Cəhalətlə tərəqqinin qonşuluğu,yoxsa rəqabəti
Cəhalət və tərəqqinin birbirini daima izləməsinin, hətta zaman-zaman birbirini əvəzləyib,vaxtaşırı öz aralarında gizli-aşikar rəqabətə girmələrinin çox şahidi olmuşuq.Məhz bu mübarizənin nəticəsidir ki,bəzən xarabalıqlarda ,səhraların qumsal torpaqlarında belə gül bitdiyini az müşahidə etməmişik. Bəli,dünənin və bugünün Sumqayıtına da nəzər salsaq səhərin simasındaki köklü dəyişiklikləri məhz tərəqqinin cəhalətə meydan oxuması kimi qiymətləndirmək olar və qısa zaman kəsiyində reallaşmasının şahidi olduğumuz bu tablo hələ çox yeniliklərin astasında olduğumuza birmənalı şəkildə işarədir.Son zamanlar vüsət alan mütərəqqi addımın hər birində isə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun danılmaz imzası var. Əhalinin həyat şəraitinin yaxşılaşdırılması, şəhərin simasının dəyişilməsi və mədəni həyatın təşkili məqsədilə həyata keçirilən islahatların ardı-arası kəsilmir.Xüsusulə də möhtəşəmliyinə görə günümüzdə ən çox müzakirə olunan,dənizkənarı sahədə inşa edilən yeni, irimiqyaslı bulvar kompleksi ilə artıq Sumqayıt paytaxt Bakı ilə də rəqabətə girə bilər.Təbii ki,bu islahatların sırasında ulu öndərin adını daşıyan”Heydər Parkda” görülən işləri də məxsusi qeyd etmək lazımdır.Parkın ərazisində həyata keçirilən əsaslı təmir və quruculuq tədbirlərindən sonra bura hər yaş kateqoriyasına daxil olan insanların mədəni istirahətinin əsas məkanı adını daşımağa iddialıdır.Lakin nə yazıq ki,cəhalətin əsarətindən hələ də qurtulmayan və şəhərimizdəki islahatlardan xəbərsiz ,Danabaş kəndini xatırladan məkanlardan da xali deyilik.Ulu öndərin təsdiq etdiyi konstitusiyanın 39 və 78-ci maddələrində qeyd olunur ki ”hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ var” və ”ətraf mühiti qorumaq hər kəsin borcudur”.Lakin “Heydər Park”ın yaxın, lakin üzüqara qonşusu olan “Şərq bazarı” adlı ticarət mərkəzinin arxasından heç əksilməyən zibillik nə sağlam yaşamağa,nə də şəhərin görünüşündən həzz almağa imkan verir,üstəlik yaxınlığındakı parkın gözəlliyinə də kölgə salır.
Yəqin ki, bəhs olunan mənzərənin mütəmadi olaraq hamınız şahidi olursunuz,yaşayış evlərinin bir addımlığında olan zibillik daima elə həddə olur ki,üfunət iyindən və zibil kütləsinin çoxluğundan ordan keçmək olmur,bu antisanitar vəziyyətin yaydığı infeksion xəstəliklər isə ayrıca mövzudur.Sumqayıt şəhərində təmizlik və səliqənin daima yüksək səviyyədə saxlanmasında müstəsna rolu olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyinin rəhbəri Rahim Mustafayev dəfələrlə cəhd etsə də deyəsən bu məsələnin həllində o da acizdir,ona nə təcrübəsi,nə də vəzifə səlahiyyətləri yardımçı olmur.Zibilliyə çevrilən sahənin qeyd olunan ticarət obyektinin ərazisinə daxil olduğu üçün cavabdeh şəxs olan “Şərq bazarı”nın rəhbəri Rəşid Babayevlə Rahim Mustafayev artıq illərdir heç cürə dil tapıb ,bir müstəvidə razılaşa bilmirlər ki,camaatın canı bu üfunət yuvasından qurtarsın. Sumqayıt şəhər Sanitariya və Epidemiologiya mərkəzinin rəhbəri Rafiq Abdullayev isə daha kəsə yol seçərək, qeyd olunan əraziyə müdaxilə edə bilmələrinin səbəbini sahibkarlıq subyektlərində yoxlama aparmağın qanunla qəti qadağan edilməsilə izah edir. Allah xatirinə, hansı yoxlamadan söhbət gedə bilər, əgər hər şey göz qabağındadırsa, görünən kəndə nə bələdçi. Həm qanun onun üçün verilməyib ki, sahibkarlar ondan sui istifadə edərək at oynatsınlar,ətrafdakıları narahat etsinlər.Əgər vəzifə səlahiyyətlərinizdə qanun çərçivəsindən kənara çıxmaq istəmirsizsə bir məlumatı da diqqətinizə çatdırım,Azərbaycan Respublikasınin ”Sanitariya Epidemioloji salamatlıq haqqında”qanununun 12-ci maddəsində qeyd olunur ki,”Əhalinin sağlamlığını qorumaq və möhkəmləndirmək,ətraf mühitin insana mənfi təsirinin qarşısını alınmasa kömək etmək üçün bütün tədbirləri dövlət orqanları-içtimai birliklər,müəssisələr,təşkilatlar və idarələr görməlidirlər”,bu qanun necə sizə vəzifə səlahiyyətlərinizi yerinə yetirmək üçün kifayət qədər əsas verirmi.Həmçinin bu qanunun 4 maddəsi də diqqəti cəlb edir,belə ki,”Tullantıların müvəqqəti saxlanması zamanı onların çürüməsinə yol verilməməlidir.Tullantılar 1 gündən çox qalmamalıdır”.Düzdü,bu baxımdan gərək haqqını verək ,Rəşid bəy qoymur ki,tullantılar 1 gündən artıq qalsın ,hər axşam ya onları yandırdır, ya da Sumqayıtın onun xeyrinə olan coğrafi şəraiti sayəsində zibil kütləsi küləyin vasitəsilə bütün yaxın məkanlara dağılır və yerindəcə problemin həlllinə nail əolunur. Amma, Rəşid müəllimə tövsiyyə edərdik ki, yuxarıda qeyd olunan qanuna riayət etmək üçün illərin vərdişinə xilaf çıxıb,atəşpərəstlikdən, təbiətin gücünə arxayın olmaqdan əl çəkib daha optimal çıxış yolu tapsın, məsələn müvafiq qurumlarla müqavilə bağlanması,zibilin lazımi ərazilərə daşınmasına şərait yaradılması kimi.Bəlkə o zaman Rəşid müəllimin yaratdığı cəhalət xarablıqlarında da gül açar,nə bilmək olar,bəlkə qısa bir zamanda qonşuluğunda olan cənnət məkanlarla həqiqətən rəqabət apacaq bir səviyyəyə də gələ bilər.Məsələnin həlli və “Şərq bazarının”üzqaraldan görünüşü qalır insafla və qanunların ortaq məxrəcə gəlməsinə.Amma vay o gündən ki, qanun qüvvədən, insaf isə tərsliyə düşə.
azia.az
Elçin Şükür