İtaliya mətbuatı Qarabağdakı minalardan YAZDI
İtaliyanın nüfuzlu “il Giornale” qəzetinin və həmin qəzetə bağlı “Insideover” analitik portalının jurnalisti Emanuel Pietrobonun ölkəmizə səfəri ilə bağlı silsilə yazıları davam edir. Bu xüsusda, növbəti məqalə kimi müəllifin “Qarabağ, normal həyata dönməyi ləngidən minalar” sərlövhəli məqaləsi işıq üzü görüb.
Azia.az xəbər verir ki, müharibənin rəsmi olaraq noyabrın 9-da son çatmasına baxmayaraq, Cənubi Qafqazın açıq damarında müharibədən sonrakı problemlərin qalmaqda olduğunu deyən müəllif müharibədən qalib çıxmış və regionun lider dövləti olan Azərbaycanda Gəncənin bombalanmasının qoyduğu izlərlə yanaşı, azad edilmiş ərazilərin minalardan təmizlənəsi, bərpası və yenidən qurulması kimi məqsədlərin olduğunu qeyd edib.
E.Pietrobon müharibənin bitməsinə baxmayaraq, minaların partlaması səbəbindən Qarabağda insanların hələ də həlak olduğunu deyir və diqqəti həyatını itirmiş çoxsaylı hərbçilərin, mülki vətəndaşların və jurnalistlərin sayına çəkib. O bildirir ki, Azərbaycanın öz suverenliyini bərpa etdiyi ərazilərdə ermənilər tərəfindən 1990-cı illərdən etibarən basdırılması və onların xəritəsinin təqdim edilməməsi səbəbindən həddən artıq sayda insan həyatını itirir. Bu xüsusda müəllif Ağdam, Füzuli və Zəngilanda basdırılmış minaların sayı barədə məlumat verərək onların çox bir hissəsinin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən zərərsizləşdirildiyini və bu istiqamətdə işlərin davam etdirildiyini diqqətə çatdırır.
“Minalara diqqət” lövhəsinin işğaldan azad edilmiş ərazilərdə tez-tez rast gəlindiyini bildirən müəllif qeyd edir ki, bu ərazilərdə istər hərbçilər, istərsə də mülki vətəndaşlar ehtiyatlı davranmalıdırlar, çünki hər atılan addım son addım ola bilər. O bildirir ki, yenidən canlandırılan Füzuli və Şuşadan keçərkən ruhlar şəhəri Ağdamdan açıq məzarlıq Cəbrayıla qədər hər yerdə ingilis və Azərbaycan dillərində xəbərdarlıq lövhələri yerləşdirilib. Müəllif Qarabağın postsovet məkanında ən yüksək mina sıxlığına malik olduğunu, hətta planetdə ən çox minalanmış ərazilərdən biri olduğunu vurğulayır.
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərində basdırılmış minaların dəqiq sayının bəlli olmadığını bildirən E.Pietrobon mövcud problemin ağırlığını faktlar və rəqəmlərlə göstərir, bu xüsusda, səfərdə olduğu Füzuli rayonunda hər 1 metr ərazidə birdən çox minanın basdırıldığını diqqətə çatdırır.
Sonda müəllif qeyd olunanlara rəğmən cəsur ANAMA heyəti sayəsində ərazilərin təmizlənməsi istiqamətində işlərin aparıldığını və Azərbaycan ərazilərinin getdikcə canlandırıldığını bildirir.//unikal