azia.az
azia.az

“Son Sovet İttifaqı Qəhrəmanını ermənilər Qarabağda öldürmüşdü”

12-04-2016, 10:24

 “Son Sovet İttifaqı Qəhrəmanını ermənilər Qarabağda öldürmüşdü” CBC kanalı Qarabağ uğrunda döyüşlərdə həlak olmuş ukraynalı əsgər Oleq Babak haqqında “Həyat naminə” adlı sənədli film hazırlayıb. Film yaxın günlərdə ekranlara çıxacaq. CBC kanalının baş direktoru Azər Xəlilov suallarımızı cavablandıraraq Oleq Babakın həyatı, filmin çəkilişləri barədə fikirlərini bölüşüb.
Müsahibəni təqdim edirik.

- Azər müəllim, zəhmət olmasa əvvəlcə Oleq Babak haqqında məlumat verərdiniz?
- Oleq Babak 1991-ci ildə keçmiş SSRİ-nin Daxili Qoşunlarının qaynar nöqtələrə göndərilən qüvvələrinin tərkibində xidmət edib. Leytenant Oleq Babakın komandanlığında olan rota Qubadlı rayonunun Yuxarı Cibikli kəndində yerləşdirilmişdi. O zamanlar artıq erməni qəsbkarları Azərbaycanla həmsərhəd rayonlarda yerləşən kəndlərə hücum etməyə başlamışdılar. Onlar sakinləri qorxutmaqla, qəfil hücumlar etməklə yurdlarından didərgin salmağa cəhd edirdilər.
Yuxarı Cibikli kəndi Ermənistanın Qafan, Qoris rayonları tərəfindən mütəmadi olaraq hücumlara məruz qalırdı. Sovet qoşunları tərkibində ora ezam edilmiş Oleq Babakın rəhbərliyi altında olan rota dinc sakinləri müdafiə edirdi, silahlı toqquşmanın qarşısını almalı idi. 1991-ci ilin aprelin 7-i bazar gününə təsadüf edirdi. Həmin gün pravoslav xristianların müqəddəs günü idi.
- Pasxa bayramı idi?
- Həmin il pravoslav xristianların Pasxa və Müqəddəs Müjdə bayramları bir günə təsadüf etmişdi. Nadir hallarda belə olur. Leytenant Babakın taleyinə də, görünür, son döyüşünə həmin gün çıxmaq yazılıbmış. Ermənilərin növbəti təxribatı nəticəsində Yuxarı Cibikli sakinlərindən iki nəfər yoxa çıxmışdı. Kənd isə atəşə tutulurdu.
Onlar hərbçi idi?
- Yox, mülki şəxslər idi. Onlardan biri meşəbəyi idi. Sakinlər bu haqda rotaya məlumat verir. Leytenant Oleq Babak kəndə gəlir ki, vəziyyətlə tanış olsun və erməni yaraqlılarının hücumunun qarşısını alsın. Onlar kəndə çatanda bəlli olur ki, meşəbəyi öldürülüb, digər sakin isə yoxa çıxıb. Bu zaman ermənilər növbəti dəfə hücum edirlər. Onlar Sovet əsgərlərinə də atəş açmağa başlayırlar.
- Döyüşdə təkcə Sovet qoşunları iştirak edirdi, yoxsa yerli sakinlər də onlara kömək edirdi?
- Döyüşdə Oleq Babak, onun döyüş yoldaşları iştirak edirdi. Yerli sakinlərdən sahə müvəkkili də onlarla olub. Oleq Babakın tabeçiliyində iki serjant var idi: Loginov və Boçkov. Serjantlardan biri yaralanır. Yerli sakinlərdən də yaralananlar olur - sahə müvəkkili və meşəbəyinin axtarışına çıxan nişanlısı Gülnarə adlı xanım. Erməni yaraqlıları meşəbəyinin axtarışına çıxan azərbaycanlıları pusquya salıb atəşə tuturlar. Yerli sakinlər arasında yaralananların sayı artır. Erməni yaraqlılarına kömək üçün əlavə qüvvələr gətirildikdə və atışma intensivləşdikdə Oleq Babak yaralıları və yerli sakinləri döyüş meydanından çıxarmaq qərarına gəlir. Serjantlara əmr verir ki, yaralıları maşınla xəstəxanaya çatdırsınlar.
