azia.az
azia.az

İkinci qayıdış: Saakaşvili Gürcüstana nə gətirəcək?

30-08-2020, 14:38


Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili yenidən ölkəyə qayıdacağını bildirib.
İkinci qayıdış: Saakaşvili Gürcüstana nə gətirəcək?
Mixeil Saakaşvili yaydığı videomüraciətində bildirib ki, keçmiş Gürcüstan hakimiyyətinin çox ciddi səhvləri var idi. Milli Hərəkat Partiyasının hakimiyyəti illərində edilən səhvlərə görə üzr istəyən Saakaşvili ölkədəki parlament seçkilərinin nəticələrinə uyğun olaraq Gürcüstana qayıdacağını bildirib.

Eyni zamanda sabiq prezident onları Gürcüstan dövlətini qurmağın uğurlu tarixi prosesinin iştirakçısına çevirən gürcü xalqına son dərəcə minnətdar olduğunu bəyan edib. Qeyd edək ki, Saakaşvili Gürcüstanda hakimiyyətdə olarkən hər zaman Azərbaycanla strateji əməkdaşlığa önəm verib.

Maraqlıdır, Saakaşvilinin Gürcüstanda yenidən hakimiyyət başına qayıtma şansı nə qədərdir? Azərbaycan Gürcüstanda öz maraqlarına uyğun siyasi qüvvənin iqtidara gəlməsinə yardımçı ola bilərmi?

"Borçalı" Cəmiyyətinin sədri, politoloq Zəlimxan Məmmədli “Cümhuriyət”ə açıqlamasında Saakaşvilinin Gürcüstandan didərgin salınmasının səbəblərindən danışıb:

“Saakaşvili postsovet məkanında özünəməxsus islahatların müəllifidir və tarixdə də belə qalacaq. Hər halda, Rusiyanın, despotik rejimlərin, kommunist mafiyasının mövcudluğu şəraitində, Gürcüstan kimi bir dövlətdə Saakaşvili demokratiyanı bərqərar etdi və buna görə tarixi şəxsiyyətdir. Saakaşvilinin Gürcüstandan didərgin düşməsinin kökündə də onun ifrat milli demokrat olması durur. Öz taleyimi də onunku ilə oxşar hesab edirəm. Çünki eyni dəyərlər üçün 7 ildir mən də Gürcüstana buraxılmıram. Bu da o deməkdir ki, Gürcüstanda rejim anti-demokratikdir. Biz də Gürcüstanda despotik bir rejimin, yəni rus yanlısı bir rejimin ağrısını yaşıyırıq. Saakaşvilinin qayıtmaq şansı var. O, əvvəl də bir neçə dəfə bu fikirlə çıxış edib. Lakin indi qəti şəkildə deyirsə ki, gəlirəm, gələcək. Uzağı bir müddət yeri həbsxana olacaq. Amma bunun özü yenidən xalq hərəkatının dirçəlməsi və dayanmış islahatların işə düşməsi ilə nəticələnə bilər. Oktyabr ayında Gürcüstanda parlament seçkiləri keçiriləcək. Əgər Saakaşvili tərəfdarları bu seçkilərdə üstünlük əldə edə bilərlərsə və ya eyni platformanı bölüşən müxalifət koalisiya yaratma imkanları olarsa, onda Saakaşvili yenidən hüquqi formada iqtidarda Baş nazir postunda təmsil oluna bilər. Bu baxımdan onun şansı var. Amma onun vaxtilə qurduğu və "nömrə 5" olan Birləşmiş Milli Hərəkat Partiyasının həmin gücdə olduğunu deyə bilmərəm. Amma yenə də onların koalisiya yaratmaq, birgə olmaq və yarımçıq qalan idealları davam etdirmək imkanları tükənməyib”.

Politoloq hesab edir ki, Gürcüstanda milli demokratik qüvvələrin hakimiyyətə gəlməsinə dəstək vermək mümkündür:

“Öz maraqlarına xidmət edən siyasi qüvvəninin iqtidara gəlməsində yardımçı olmaq, əsasən, dərin dövlətlərin işidir. Bunu nümayişkaranə formada isə edə bilməzlər, mümkün deyil. Beynəlxalq hüquqda da daxili, xüsusən də siyasi işlərə qarışmaq yasaqdır. Amma ağıllı dövlət müəyyən işlər görə bilər. Bizim hakimiyyət də ağılla hərəkət edib, milli zehniyyətindən irəli gələrək bu addımları ata bilər. Hətta müəyyən cinahla anlaşa da bilər. Bu artıq nümayişkaranə deyil, alt qatda olan faktorlardır”.

Əli Bədir


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi