Vətənimizdən işğalçıları qovmaq haqq və hüquq mübarizəsidir
Şaiq MİRZƏYEV,
hüquq elmləri üzrə fəlsəfə doktoru,
“AZGRANATA” MMC-nin İdarə Heyətinin sədri
Xalqımız torpaqlarımızın işğaldan azad ediləcəyi günü çoxdan gözləyirdi. Çünki 1994-cü ildən aparılan sülh danışıqları ATƏT-in Minsk qrupunun səriştəsizliyinə görə nəticəsiz qalırdı. Ona görə Ermənistanın təxribatından sonra Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusunun əks-hücuma keçməsini xalqımız coşqu ilə qarşıladı. Döyüşlərin başladığı gündən xalqımız bu müqəddəs amal uğrunda yumruq kimi birləşdi. Hər bir azərbaycanlı bu müharibədə Ali Baş Komandan, cənab İlham Əliyevin ətrafında səfərbər oldu. Məramından, baxışlarından asılı olmayaraq, bütün siyasi partiyalar dövlət başçısı ilə həmrəy olduqlarını bildirdi.
Ermənistan-Azərbaycan münaqişəsinə dair ən mühüm sənədlər BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdir. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan ərazisindən çıxarılması tələb edilir. Bu qətnamələrin hər biri BMT TŞ-nin iclaslarında yekdilliklə qəbul edilib.
822 saylı qətnamə BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü il aprelin 30-da qəbul edilib. Sənəddə işğalçı qüvvələrin Azərbaycanın Kəlbəcər rayonunu və digər işğal olunmuş rayonları dərhal tərk etməsi tələb olunur.
1993-cü ilin iyul ayının 23-də Ermənistan silahlı birləşmələri Azərbaycanın Ağdam rayonunu işğal etdi. Bu hadisə göstərdi ki, Ermənistan BMT TŞ-nin qəbul etdiyi 822 saylı qətnaməyə əhəmiyyət vermir. BMT TŞ-nin iyulun 29-da keçirilən iclasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair 853 saylı qətnamə qəbul olundu. Sənəddə bütün hərbi əməliyyatların dərhal dayandırılması, işğalçı qüvvələrin Ağdam rayonundan və Azərbaycanın digər işğal edilmiş rayonlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilir. Qətnamədə həmçinin Azərbaycan vətəndaşlarının bir hissəsinin məcburi köçkün kimi yaşamasından narahatlıq ifadə olunur.
1993-cü ilin avqustunda Ermənistan Azərbaycanın digər rayonlarını işğal etmək üçün yeni hərbi əməliyyatlara başladı. Cəbrayıl, Füzuli və Qubadlı rayonları işğal edildi. 1993-cü il oktyabrın 14-də BMT TŞ yenidən Dağlıq Qarabağ problemini müzakirəyə çıxararaq 874 saylı qətnamə qəbul etdi. Mahiyyət etibarilə bu qətnamə əvvəlkilərdən fərqlənmirdi.
1993-cü ilin oktyabrında Ermənistanın beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə etinasızlığı özünü daha açıq şəkildə göstərməklə Ermənistan silahlı qüvvələri Azərbaycanın Zəngilan rayonunu işğal etdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü il noyabrın 12-də qəbul etdiyi 884 saylı qətnamədə Azərbaycanın Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı pislənilir və işğalçı qoşunların həmin ərazilərdən, eləcə də Minsk qrupunun iclasında razılaşdırılmış “BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 saylı qətnamələrini icra etmək üçün təcili addımlara dair yenilənmiş vaxt cədvəli”nə uyğun olaraq işğalçı qoşunların Azərbaycanın işğal edilmiş digər ərazilərindən çıxarılması da tələb edilir.
Təəssüf ki, bu 27 ildə BMT Ermənistana qarşı təsirli mexanizmlərin işə salınmasına maraq göstərməyib. Baxmayaraq ki, BMT-nin ayrı-ayrı dövlətlərlə bağlı qətnamələrinin ən qısa vaxtda icra olunmasına dair təcrübədə nümunələr mövcuddur. O cümlədən danışıqlarda vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən işğalçı Ermənistana heç bir təzyiq göstərilmədi. BMT və Minsk qrupunun həmsədr ölkələri TŞ qətnamələrini görməməzliyə vururlar. Müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar qətnamələrə istinad etdikləri halda onlar həmin sənədlərə toxunmurlar. Ermənistana qarşı təzyiqlərin olmaması işğalçının özünü cəzasızlıq mühitində hiss etməsinə gətirib çıxardı. Bu ölkə beynəlxalq hüququ və qətnamələri ayaq altına ataraq öz qoşunlarını nəinki Azərbaycan ərazilərindən çıxartdı, əksinə, işğalı möhkəmləndirmək və Azərbaycan torpaqlarını ilhaq etmək xətti tutdu.
Prezident İlham Əliyev mötəbər beynəlxalq təşkilatların tribunalarından daim Ermənistanın işğalçılıq siyasətini ifşa edib, BMT-nin bu 4 qətnaməsinin yerinə yetirilmədiyini diqqətə çatdırıb. Ermənistanın işğalçı siyasətinə göz yuman və öz laqeydlikləri ilə bu işğala rəvac verən ayrı-ayrı beynəlxalq təşkilatlar və dövlətlər isə Azərbaycanın uğurlu hərbi əməliyyatları başlayandan sonra atəşi dayandırmağa, problemi danışıqlar masası ətrafında həll etməyə çağırırlar. Bu həmin təşkilatlar və dövlətlərdir ki, 30 ilə yaxın müddətdə bir dəfə də olsun Ermənistanın Azərbaycan torpaqlarının işğalına etiraz etməyiblər. Deklorativ bəyanatlar istisna olmaqla bir dəfə də olsun Ermənistanın bu normanı pozmasına görə kəskin etirazlarını bildirməyiblər, işğalçıya qarşı təsirli mexanizmlərin işə salınmasında, BMT-nin məlum qətnamələrinin yerinə yetirilməsində maraqlı olmayıblar.
Bu gün rəşadətli Azərbaycan Ordusu beynəlxalq hüququ, ədaləti əməldə təmin edir. Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı və digər rayonların işğaldan azad edilməsi onu göstərir ki, Azərbaycan BMT-nin 30 ilə yaxın müddətdə icra etmədiyi 4 qətnaməsinin tələblərini, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığına dair beynəlxalq hüququn şərtlərini işğal olunmuş ərazilərimizdə inamla reallaşdırdı. Hərbi əməliyyatlar və Ermənistanı cəzalandırma tədbirləri isə həmin qətnamələrin tələbləri tam yerinə yetirilənə, işğala son qoyulana qədər davam edəcək.
Şanlı Azərbaycan Ordusu torpaqlarımızı azad etməklə tarixi ədaləti inamla bərpa etdi. Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında dünyanın ən güclü orduları sırasındadır.
İkinci dəfə hakimiyyətə qayıdandan sonra ərazi bütövlüyümüzü təmin etmək planları çərçivəsində, işğal olunmuş Füzuli rayonu ərazisində ulu öndərin rəhbərliyi ilə Horadiz əməliyyatı aparıldı. Uğurlu Horadiz əməliyyatı nəticəsində Füzuli rayonunun 20-dən çox yaşayış məntəqəsi, o cümlədən Horadiz qəsəbəsi işğalçılardan azad edildi.
Şanlı Ordumuz Horadiz əməliyyatının davamı olaraq, 2016-cı ilin aprelində yüksək strateji əhəmiyyətə malik Lələtəpə və Talış yüksəkliklərini düşməndən azad etdi. 1992-ci ildə erməni silahlı birləşmələrinin işğal etdiyi Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi, “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi, “Qızılqaya” dağı və “Mehridağ” 2018-ci ilin may ayında düşmən işğalından azad edildi.
Ötən ildən başlayaraq Ermənistanın baş naziri, Sorosun göstərişlərini icra edən Nikol Paşinyanın yürütdüyü siyasət danışıqların aparılmasını tamamilə mənasız etmişdi. Hakimiyyətə gəldikdən sonra Dağlıq Qarabağ problemi ilə bağlı ziddiyyətli açıqlamalar verən, danışıqların formatının dəyişdirilməsini istəyən Paşinyanın “Qarabağ Ermənistandır” bəyanatı, Azərbaycanın qarşısında 7 şərt qoyması, nəhayət bu ilin iyulunda Tovuza hücum etməsi bu ölkə ilə sivil danışıqları tamamilə mənasız etmişdi. Bunların davamı kimi avqustda Goranboy istiqamətində diversiya-kəşfiyyat təxribatı, Azərbaycanın işğal olunmuş ərazilərində Livandan gətirilən ermənilərin qeyri-qanuni məskunlaşdırılması, Şuşada qondarma rejimin yeni seçilmiş rəhbərinin andiçmə mərasiminin keçirilməsi göstərdi ki, Ermənistanla danışıqlar aparılmasının heç bir mənası yoxdur.
