azia.az
azia.az

Əsabil Qasımovun şirkəti Yasamalda ağacları məhv edir: Şərifzadə küçəsində “Yaşıl soyqırım” - Fotolar

10-12-2017, 11:22

Ölkə başçısının Bakı şəhərində yaşıllıqların qorunması ilə bağlı ciddi tapşırıqlar verməsinə baxmayaraq, bəzi “işbazlar” buna məhəl qoymadan yaşıllıq zonalarını məhv etməkdən çəkinmirlər

Belə ki, son dövrlərdə məhəllələrdə, yol kənarlarında yaşıllıqların məhv edilməsi sanki adi hala çevrilib. Bu cür mənzərə daha çox Yasamal rayonu ərazisində qeydə alınmaqdadır.

Hələ bir neçə ay bundan öncə ölkə başçısının müdaxiləsi nəticəsində Yasamal rayonu ərazisində, Mətbuat prospektində “Ovçular evi” və ətrafındakı yaşıllıq zonası məhv edilərək yerində inşası nəzərdə tutulan hündürmərtəbəli bir binanın tikintisi dayandırıldı. Dövlət başçısının tapşırığına əsasən orada park salındı. Bu hadisədən sonra Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev vəzifəsindən azad edildi. Azərbaycan prezidentinin bu mövqeyindən sonra belə, Yasamal rayonu ərazisində yaşıllıqlara qarşı münasibət dəyişmədi ki, dəyişmədi…

Belə ki, Yasamal rayonunun yerli icra orqanları bundan nəticə çıxarmaq əvəzinə bu prosesi daha da sürətləndirdilər. Qeyd edək ki, son dövrlərdə Yasamal Rayon İcra Hakimiyyətinin iş adamları ilə əlbir olaraq həyata keçirdikləri layihələrin icrası zamanı vətəndaşların hüquqları kobud surətdə pozulur, yaşıllıqlar məhv edilir. Buna misal olaraq bir müddət öncə Yasamal rayonu, Zahid Xəlil küçəsində, Abbas Mirzə Şərifzadə küçəsi 162 və 174 ünvanında, “İnşaatçılar” metrosunun yanında beşmərtəbəli binaların sökülməsini qeyd etmək olar. “İşbazlar” sözügedən ünvanda yerləşən binaların qəzalı olması adı ilə əhalini köçürərək, onun yerində hündürmərtəbəli bina tikməyi planlaşdırır. Onu xüsusilə qeyd etmək lazımdır ki, bu ünvanlar “İnşaatçılar” metrosunun yaxınlığındadır və burada ucaldılacaq göydələnlərin aşağı mərtəbələri ticarət mərkəzi olacaq.

Bir məqamı da vurğulamaq istərdik ki, Şərifzadə küçəsinin sözügedən göydələnlərin tikiləcəyi yerin qarşı tərəfi birmərtəbəli binalardır və şəhərin arxitekturasına uyğun gəlmir. Amma “SKY Residence” MMC və “Qismət” MMC həmin ərazidə göydələn tikmək əvəzinə nədənsə beşmərtəbəli binaları hədəf seçib. Həmin binalardan əhali köçürülərkən onlara təklif edilən məbləğ az olduğundan bu, bina sakinlərinin etirazına səbəb olub. Lakin buna baxayaraq, onlar fakt qarşısında qoyuldu. Dedilər ki, guya bina tikildikdən sonra elə beşmərtəbəli binadan ev veriləcək və bu müddət ərzində kirayədə yaşayacaqları evlərin icarə haqqı MMC tərəfindən ödəniləcək. Binadan çıxmaq istəməyənlər isə məhkəmə qərarı ilə evdən çıxarıldı. Hazırda hər iki ünvanda binaların sökülməsi prosesi gedir.

Bunu deməkdə məqsədimiz Bakıda müasir tipli binaların və ya ticarət mərkəzlərinin tikintisinə qarşı çıxmaq deyil. Məqsəd ilk olaraq belə binalar tikilərkən vətəndaşların hüquqlarının pozulması və bu binaların ətrafındakı illər boyu böyük zəhmət hesabına salınan yaşıllıq zolağının, ağacların bir gündə məhv edilməsinə – “yaşıl soyqırım”la bağlı müvafiq qurumları məlumatlandırmaqdır.

Nəzərinizə çatdıraq ki, “SKY Residence” MMC adıçəkilən ünvanda binaları sökməklə yanaşı, oradakı uzun illər boyu böyük əzab-əziyyətlə becərilən yaşıllığı bir gecə də məhv edib. Belə ki, “SKY Residence” MMC oktyabrın 8-də Şərifzadə 162 ünvanında “yaşıl soyqırım” həyata keçirib. Həmin binanın qarşısındakı yaşıllığı uzun zamandır ki, hasara almışdılar və sakinlərə bəlli idi ki, sözügedən ərazidə yerləşən ağaclar məhv ediləcək. Elə bu səbəbdən də ətraf binalarda yaşayan insanlar ağacların qırılmasına imkan vermirdilər. Buna baxmayaraq, şirkətin əməkdaşları həmin ərazidəki ağacları kəsmək üçün bir neçə dəfə cəhd ediblər. Dünən gecə saatlarında isə “SKY Residence” MMC-nin əməkdaşları texnikanı yeridib ağacları məhv ediblər. Sakinlərin sözlərinə görə, həmin ağacların 40 ildən artıq yaşı vardı: “Bir gün içərisində şirkət bu ünvanda olan onlarla ağacı məhv edib”.

Məsələ ilə bağlı Gununsesi.info-nun araşdırmaları nəticəsində o da bəlli olub ki, adıçəkilən şirkət – “SKY Residence” MMC iş adamı, deputat Əsabil Qasımova məxsusdur. Buradan da belə qənaətə gəlmək olar ki, qanunverici hakimiyyətin təmsilçisi olan Əsabil Qasımov Bakıda əzab-əziyyətlə becərilən yaşıllıq zonasının məhvinə səbəb olur…(gununsesi.info)mənbə:My Webpage
Əsabil Qasımovun şirkəti Yasamalda ağacları məhv edir: Şərifzadə küçəsində “Yaşıl soyqırım” - Fotolar
Əsabil Qasımovun şirkəti Yasamalda ağacları məhv edir: Şərifzadə küçəsində “Yaşıl soyqırım” - Fotolar
Əsabil Qasımovun şirkəti Yasamalda ağacları məhv edir: Şərifzadə küçəsində “Yaşıl soyqırım” - Fotolar
Əsabil Qasımovun şirkəti Yasamalda ağacları məhv edir: Şərifzadə küçəsində “Yaşıl soyqırım” - Fotolar


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi