azia.az
azia.az

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 101- ci ildönümü ilə bağlı təqdim edilir

24-08-2020, 01:03

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 101- ci ildönümü ilə bağlı  təqdim edilir

İtirilmiş ümid və ya xilaskar

(Dövlət Sərhəd Xidmətinin əsgəri, 18 yaşlı Eltun Xaləddin İsgəndərovun əziz xatirəsinə ithaf olunur)

“...Əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycanın Sərhəd qoşunlarında xidmət edən hər bir şəxs vəzifəsinin nə qədər məsuliyyətli olduğunu və üzərinə düşən bu vəzifənin Vətəni, xalqı qaşısında nə qədər müqəddəs bir borc olduğunu anlayır, bütün varlığı ilə dərk edir və eyni zamanda bilgilirəni, Vətən üçün əldə etdiyi bütün təlimatını layiqincə nümayiş etdirməyə çalışır...”
Ümummilli Lideri Heydər Əliyev
“...Vətən sərhəddən başlayır və bu bir həqiqətdir ki, sərhəd özü müstəqil bir dövlət üçün əziz və toxunulmazdır! Vacibdir bilək ki, sərhədin qorunmasında xidmət göstərən hər bir kəs xalqımızın, millətimizin hörmət və ehtiramına layiqdir!”
Prezident İlham Əliyev
Əlləri ilə yaralı dizini sıxaraq, inildəyirdi. Paltarındakı qurumuş qan ləkələri bu vəziyyətdə artıq uzun müddətdir qalmasından xəbər verirdi. Qarşı tərəfdən üzərinə yağan güllə yağışından qurtulmaq üçün gücünü toplayaraq, sürünə-sürünə iri qayanın arxasında gizləndi. Beynində komandirinin təlim zamanı öyrətdiyi sözlər təkrarlanırdı: “İstənilən yarada ağrı ilə dost olun! Əsla təslim olmayın! Yalnız bir fikri düşünün: Siz güclüsünüz!”Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 101- ci ildönümü ilə bağlı  təqdim edilir
Eltun “mən güclüyəm, mən güclüyəm” deyə-deyə eyni zamanda onu qəfil haqlayacaq mümkün əcəlin gəlişini ləngitmək istəyirdi. Gözü önündə rəngli mənzərələr yarananda artıq iradəsi onu biixtiyar tərk etməyə başladı: öncə anası, sonra kiçik bacısı gözü önündə canlandı. Nədənsə, bu dəfə bacısı əvvəlki kimi şıltaqlıqla bərkdən gülmürdü, anası isə kədər dolu gözlərini düz onun gözlərinə zilləmişdi.
Canından artıq sevdiyi Günelin xəyalı hamıdan sonda gəldi; qız qaraya bürünmüşdü, əllərində bir dəstə qərənfil ilə üzü qəbiristanlığa tərəf gedirdi.
Eltunun artıq onsuz da soyumaqda olan vücudunda qəribə titrətmə başladı. Günəş üzlü Günelin üzündəki dərin kədər onun soyuyan bənizində sanki öz əksini tapmışdı.
…Günel yavaş-yavaş zərif addımları ilə təzə qəbrin qarşısında dayanır; üzərində al qırmızı güllər, qərənfillər sərilmiş qəbirin başdaşı üçrəngli bayrağa bürünüb, taxtadan müvəqqəti pərçimlənmiş mərhumun ad və soyadının yazı yerində isə... Eltun öz adı ilə qarşılaşır...
Oxuduğu Əhmədbəyli kəndində hər kəsin sevimlisi idi, xüsusi ilə də marağı tarixə olduğundan itirilmiş torpaqlarımızla bağlı narahatlığı daha çox idi. Mənfur düşmənimizin nə qədər hiyləgər olmasından və dəfələrlə torpaqlarımızı işğal etdiyindən yaxşı məlumatlanmışdı; sinəsində Qarabağ boyda acının qisası da vardı Eltunun. İdman və hərbi təlim dərsindən aldığı “əla” qiymətlərlə öyünürdü; o dərəcədə aludə olmuşdu ki, daxilindəki əzmə, hətta digər dərslərdən müəllimləri soyadını səsləndirdikdə, qətiyyətlə ucadan “mən” deyə səslənirdi.
- İsgəndərov!
- Mən!
- Dərsi danış!
- Oldu!
Müəllimlərini Eltunun “hərbi üslubu” təəccübləndirmirdi. Yuxarı siniflərdə məzun olacaq şagirdlər ali məktəb imtahanları haqqında düşündükdə Eltun əsgər olmağa hazırlaşırdı. Onunla eyni sinifdə dərs alan dostu və qonşusu Zahidlə danışıqlarında belə tez-tez hərbi xidmətə gedəcəyi günü səbirsizliklə gözlədiyini, əlinə silah alıb Vətən sərhədini necə qoruyacağı barədə xəyal etdiyini dilə gətirirdi. Sadə bir ailədən idi, səmimiliyi ilə özünə doğma olan bütün Samuxda dost-tanış qazanmışdı. Eltun qəhrəmanlarımızla çox öyünürdü; ən çox da Koroğlu ilə…
