azia.az
azia.az

Bakı hərbi əməliyyatlara bu vaxt başlayacaq - Dekabrın 15-də Ermənistan...

9-12-2021, 13:42

Bakı hərbi əməliyyatlara bu vaxt başlayacaq - Dekabrın 15-də Ermənistan...
Azərbaycan yeni müharibəyə və ya ən azı, Ermənistanı dövlət sərhədi xəttinin müəyyənləşdirilməsinə məcbur etmək üçün hərbi əməliyyatlara başlaya bilər.

Azia.az xəbər verir ki, bunu Axar.az-a açıqlamasında rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov bildirib.

Onun sözlərinə görə, əgər Azərbaycan cəmiyyətində bir müddət öncə Zəngəzur nəqliyyat dəhlizinin Azərbaycan tərəfindən Ermənistana qarşı hərbi təzyiq olmadan açılacağına əminlik mühiti mövcud idisə, bu gün artıq belə gözləntilər yoxdur və Prezident İlham Əliyevin bu mövzuda dünənki bəyanatı insidentlərin bu cür transformasiyasını yalnız təsdiq edir.

“Mən əminəm ki, Prezident Əliyevin Zəngəzur nəqliyyat dəhlizinin açılışının dəqiq tarixi barədə sualı Ermənistan tərəfindən cavabsiz qalacaq. Hətta bu sual heç dekabrın 15-də Brüsseldə Baş nazir Paşinyanla görüş zamanı da cavablanmayacaq. Brüssel Bakının yox, İrəvanın meydanıdır. Bu görüşü səbirsizliklə gözləyən də məhs Ermənistandır. Artıq hamıya bəlli olur ki, İrəvan öz xoşu ilə üçtərəfli sazişin tələblərini yerinə yetirmək istəməyəcək”, - deyə həmsöhbətimiz qeyd edib.

Kuznetsovun fikrincə, mövsümi təbii-iqlim şəraitinə və ərazinin xarakterinə görə Zəngəzur istiqamətindəki istənilən hərbi fəallıq çox çətin olacaq:

“Dağlarda, qış aylarında yayla müqayisədə hərbi əməliyyat aparmaq ikiqat, üçqat mürəkkəbdir. Buna görə də “Zəngəzur dəhlizinin açılmasına məcburetmə əməliyyatı”nın fəal fazasını gözləmirəm.

Bütün bunlarla yanaşı, əgər Ukrayna ətrafında hərbi-siyasi gərginlik qış aylarında öz pik nöqtəsinə çatsa, dünyanın diqqəti məhz bu regiona yönələcək. Bu halda Azərbaycan bu “səs-küy”dən istifadə edərək Zəngəzur məsələsini birdəfəlik həll edə bilər. Qışa, çətinliyə baxmayaraq, Azərbaycan Ordusu bu missiyanı da layiqincə yerinə yetirə biləcək. Azərbaycan Ordusu istənilən yerdə, istənilən hava şəraitində hərbi əməliyyatlar teatrı çərçivəsində döyüşlər aparmaq üçün kifayət qədər təchiz edilib və hazırlanıb.

Onu da qeyd edim ki, İlham Əliyev hazırda bir sözü ilə regionun taleyini dəyişə biləcək yeganə şəxsiyyətdir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi