan edirlər, Xankəndidə yaşayan azyaşlı uşaqlara hərbi təlimlər keçirilir. Bəs biz bu proseslərin qarşısını almaq üçün hansı addımları atırıq?
Məsələn, Laçın dəhlizinə, ruaların nəzarət etdiyi, ermənilərin isə sərbəst hərəkət etdiyi bu əraziyə hansı nəzarət imkanlarımız var?
Laçın dəhlizinə birgə nəzarət məsələsi zaman-zaman gündəmə gəlsə də, Rusiya bu məsələdə öz “alternativsizliyini” hələki qorumağı bacarıb.
Ağdam Rusiya və Türkiyə hərbçilərinin birgə fəaliyyəti təmin edilibsə, bu nümunə Laçında nə üçün həyata keçirilmir?
Məsələ bundadır ki, məhz Rusiya sülhməramlılarının gözünün qarşısında Azərbaycan torpaqları, Xankəndi “terror yuvası”na çevrilir. Bunun Azərbaycan üçün gələcək riskləri isə Rusiyanı qətiyyən narahat etmir. Əksinə Rusiya 10 noyabr razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri icra etmir, razılaşmanın 6-cı maddəsində nəzərdə tutulan məsələləri, eləcə də dəhlizə nəzarət funksiyasını ermənilərin maraqları üzərində qurur. Dəhlizlərə birgə nəzarətlə bağlı dünyada müxtəlif nümunələr də var. Bu məsələ də nəzərdən keçirilməli idi. Nəzərə almaq lazımdır ki, 10 noyabr 2020-ci il il razılaşmasından başqa Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətini tənzimləyən, yaxud sülhməramlıların imkan və səlahiyyətlərini artıran əlavə heç bir hüququ sənəd də yoxdur.
Zəngəzur dəhlizi açılacaq deyə, biz Laçın dəhlizini tamamilə sahibsiz və nəzarətsiz qoymalıyıqmı?
Halbuki, üçtərəfli bəyanatda qeyd olunur ki, Rusiya hərbi kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Ancaq indi nə baş verir? Rusiya sülhməramlılarının xüsusi mühafizəsi altında Qarabağa terrorçular daşınır və onlar Xankəndidə “polis qüvvələri” adı altında yerləşdiriliblər. Necə olur ki, Xankəndinə ermənilər köçürülür, azərbaycanlıların oraya köçürülməsinin yollarının icrası ilə bağlı isə xırda müzakirə belə yoxdur.
Prezident İlham Əliyev Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşündən sonra keçirilən mətbuat konfransında bildirdi ki, Zəngəzur dəhlizi də Laçın dəhlizi kimi olmalıdır: “Laçın dəhlizində heç bir post yoxdur. Təbii ki, Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, biz də Laçın dəhlizində gömrük postu açacağıq. Biz hər iki varianta açığıq. Ya hər iki tərəfdən olmalıdır, ya da olmamalıdır”.
Həqiqətən də olduqca ciddi, tarixi və maraqlı bir situasiya yaranıb. Ümid edirəm ki, Laçın və Zəngəzur dəhlizinə yanaşmanın eyniləşdirilməsinin gələcək perspektivlərini və risklərini nəzərə alınıb.
Ancaq tutaq ki, Zəngəzur və Laçında post, nəzarət məntəqəsi yoxdur və hər iki tərəfin razılığı ilə sərbəst hərəkət təmin edilmiş oldu. O zaman Ermənistan bundan sonra Laçın dəhlizi vasitəsilə Xankəndidə, digər ərazilərimizdə hansı işləri görəcək? Yuxarıda sadalanan və ermənilərin atdıqları addımları Azərbaycan üçün təhlükə hesab etmək olmazmı? Qəbul etməliyik ki, bizim oranı tam nəzarətsiz hala gətirməyimiz suverenliyimizə təhdid vasitəsinə çevrilə bilər.