- Kaş ki, Koroğlu qədər dəlilərim olaydı, qatardım dəstəmə bütün dost-tanışımı, gedərdik Vətəni azad etməyə!
Tarix müəlliməsi Sevil xanımın dediklərini tez-tez xatırlayardı; az qala əzbər bildiyi orta əsrlər Azərbaycan tarixindən məlumatlı idi ki, doğma diyarı Səfəvilərin süqutundan sonra xanlıqlar dövründə Çar Rusiyasının işğalı nəticəsində zamanla öz ərazilərini itirməyə başladı. Ruslar füsunkar Borçalı mahalını Gürcüstana verdilər, sonra yaraşıqlı qədim Dərbəndi Dağıstanın tərkibinə qatdılar. Türkmənçay və Gülüstan müqavilələrinə görə Azərbaycan iki yerə parçalandı; Şimali Azərbaycan Rusiyanın tərkibinə qatıldı, Cənubi Azərbaycan isə İrana aid edildi. Ən dəhşətlisi isə rusların iyirminci əsrin əvvəllərində Azərbaycanın gözü olan İrəvanda erməni dövləti yaratmaqları oldu.
Eltunun bu həqiqətlərə tez-tez “yersiz gəldi, yerli qaç...” etiraz dolu ifadəsinə isə müəlliməsi öz növbəsində hər zaman faktlarla danışmağı tələb edirdi.
- Eltun, tarix faktları və sübutu sevir. Bir də unutmayaq ki, xalq hər zaman qəhrəmanları ilə öyünür, o igid kəslərin adları ilə ki, ölümlərindən sonra belə isimləri anıldıqda, düşmənlərin damarlarında qorxudan qanları donur! Əgər siz öz ölkənizlə bağlı kifayət qədər dəqiq məlumatlara malik olsanız, torpağımızın qorunmasında mərdlik və şücaət göstərsəniz, düşmən geri çəkiləcək. Bilin ki, mənfur yağılar sizin bilgiləriniz və tarixin həqiqəti, bu reallıqdan doğan mübarizə qarşısında aciz qalacaq....
Hər dəfə müəllimlərindən bu cür həqiqətləri dinlədikdə Eltunun ürəyində bir arzu cücərirdi: mənfur düşmənlə üz-üzə gəlmək! Və həqiqətən də qısa vaxt çərçivəsində həyat onu eyni istək amalında, lakin fərqli sınaqla üzləşdirdi...
Körpəlikdən dinə-imana azad fikirli olardı Eltun; Allahın varlığına inanır, ondan çəkinərdi. Anasının qucağında ikən güllü örpəyinin ucu ilə oynadığı uşaq vaxtından ta özünü dərk edənədək, müqəddəs sayardı qadın yaylığını. Lakin həmsərhəd bölgədə yaşadıqları ərazidə tez-tez qulağına dəyən, xoş ovqat daşımayan hadisələr eşidərdi; dindən istifadə edən separatçilər, yurdunun parçalanmasına meyilli olan terror qruplaşmaları ən müqəddəs olan Yaradanın adından, imandan, qadınların dini hicablarından belə məkr və mənfur niyyətləri üçün istifadə edirlərmiş! Allahın adı altında birləşən kəslərin əksəriyyəti qanı-qanımızdan, canı canımızdan olsa da, niyyətləri düşmənlərimizə qulluqdan ibarət idi və bunu Eltun da duyur, daxilində onlara qarşı od tutub alışan qəzəb hissi keçirirdi!
Sərhəd Xidmətində hərbi qulluğa başladığı qısa müddətdə əsgər və zabit heyətinin sevimlisinə çevirildi, nümunəvi əsgər oldu. Anası, ailəsi və sevgilisi ilə məktublaşan Eltunun ən böyük arzularından biri sevdiyi Güneli görmək idi; onunla nişan mərasimini səbirsizliklə gözləyirdi... Amma nədənsə, məhz indi, bədəni qədər soyuq olan daş parçasına söykənərək, qısa ömrünü xatırladıqda, Günel onun qəbri üzərinə qərənfil gətirərkən görüntüləndi beyninin aynasında... Olmaya bu həqiqətlər onun taleyinə öncədən yazılıb?!
Eltun başını qaldıraraq səmaya baxdı; bir il sürətlə, bir göz qırpımında ötmüşdü və bu bir il ərzində o və yaxın silahdaşları çox çək-çevirdən, çox ölüm-dirim mübarizəsindən keçmişdilər, amma bu dəfə deyəsən həqiqətən də sondur...