Bu məsələlər, o cümlədən Ermənistanın cəbhə zonasına yeni hərbi qüvvələr cəmləməsi Azərbaycan tərəfindən zamanında beynəlxalq təşkilatların diqqətinə çatdırılmışdı. Prezident İlham Əliyev sentyabrın 21-də BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda demişdi ki, hərbi təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən də Prezident İlham Əliyev son dövrlərdə baş verən bütün prosesləri, Ermənistanın iyul təxribatını, Azərbaycana diversiya qrupu göndərdiyini onun diqqətinə çatdırdı.
Sentyabrın 27-dən sonra baş verənlər Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyəti xəbərdar etməkdə nə qədər haqlı olduğunu göstərdi. Xəbərdarlıqlardan nəticə çıxarmayan, Azərbaycan torpaqlarında ikinci erməni dövləti qurmaq istəyən, son dövrlər təxribatlarını daha da artıran Ermənistan indi tarixinin ən ağır günlərini yaşayır. Cəbhədə baş verənlər sentyabrın 27-dən başlayaraq 44 gün ərzində bir daha göstərdi ki, Azərbaycanda ordu quruculuğu ən yüksək səviyyədə həyata keçirilib. Ordumuz ən müasir metodlarla döyüş əməliyyatları apardı. Hətta dünyanın ən güclü ordularına malik dövlətlərindən olan ABŞ və Hindistanın generalları Azərbaycanın həyata keçirdiyi əməliyyatları təqdir edirlər. Təbii ki, ordumuzun bu cür yüksək döyüş imkanlarını mənimsəməsində qardaş Türkiyənin böyük rolu var. Hərbi gücünə görə NATO-nun liderlərindən olan Türkiyə ilə Azərbaycan arasında müdafiə sahəsində uzun illərdən bəri dərin əməkdaşlıq mövcuddur. Qardaş ölkə Azərbaycan Ordusunu NATO-nun standartlarına uyğunlaşdırılmasına, müdafiə sənayesi kompleksinin inkişafına mühüm töhfələr verib. Belə bir ölkənin ordusu ilə hər il birgə hərbi təlimlərin keçirilməsi isə Azərbaycan Ordusunun ən müasir döyüş imkanlarını mənimsəməsində böyük rol oynayır.
Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyən Ermənistan bu günlərdə ölkəmizin ayrı-ayrı yaşayış məntəqələrini atəşə tutmaqla növbəti dəfə müharibə cinayətlərinə imza atdı. Beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyalarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozan Ermənistan Azərbaycana qarşı növbəti təcavüz və terror aktı törətdi. Həm bizim mülki vətəndaşlara, həm də hərbçilərimizə qarşı hərbi cinayət törətdi. Döyüş bölgəsindən kifayət qədər kənarda yerləşən Gəncənin üç dəfə ballistik raketlə atəşə tutulması nəticəsində 27 nəfərin, Tərtərdə qəbiristanlığın atəşə tutulması ilə 3 nəfər mülki şəxsin qətlə yetirilməsi Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətlərdir. Bütün bunlar dünyanın gözü qarşısında baş versə də, beynəlxalq təşkilatlar sanki görməzdən gəlirlər. Dünya sussa da, Azərbaycan Ordusu öz sözünü deyərək, torpaqlarımızı azad etməklə həm də qətlə yetirilən günahsız mülki vətəndaşlarımızın da intiqamını almış oldu.
Bu şərəfli və məsuliyyətli günlərdə hamı işğal altındakı torpaqlarımızın azad olunması, müstəqil dövlətçiliyimizin qorunması və daha da inkişaf etdirilməsi naminə Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında daha sıx birləşdi. Torpaqlarımızın azadlığı uğrunda başlanmış və qələbə ilə nəticələnən bu müharibədə də hər birimiz yüksək döyüş ruhu ilə dövlətimizin, Silahlı Qüvvələrimizin və onun Ali Baş Komandanının yanındayıq.
Bu bir həqiqətdir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında qüdrətli Ordumuz işğal altındakı bütün torpaqlarımızı azad edərək Vətənimizin ərazi bütövlüyünü təmin etdi və şanlı bayrağımızı Şuşada dalğalandırdı!
Biz Vətənimiz uğrunda, torpaqlarımızı işğaldan azad etmək üçün vuruşduq! Apardığınız mübarizə bir haqq və hüquq mübarizəsidir, öz vətənimizdən işğalçıları qovmaq insan haqları sahəsində bir mübarizədir. Bu, beynəlxalq hüququn da, insan vicdanının da, insan əxlaqının da ən təbii və doğru haqqıdır. Hamımızın qəlbi Ali Baş Komandanın irəli sürdüyü “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” şüarı ilə döyünür. Qələbə bizimlədir.