Taleyinin QİBLƏSİNİ itirənlər
Aqil Alişov
Miq.Az saytının baş redaktoru
Taleyinin qibləsini itirənlər, qaçqınlıq və qaçqın ölümü haqqında qaçaraq düşüncələr:
Qaçqınlıq dərddir, qıfıl taleyidir həm də! Amma... Azərbaycan və azərbaycanlılar üçün dərddi, ağrıdı, əzabdı, dünya üçün statistikadı qaçqınlıq.
Qaçaqaçda düşürüb itirdiyi balaca ayaqqabısının bir tayı kimi, taleyinin qibləsini də itirməkdi qaçqınlıq!
Düşmən mərmisinin alovundan tüstülənən gəlin çehizi kimi, ümidlərin ömürlük tüstülənməsidir qaçqınlıq!
Qaçqınlıq bəylik paltarını döyüş əlbisəsinə dəyişmiş bir bəyin əlindən alınmış bəyliyidi, sürgünə göndərilmiş, həbs olunmuş qürurudu!
Qaçqının ölümü də qaçqın düşür yurdundan-yuvasından, RUHU da!
Bizə, ölkəmizə, milli damarları tıxaca düşmüş azərbaycanlılara, öz tarixi əraziləriylə sərhəd olan Azərbaycana gəlincə, QAÇQINLAR bizim üçün "Dərd Vağzalı”, "Dərd Şikəstəsi”dir həm də!
"Dərd Şikəstəsi” - müəllifi bəlli, musiqisi bəlli, bəstəkarı bəlli! Bəlli olmayan bəlli olanları bilib özümüzü niyə bilməməzliyə vurmağımızdı!
Bir ola bilməməyimiz, bütün xalqı "Lazım gəlmədi”, - deyib lağlağıya qoymağımız hələ də bu yanğıyla nə qədər yaşayacağımıza işarədir.
Düşmənin dövriyyəyə buraxdığı antimilli ifadələrə ildırım sürəti ilə özümüz "vətəndaşlıq hüququ” veririk dilimizdə, yaşamımızda. Ruhumuzu sındırmağa düşmənə ehtiyac yoxdur.
Xüsusi QEYD: Düşmənə "dığa” demək, "SƏS”, "İki sahil” qəzetində erməni əleyhinə palaz-palaz yazılar yazıb, Qusar və Lənkəranda makulatura kimi pomidor yeşiklərinin altına sərmək düşmənlə mübarizə aparmaq deyil.
Fevral ayını Xocalı faciəsinə həsr etmək əvəzinə, bu ayı diaspora səviyyəsində turizm ayı kimi təqdim etmək də düşmənlə mübarizə aparmaq deyil!
Düşmən sizin tanıdığınız və təqdim etdiyiniz kimi deyil. Düşməni ya tanımırsınız, ya da tanıda bilmirsiniz!
ZƏRURİ XATIRLATMA: Bir gün postu təhvil alanda zabit həmkarım E.Heydərovu çox pərişan gördüm. Səbəbini soruşanda dedi ki, Alişov, bayaq səngərdə bizi atəşə tutmuşdu ermənilər. Cavab atəşinə 10 dəqiqə fasilədən sonra əmr verdim. Bir də dərənin o tayında erməni əsgərləri bizə tərəf qışqırıb deyirdilər:
"Molla, molla, mən atıram, sən də at. Mən sənə güllə atıram, sən peysərə atma”, - deyib qəhqəhə çəkən düşmənin toplaşdığı "DOD”-unu (uzunmüddətli atəş nöqtəsi) mənə göstərdi. O "qəhqəhəli" DOD-un 10-15 metrliyində yerləşən düşmən blindajı ilə bağlı erməni mətbuatı 3 gün sonra xəbər yaydı ki, təmas xəttindəki bölmələrin birində yanğın nəticəsində 5 əsgərləri həlak olub.
Sözümün canı o ki... düşmən hətta "peysər” sözünü ordumuzda ən pis sözə kimi yeridib ki, bu sözün üstündə nə qədər əsgər, zabit, gizir bir-birini güllələyib. Düşmən bu qədər təhlükəli!
... Laçın rayonundan məcburi köçkün düşmüş bir yaşlı qadın can verir. Ölüm ayağında oğluna deyir ki, məni evimizə apar– Laçına!
Oğlu nə qədər anasını başa salmağa çalışsa da ki, ay ana, rayonumuz işğaldadır, ermənilər işğal edib, ora gedə bilmərik, Ana inadından dönmür: "Oğul, məni kəndimizə apar!"
Hər gün anası ilə birgə ölüb-dirilən, ürəyi param-parça olan oğul, düşüncələriylə baş-başa qaldığı vaxt qəfil yadına 30 il bundan qabaq dostunun toyuna getdiyi Lerik rayonu düşür. O zaman Leriklə Laçının bir-birinə bu qədər oxşarlığını ilahinin rəsmi kimi qəbul etmişdi. Eyni relyef - dağlar, çaylar, şiş qayalar, yayda belə qurd basmış qar topaları, göy üzündə əlçimlənmiş buludlar...
Lerikdən olan o dostuna dərdini deyir və Lerikə getmək istədiyini bildirir. Dostunun qonağı olan laçınlı qardaş Lerikin ən ucqar yerinə qalxır və əlini aşağıdakı kəndlərə tərəf tutub deyir:
- Ana, bax, Laçına gəlmişik, aşağıdakı kənd Hacı Salehgilin kəndidir, sol tərəfdəki meşənin içindəki kənd əmin Yaqubun anadan olduğu kənddir, dağın zirvəsindəki o evlər var ey, Qacaq Süleymanın kəndidir, ermənilərə qan uddurub. Gedək, nənə, "Qanlıdərə"nin sol tərəfindəki kəndə. Səringül adlı bacılığın var idi e... bir-birinizə bayram payı aparardınız, hamı sizi doğma bacı bilərdi, bax, onların kəndinə aparacam səni...
Birdən elə bil nənənin gözlərinə işıq gəldi:
- Ay oğul, o dağın dibindəki kənd mənim qaçaq babam Şakirin öldürüldüyü kənd deyil?
- Hə, nənə...
- Ay oğul, yuxarıda görsənən yaylaqda bir kəhriz var idi, onun suyundan içə bilərikmi?
- İçərik, nənə, içərik...
- Oğul, yuxarıda bir kənd görsənir Şişqayanın altında, görürsən, - nənə heysiz halda sağ əlini zorla yuxarıya qaldırıb qayalıq tərəfi göstərdi.
- Görürəm, nənə...
- Baban Qaraxanın bir atı var idi. Qarabağ atı. Alnında qaşqası da var idi. Babanın ölümündən sonar atı o Şişqayanın altında ildırım vurdu. Babanın ölümündən bir həftə sonra. Kənddə hamı deyirdi ki, at sahibinin ölümünə dözməyib intihar etdi. Baban atan-vuran kişi idi. O qaşqa atı da Qarabağ bəylərindən biri bağışlamışdı ona. Onun qorxusundan ermənilər çölə-bayıra çıxa bilmirdilər. At da sahibin ölümündən sonra həyətimizdəki hörüydən açılıb qaçdı, bir də geri qayıtmadı!
… Lerikdən qayıdan günün səhərisi nənə Bakıda can verib. Son nəfəsində Laçını "görmüş” nənə arzusuna çatmışdı!
Mənim deməyə daha Sözüm qalmadı! Sözün bitdiyi yerdi… qaçqınçılıq və qaçqın ölümləri!