Yasamalda qadını təhqir edən polisin maraqlı HOBBİSİ
Vətəndaşın qapısını döyən və order olmadan onun iradəsinə zidd olaraq içəri daxil olub "Paltar geyinməsin, elə bu vəziyyətdə apar" deyən polis kapitanı Şəhriyar Hüseynovdur.
Əldə etdiyimiz məlumata görə, sözügedən polis zabiti Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun oğludur.
Atası Rafil Hüseynov Prezident Administrasiyasında yüksək vəzifəli şəxs tərəfindən himayə olunur.
Şəhriyar Hüseynov əvvəllər Sabunçu rayon Məhkəməsinin sədrinin köməkçisi işləyib, daha sonra isə Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayına komandir vəzifəsinə təyin olunub.
O, bahalı və lüks avtomobil kolleksiyası ilə məşhurdur. Belə ki, ona məxsus olan avtomobil kolleksiyasının nömrələrinin sonu "011" seriyası ilə bitir. Hətta, Şəhriyar Hüseynov "AA" seriyalı avtomobillərə də sahibdir.
Ümid edirik ki, Şəhriyar Hüseynovun hərəkətləri ictimai qınağa səbəb olduğuna görə müvafiq tədbirlər görüləcək.
Qeyd edək ki, Şəhriyar Hüseynovun adı bu gün daha bir qalmaqalda hallanıb. Onun Bakıdakı avtosalonlardan birində dava saldığı qeyd edilib.
Məsələ ilə bağlı Bizimyol.info Ağcabədi Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynovla əlaqə saxlamaq istəyib. Başçı ilə danışmağın mümkün olmadığını deyən və adını bildirmək istəməyən şəxs qeyd etdi ki, bu barədə heç bir məlumatları yoxdur və deyilənlər İcra Başçısının şəxsi işidir, ailə məsələsidir:
"Bunlar onun şəxsi məsələsidir. Bu barədə heç nə deyə bilmərik, hüququmuz yoxdur. O Bakıda yaşayır, bura təzə gəlmiş adamdır. Tanımırıq”.
Demokrat.az