Rəşadət Babayev vəzifədən niyə azad olundu? – ŞOK faktlar üzə çıxır
Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri polkovnik Rəşadət Babayev işdən çıxarılıb.
“Yeni Sabah” xəbər verir ki, nazir Vilayət Eyvazovun əmri ilə Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri vəzifəsinə polkovnik-leytenant Malik İbrahimov təyin edilib. Qeyd edək ki, dünən BakuPost-da yayımlanan "BDYP-də “qara bloknot” əməliyyatı" yazısında Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri Rəşadət Babayevin də adı keçirdi. Məlumata görə, aparılan kompleks yoxlamalar zamanı bir müddət əvvəl nazir Vilayət Eyvazovun ləğv etdiyi kabinetlərin - “rüşvət otaqları”nın bir hissəsinin hələ də fəaliyyət göstərdiyi məlum olub. İdarə rəisi və Alay komandirinin tapşırığı ilə bir nəfər mülki şəxsin kameralara nəzarət etməsi, əsasən firma maşınları ilə bağlı “əməliyyatlar” keçirməsi, onların aylıq pul ödəməsi faktı da ortaya çıxıb.
Yoxlama aparan şəxslər müəyyən ediblər ki, Axundov Asim Nazim oğlu adlı həmin şəxs aylıq pul ödəyən avtomobillərin işinə nəzarət edirmiş. Və bununla bağlı özünün qeydlər, rəislər üçün hazırladığı hesabat kitabı varmış. Həmin “qara bloknot” yoxlama zamanı ələ keçirilərək, araşdırmaya təqdim olunub. Bildirilir ki, A.Axundov mülki şəxs olsa da, hər hansı avtomobilin saxlanılması, cərimə meydançasına aparılması üçün polislərə əmr vermək səlahiyyətinə sahib olub. Onun verdiyi göstərişlər qanunsuz olsa belə, yol polisləri tərəfindən qeyd-şərtsiz həyata keçirilirmiş.
O, hətta kameralara nəzarət edən aparaturanı özünün şəxsi avtomobilində ( 90 EE 085 nömrə nişanlı ) gəzdirmək, ödənişləri vaxtında verilməyən firma maşınlarının “ovlanmasında” da iştirak etmək kimi böyük səlahiyyətlərə malik olub.
Qeyd olunan bu faktlar toplanaraq Daxili Təhqiqat İdarəsinə təhvil verilib.