Qəbir yerlərini kimlər SATIR?-Korrupsiyaya bulaşmış dəstə
Bəzən insan həyatının ən ağır anı elə bir vaxta təsadüf edir ki, o an hüquqi prosedurlar, sənədlər və dövlət qurumları ilə yazışmalar ikinci plana keçməli olduğu halda əksinə, əsas problemə çevrilir. Yaxınını itirən bir ailə üçün əsas məsələ mərhumun ləyaqətlə dəfn olunmasıdır. Lakin praktikada bir çox vətəndaş qəbir yerlərinin pulla satılması, bələdiyyələrin “yer yoxdur” deməsi və insanları icra hakimiyyətinə yönləndirməsi ilə üzləşir. Bu isə həm mənəvi, həm də hüquqi baxımdan ciddi suallar doğurur.
Qanunvericiliyin məntiqinə görə qəbiristanlıqlar ictimai təyinatlı torpaq sahələridir və onların idarə olunması bələdiyyələrin və yerli icra strukturlarının səlahiyyətinə daxildir. Qəbir yerinin özü kommersiya predmeti hesab edilə bilməz. Yəni torpaq sahəsinin “satılması” anlayışı hüquqi baxımdan əsaslı deyil. Ödəniş yalnız müəyyən xidmətlərə görə – məsələn, qəbirin qazılması, texniki işlər və abadlaşdırma xidmətlərinə görə tələb oluna bilər.
Qəbir yerinin ayrılmasına görə pul istənilməsi və ya qeyri-rəsmi ödəniş mexanizmi yaradılması qanun pozuntusu sayılır. Xüsusilə həmin ərazidə daimi qeydiyyatda olan və faktiki yaşayan vətəndaşların dəfn üçün yer alma hüququ sosial ədalət prinsipinə əsaslanır. Əgər bələdiyyə “yer yoxdur” cavabı verirsə, bu cavab əsaslandırılmış və rəsmi sənədlə təsdiqlənmiş olmalıdır. Sadəcə şifahi şəkildə məsuliyyəti başqa quruma ötürmək hüquqi baxımdan düzgün deyil. Bələdiyyə öz ərazisində olan qəbiristanlıqların uçotunu aparmağa, mövcud yerləri idarə etməyə və ehtiyac yarandıqda yeni sahələrin ayrılması üçün təşəbbüs göstərməyə borcludur.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Natiq Ələskərov qeyd edib ki, vətəndaş qəbir yeri ilə bağlı problemlə qarşılaşdıqda ilk növbədə emosional deyil, hüquqi addım atmalıdır. Onun sözlərinə görə, bütün müraciətlər mütləq yazılı şəkildə edilməlidir: “Yazılı müraciət həm cavab almaq öhdəliyi yaradır, həm də sonradan məhkəmə və ya digər orqanlara müraciət zamanı sübut rolunu oynayır. Əgər bələdiyyə imtina edirsə, imtinanın hüquqi əsasını göstərməlidir. Əsaslandırılmamış imtina inzibati hərəkətsizlik və ya qanunsuz qərar kimi qiymətləndirilə bilər. Vətəndaşdan qəbir yerinə görə pul tələb olunması halında bu məsələ sənədləşdirilməli və hüquq-mühafizə orqanlarına müraciət edilməlidir. Çünki bu cür tələb vəzifə səlahiyyətlərindən sui-istifadə və ya korrupsiya əlaməti kimi qiymətləndirilə bilər. Əgər bələdiyyə və ya icra hakimiyyəti problemi həll etmirsə, vətəndaş inzibati məhkəməyə müraciət edərək həmin qurumun hərəkətsizliyindən şikayət edə bilər. Məhkəmə dövlət orqanını üzərinə düşən vəzifəni icra etməyə məcbur etmək səlahiyyətinə malikdir”.
Bundan başqa, hüquqşünas qeyd edib ki, bələdiyyələrin qəbir yerlərini “satmaq” və ya həmin ərazidə yaşamayan şəxslərə pul qarşılığında yer ayırmaq səlahiyyəti yoxdur: “Qanunvericiliyə əsasən, qəbiristanlıqlar ictimai təyinatlı torpaqlardır və onlar alqı-satqı predmeti ola bilməz. Bələdiyyə yalnız dəfnin təşkili və texniki xidmətlərlə bağlı ödəniş tələb edə bilər. Qəbir yerinin birbaşa satılması hüquqi baxımdan etibarsızdır və qanunsuzdur.”
Onun sözlərinə görə, xüsusilə həmin ərazidə qeydiyyatda olmayan şəxslərin pul qarşılığında qəbir yeri əldə etməsi sosial ədalət prinsipinin pozulmasıdır: “Əgər bir rayonda daimi yaşayan vətəndaş yer tapa bilmədiyi halda, kənardan gələn şəxs pul verərək yer alırsa, bu artıq səlahiyyətlərdən sui-istifadədir. Belə hallar həm yerli əhalinin hüquqlarını pozur, həm də qeyri-rəsmi gəlir mexanizmlərinin mövcudluğunu göstərir.”
Ekspert vurğulayır ki, bələdiyyələr ilk növbədə öz ərazisində yaşayan və qeydiyyatda olan vətəndaşların dəfn hüququnu təmin etməlidir. Bu prinsip pozularsa, vətəndaşlar həmin qərardan inzibati qaydada və məhkəmə yolu ilə şikayət edə bilərlər.
“Qəbir yeri şəxsi mülk deyil, ictimai resursdur. Onun kimə, nə zaman və hansı əsasla verilməsi şəffaf qaydada tənzimlənməlidir. Pul qarşılığında gizli bölgü aparılması hüquqi məsuliyyət yaradır və korrupsiya əlaməti daşıyır”, – deyə Natiq Ələskərov əlavə edib.