O, döyüş meydanında tək qalaraq iki saata yaxın erməni terrorçularına qarşı şiddətli döyüş aparır. Geriyə göndərdiyi Cibikli kənd sakinlərinə döyüş meydanından uzaqlaşmağa imkan yaratmaq üçün Oleq Babak ermənilərə müraciət edib sovet zabiti olduğunu deyir və atəşi dayandırmağa çağırır. Onu yüzə yaxın erməni döyüşçüsü mühasirəyə alır. Bu zaman Babak onların arasında Sovet Ordusu sıralarında birgə qulluq etdiyi keçmiş döyüşçü yoldaşını görür. Babak ondan soruşur ki, məni xilas edəcəksən, erməni də cavab verir ki, sən mənim millətimin nümayəndələrini öldürmüsən, səni necə diri saxlamaq olar? Müxtəlif mənbələrə görə, Oleq Babak qeyri-bərabər döyüşdə təkbaşına 30-a yaxın erməni yaraqlısını zərərsizləşdirmişdi.
- Azər müəllim, gəlin bir şeyi dəqiqləşdirək. Deməli o döyüşdə Oleq Babakın özündən başqa iki döyüşçü yoldaşı iştirak edib.
- Bəli. Serjantları yaralanandan sonra isə təkbaşına, patronları bitənə qədər döyüşüb. Mühasirəyə alındığı zamanı Oleq Babak danışıqlar aparmaq istəyəndə qardaşı o döyüşdə öldürülmüş erməni yaraqlılarından biri arxadan yaxınlaşaraq “obrezi” Babakın zirehli gödəkcəsinin altına yönəldərək atəş açır. Yəni, erməni quldurları Oleq Babakı xaincəsinə, arxadan vurub öldürürlər.
Bu şücaətinə görə Oleq Babak həmin ilin sentyabrında Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür. Ondan sonra, bildiyiniz kimi, 1991-ci ilin dekabrında SSRİ dağılır, beləliklə Oleq Babak Sovet İttifaqının son qəhrəmanı olur. Ondan sonra bu adı alan olmayıb.
- Oleq Babakın xatirəsini yaşatmaq üçün nə işlər görülüb?
- Onun anadan olduğu kənddə, Ukraynanın Poltava vilayətinin Viktoriya kəndində Oleq Babakın xatirəsi əbədiləşdirilib. Moskvada onun xidmət etdiyi 21-ci Xüsusi Təyinatlı briqadanın yaxınlığındakı küçəyə onun adı verilib. Həmin briqadada muzey fəaliyyət göstərir. O muzeydə Oleq Babakın şəxsi əşyaları, silahı, sənədləri, onun haqqında mətbuatda yazılan sənədlər toplanılıb saxlanır.
- Bəs onun şücaəti qarşılığında Azərbaycanda hansı işlər görüb?
- Ukraynadakı Azərbaycan diasporunun nümayəndələri onun valideynlərini mütəmadi ziyarət edirlər, qəbirüstü abidəsini götürüblər.
- Ukraynada dəfn olunub?
- Bəli. Öz anadan olduğu kənddə. Viktoriyada. Maraqlıdır ki, Viktoriya ingilis dilində “qələbə” deməkdir.
- Oleq Babak neçə yaşında həlak oldu?
- Həmin döyüş zamanı onun 24 yaşı vardı.
- Sizin kanal onun haqqında sənədli film çəkib. Zəhmət olmasa “Həyat naminə” adlanan bu film haqqında bir qədər məlumat verərdiniz.
- Oleq Babak haqqında bizdən əvvəl də Az TV, Xəzər telekanalları film hazırlayıblar. Ukraynanın televiziya kanalı da onun haqqında film çəkib. Bizim filmi fərqləndirən cəhət odur ki, ilk dəfə olaraq onun döyüş yoldaşları ilə Moskva və Kiyevdə görüşmüşük. Həmin döyüşdə iştirak edən Boçkovu, kənd sakinlərini, sahə müvəkkilini danışdırmışıq. Daha bir fərqləndirici məqam da odur ki, biz ilk dəfə üzə çıxarmışıq ki, onun qətlində Babakın keçmiş silahdaşı, sovet ordusunun keçmiş zabiti, erməni döyüşçü iştirak edib.
- O erməninin kimliyini müəyyənləşdirmisiz?
- Yox. Yəqin ki, gələn araşdırmalarımızda onun kimliyini müəyyənləşdirməyə çalışacağıq. Amma bu aydındır ki, ermənilər onu xaincəsinə, keçmiş silahdaşının iştirakı ilə öldürüblər. Bizim telelayihəni digər filmlərdən fərqləndirən daha bir cəhət odur ki, 21-ci xüsusi təyinatlı briqada kilsəsinin keşişi İqumen Feofan Zamesov xüsusilə qeyd edib ki, ermənilər hətta xristianlar üçün müqəddəs olan gün də atəşi dayandırmadı, insanları gülləboran etdi, onlarla eyni dinə etiqad edən zabiti xaincəsinə qətlə yetirdilər. Həmin gün insanı incitmək, müharibə aparmaq olmazdı. Buna baxmayaraq ermənilər hətta dini dəyərləri də heçə sayıblar.
- Ermənilər cəsədi daha sonra sovet qoşunlarına təhvil veriblər?
- Sovet qoşunları hadisə yerinə gələndə görüblər ki, Babakın meyiti yerdədir, amma silahı və zirehli gödəkcəsi yoxdur. Baxış zamanı görüblər ki, onurğa sütunundan atəş açılıb. Bundan sonra danışıqlar nəticəsində onun şəxsi silahını ermənilərdən almaq mümkün olub.
- Belə bir hərbi qayda var. Düşmən olsa belə qəhrəmancasına öldürülən düşmən əsgəri ehtiramla dəfn olunur.
- Faktlar göstərir ki, ermənilərdə belə mənəvi dəyər, hərbi mədəniyyətdən yoxsuldurlar.
- Filmin xronometrajı nə qədərdir?
- Təxminən otuz dəqiqə. Yaxın günlərdə CBC ekranında nümayiş etdiriləcək. Bizdə əsas yayım rus dilində olduğu üçün film də rus dilində göstəriləcək. Sonra onu telekanalımızın digər yayım dillərinə də tərcümə edəcəyik. Biz çəkiliş üçünü həm Moskva, həm də Ukraynaya yaradıcı qrupumuzu ezam eləmişdik. Orada Babakın döyüş yoldaşları ilə, Ukraynada onun məktəb yoldaşları ilə görüş keçiriblər. Ukrayna televiziyası da filmin nümayişi üçün bizə müraciət edib.
- Filmin yaradıcı heyəti kimlərdir?
- Layihənin rəhbəri mənəm. Filmin rejissoru Fuad Ağamalıyev və Coşqun Zahirovdur. Ssenari müəllifləri Xəyalə Məmmədova, Fəridə Behbudova, Mehriban Qasımova və Nigar Əliyevadır.
- Filmdə aktyorlar iştirak edibmi?
- Yox. Aktyorlardan istifadə eləməmişik. Bu artıq bədii film olardı. Bizim telekanal film çəkmir.
- Materialları hardan əldə etmisiz?
- Materialları özümüz toplamışıq, arxiv materiallarından, Babakın çəkildiyi videokadrlardan istifadə etmişik. Bu filmin ərsəyə gəlməsinə görə Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyinə də təşəkkürümü bildirmək istəyirəm.
- Azər müəllim, “Həyat naminə” filminin çəkilişində əsas məqsəd nədir?
- Aprelin yeddisi Oleq Babakın vəfatının 25-ci ili tamam oldu. Biz bu filmi onun qəhrəmanlıqla həlak olaraq həmyerlilərimizi ölümdən xilas etməsi günün 25-ci ildönümünə ithaf etdik. Digər tərəfdən isə biz onun nəyə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsini göstərmək istədik. Oleq Babak əhalinin dinc həyatını erməni qəsbkarlarından xilas etdiyi üçün, onların həyatını öz həyatı naminə xilas etdiyinə görə həlak olub.
- Yəqin filmin adı da buna görə “Həyat naminə” seçilib.
- Bəli. Oleq Babak sadəcə hərbi borcunu yerinə yetirdiyi üçün həlak olmayıb, o haqqı nahaqdan seçdiyinə görə bu döyüşə girib. O, psixoloji cəhətdən bu döyüşə hazır idi, çünki ağı qaradan seçirdi, nəyin naminə döyüşə getdiyini bilirdi. Yüzə yaxın döyüşçüylə təkbaşına döyüşə girməyi özü seçmişdi. Onun arxasında dinc əhali, qarşısında isə terrorçular, qəsbkarlar dayanmışdı. Məhz qəlbində daşıdığı yüksək mənəvi ideyalardan güc alaraq terrorçulara qarşı vuruşub və faktiki olaraq onlara qalib gəlib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi