Beyləqanda 1 milyonu udan “Vaqif” firması vergidən də yayınıb -ARAŞDIRMA
Beyləqandakı mal bazarının yiyəsi Qəhrəman Qəhrəmanovun qanuni təmsilçisi olduğu “Vaqif” firmasının fəaliyyətindəki qanunsuzluqlar haqqında “Realmedia.az” saytında gedən tənqidi məqalələrdə ehtiva olunan məsələlər rəsmən təsdiqini tapıb və tapmaqda da davam edir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi “Vaqif” firmasında vergidən yayınma halları barədə İqtisadiyyat Nazirliyinə ünvanladığımız 30.07.2021-ci il tarixli müraciətimizə baxmışdır. İdarədən redaksiyamıza daxil olmuş 30.08.2021-ci il tarixli məktubla bildirilir ki, vergi orqanı tərəfindən “Vaqif” firmasının fəaliyyəti üzrə keçirilmiş vergi nəzarəti tədbirləri zamanı verg qanunvericiliyinin tələblərinin pozulduğu qeyd edilmiş və aşkar edilmiş həmin qanun pozuntusu faktlarına görə qanunamüvafiq tədbirlərin görülüdüyü vurğulanmışdır. Eyni zamanda bildirilir ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə hal-hazırda “Vaqif” firmasının fəaliyyəti üzrə növbəti səyyar vergi yoxlaması təyin olunmuşdur. Yoxlama ilə aşkar ediləcək vergi hüquqpozuntusu faktlarına görə qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir.
P.S. “Realmedia.az” saytı olaraq ümid edirik ki, “Vaqif” firmasında keçiriləcək növbəti səyyar yoxlamanın nəticəsi barədə də məlumat ala biləcəyik. Tərəfimizdən Qəhrəmanovun korrupsiyanın qohumbazlıq növündən faydalandığı, dövlətə, dövlətçiliyə ziyan vurması faktlarının da cinayət təqibi orqanlarında rəsmən təsdiqlənməsi istiqamətində işlər davam etdirilməkdədir.