Əminliklə demək olar ki, əgər ermənilər Qarabağda güclənsələr, 10, 20, 30 il sonra Azərbaycanın düşə biləcəyi hansısa ağır situasiyadan yararlanaraq yenidən işğalçılıq əməlllərinə əl atacaqlar. Bu, aksiomadır. Belə bir iddia ilə, məsələn, xüsusilə Şuşa ilə bağlı erməni cəmiyyəti də, iqtidarı da, müxaifəti də eyni düşüncənin sahibi olaraq çıxış edir. Azərbaycan ərazisində Ermənistan üçün, Ermənistan ərazisində isə Azərbaycan üçün dəhliz açılır. Ancaq bunun Laçın dəhlizi iləbağlı olan hissəsində ciddi mexanizmləri üzərində iş aparılmalıdır.
Laçın dəhlizində Azərbaycan nəzarət mexanizmləri yaratmalıdır.
Sülhməramlıların nəzarət etdiyi həmin 5 kilometrlik ərazi nəzarətə alınmalı, orada nəzarət buraxılış məntəqələri yaradılmalı, kameral nəzarət təmin edilməli, hüquq-mühafizə orqanlarının xidməti yaradılmalıdır. Dəhlizə nəzarəti perimetrik olaraq da həyata keçirmək mümkündür. Dəhlizə nəzarət mexanizmlərini tezliklə hazırmalıyıq, çünki sülhməramlıların dəhlizdə olduğu müddət ərzində ermənilər tam şəkildə güclənməyə başlayacaq.
Bir məqama diqqət edək:
- Bir tərəfdən Zəngəzur dəhlizi vasitəsilə Ermənistan nəfəslik əldə etmiş olacaq, ciddi iqtisadi imkanlardan yararlanmaq şansı qazanır və Rusiya ilə də nəqliyyat əlaəsi bərpa olunur
- O biri tərəfdən də Laçın dəhlizi vasitəsilə işğalda saxladıqları ərazilərdə özünü gücləndirir və Ermənistanla rabitə yaradan bu dəhlizi 4 il sonra alternativ yol əvəz edəcək. Yəni hər iki dəhlizdən nəfəslik kimi istifadə etməyi düşünür.
Azərbaycanın sülhməramlı kimi təcrübəsi var. Hətta Əfqanıstandakı sülhməramlı missiyamıza NATO tərəfindən nümunəvi hal kimi təqdim olundu. Bu məsələ də önə çəkilməlidir. Yaxud necə olur ki, Türkiyənin də iştirakı ilə reallaşan Ağdamdakı monitorinq mərkəzini Laçında reallaşdırmaq mümkün olmur!?
Biz Laçın dəhlizini nəzarətsiz qoysaq, daha ciddi bir problemlə üz-üzə dayanmalı olacağıq. Məsələn, bir mühüm məqamı qeyd edim. 2008-ci ildə Rusiyaya bağlı müxtəlif şəxslər Abxaziyaya gizli səfərləri təşkil olunurdu. Nəticədə Rusiya Abxaziyanın da, Cənubi Osetiyanın da müstəqilliyini tanımış oldu.
Fransada prezidentliyə namizədin Qarabağa səfəri təsadüfi xarakter daşımır. Bu, seçkiöncəsi həm Fransada yaşayan ermənilərdən dəstək almaq üçün daxili auditoriyaya hesablanmış addımdır, həm də ümumən Ermənistana verilən vəddir.
Əgər gələcəkdə biz Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasını tələb etsək və bu tələb Moskvanın strateji maraqlarına cavab verməsə, ilk atılan addım Fransanın ermənilərə verdiyi vədi yerinə yetirməsi olacaq.
Düzdür, bu, nəticəni dəyişməyəcək, neçə ki bütün dünya və benəlxalq təşkilatlar Abxaziyanı da, Cənubi Osetiyanı da Gürcüstan ərazisi kimi tanıyır. Ancaq bununla belə biz gələcəkdə gözlənilən risk və təhlükələrlə indidən ciddi işlər həyata keçirməliyik.
Müəllif: Samir Feyruzov