Bu peşələrdə əmək pensiyası verilməyəcək – YENİ QƏRAR + SİYAHI
Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda dəyişiklik edib.
Azia.az APA-ya istinadən bildirir ki, əmtəə operatorları, nasos qurğularının maşinistləri, dəniz özüllərində, estakadalarda stasionar kranların kran maşinistləri, qazın yığılması üzrə operatorlar qazpaylayıcı stansiyanın operatorları, texnoloji boru kəmərlərinin quraşdırıcıları siyahıya daxil edilib.
Dəmiryol xətləri hərəkətində parovozların və buxar kranlarının ocaqçıları, dəmiryol xətləri hərəkətində parovozların və buxar kranlarının maşinistləri, dəmiryol xətləri hərəkətində parovozların və buxar kranlarının maşinist köməkçiləri, parovozların qazanlarının isti yuyulması ilə məşğul olan qazançılar, parovozların depo ocaqçıları, kükürdlü nefti və aşındırıcı maddələri töküb-axıtma məntəqələrində məşğul olan yük və baqajı qəbul edib və təhvil verənlər və parovozların qazan yuyucuları siyahıdan çıxarılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tarif-ixtisas sorğu kitabçalarının altı ay müddətində bu Qərara uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir. Qərarın qüvvəyə mindiyi tarixdən əvvəlki dövr üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə nəzərə alınır.
Nazirlər Kabinetindən APA-ya bildirilib ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı sığorta-pensiya sistemində aparılan ardıcıl islahatlar nəticəsində güzəştli şərtlərlə pensiya hüququ verən siyahının təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Güzəştli şərtlərlə (5 il erkən) pensiya hüququ verən peşə və vəzifələrin hazırda qüvvədə olan Siyahısı 35 hissədən, 280 yarımhissə və 4000-dən çox vəzifə və peşə adından ibarətdir. Əməyin mühafizəsi və iş yerlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, eləcə də müasir texnologiyanın istehsalata tətbiqi nəticəsində güzəştli pensiya hüququ verən ağır və zərərli peşə və vəzifələrin siyahısında dəyişikliləri zəruri edir.
Qərar sözügedən siyahının təkmilləşdirilməsi, eyni zamanda Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 38 nömrəli Qərarına əsasən keçirilmiş iş yerlərinin attestasiyanın nəticələrinə əsaslanan dəyişiklikləri əks etdirir.
Qərarda Kənd Təsərrüfatı Nazirliyinin, SOCAR, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin və “Azərbaycan Dəmir Yolları” QSC-nin tərəfindən keçirirlmiş iş yerlərinin attestasiyanın nəticələrinə görə 3 sahə üzrə peşələrin adları yeni redaksiyada verilmiş, 6 yeni peşənin adı güzəştli peşələr siyahısına əlavə olunub.
Qərara əsasən aidiyyəti qurumların təklifləri əsasında aktuallığını itirmiş və hazırda mövcud olmayan 13 peşə adının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısından çıxarılıb.