Eltun itmiş nəzərlərlə və tükənmiş ümidi ilə ətrafa göz gəzdirdi. Ondan xeyli uzaqda yaralı zabitin az öncə həyatını xilas edərək güllə qarşısına keçdiyi məqamını xatırladı. Bu günün səhər xəbəri dumanlı beynində yenidən baş qaldırdı. Səhər vaxtı əsgər və zabit heyətinə daxil olan məxfi məlumata əsasən, İran istiqamətindən sərhəd pozmağa cəhd edən terror qruplaşması ilə mübarizəyə hazırlaşmalı idilər. Hazırlıq anı göz qırpımında, yol gedə-gedə, sürünə-sürünə həyata keçirilirdi; bu peşəkarlıq idi, bu əzm idi, bu qətiyyət, bu artıq öncədən qalibiyyət demək idi!
Bir saat boyunca izlənilən hədəf yaxınlaşdıqca arxalarında daha üç nəfərin əli silahlı olaraq təhlükə saçdığı nəzərdən qaçmadı. Əlli metr məsafə vardı. Zabitin əl işarəsi ilə yaxın əsgər yoldaşının ilk atəşi nəticəsində yerə sərilən terrorçunun arxasında gizlənən silahlılarla atışma başladı. Yağış kimi yağan güllə içərisində Eltun atılaraq komandirinin üzərinə sərildi, onun yaralanmasının qarşısını alaraq, bütün zəhərli tunc “oxların” könüllü olaraq öz bədəninə sancılmasına razı oldu.
Budur, bir hədəf artıq ölüdür, digəri qaçır, üçüncüsü gizlənərək yaşıl yamacda nişan almağa cəhd edir. Ən təhlükəli isə sonuncudur; bəlkə də əlində daha dəhşətli silah var?! Kim bilir!
Eltundan bir qədər aralıda yaralı əsgərin naləsi gəlirdi. Komandirin səsi eşidilmirdi. Ola bilsin ki, vəziyyət Eltunun düşündüyündən daha qəliz, daha acınacaqlı idi.
Son qüvvəsini toplayaraq ayağa qalxdı. Artıq itirilmiş ümidi xilas ilə əvəz edilmişdi; onun sayəsində, qətiyyətliliyi və əzmi ilə həyata keçirilən xilaskarlığı nəticəsində. Arxasınca səslənən səsləri dinləmirdi. Gözlədiyi kimi, hər şey təqribən duyduğu dərəcədə baş verdi; bir göz qırpımında terrorçu tərəfindən yanına atılan qumbara komandir və əsgər yoldaşlarının ölümü demək idi! Eltun düşünmədən bir an içərisində özünü qumbaranın üzərinə atdı. Yaxınlığında yaralı əsgər yoldaşının səsləndirdiyi adının ilk hecası qulağında son səda olaraq həkk olundu:
- ELLLLLLL!!!!!!!
Eltun Elə görə, El üçün qurban verdi özünü...
Bir il sonra, ölkə rəhbərliyinin fərmanına əsasən valideynlərinə Eltunun qəhrəman olması ilə bağlı xəbər gəlir. Anası qara yaylığa bürünsə də, ürəyindəki qürurundan başını dik qaldırıb atasına baxır, bacısı əvvəlki tək şıltaq zarafatlarını unutsa da, fəxrlə “qəhrəman bacısıyam” deyir, Eltunun dünyalar qədər sevdiyi Günel büsbütün tündə boyanıb kənd qəbiristanlığına zərif addımlarla addımlayır, əlindəki tər qərənfillərlə Eltunun qəbri üzərində dayanaraq, göz yaşları içində “mən gəldim, igidim” deyir...
İnsan sonradan qəhrəman olmur, insan qəhrəman doğulur! Yaranışdan qəhrəman, ilk özəldən qəhrəman olur! Mübarizlər, Fəridlər, Koroğlular, Eltunlar və digər saysız-hesabsız qəhrəmanlarımız öncə imzaları ilə tanınır, sonra isə şücaətləri ilə bir daha sübut edirlər ki, məhz adlarının əbədiləşməsi üçün gəlmişdirlər bu həyata; mərdlikləri ilə tarixdə, yaddaşımızda, ömrümüzdə, itirilmiş ümidlərimizdə, xilaskarlıqları ilə isə qəlblərimizdə yanan daimi alova çevirilmək üçün yaranmışdırlar!
Aynur Nurlu (Nurməmmədova Aynurə İkram qızı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiya Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, yazar-publisist, şairə-tərcüməçi)
(Hekayə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 101-ci ildönümü ilə bağlı keçirilən müsabiqəyə təqdim edilir)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi