azia.az
azia.az

“Uşaq koronavirusla bərabər qrip olarsa...” - pediatr Əli Quliyevlə MÜSAHİBƏ

15-09-2020, 11:32


Qarşıdan payız mövsümü gəlir və tədris ilinin başlamasına az vaxt qalıb. Valideynlər isə çox narahatdırlar. Nəzərə alsaq ki, payızda koronavirusun ikinci dalğasının başlanacağı gözlənir, onların bu narahatlığını anlamaq olar. Bu mövsümdə özümüzü, əsasən, uşaqları necə qorumalıyıq?
“Uşaq koronavirusla bərabər qrip olarsa...” - pediatr Əli Quliyevlə MÜSAHİBƏ
Müsahibimiz Azərbaycanda bir çox ailənin övladlarını etibar etdiyi məşhur pediatr Əli Quliyevdir. Hazırda özəl klinikalardan birində çalışan Əli Quliyev yerli və xarici jurnallarda çap olunmuş bir sıra elmi işlərin müəllifidir. O, 2013-cü ildə Tibb Elmləri üzrə Fəlsəfə Doktoru adını alıb. Ə. Quliyev 1994-1998-ci illərdə Naxçıvan Türk liseyində, 1998-2004-cü illərdə Türkiyə Cumhuriyyəti 19 Mayıs Universitetinin Tibb fakültəsində, 2004-2009-cu illərdə Hacettəpə Universiteti Tibb fakültəsi İhsan Doğramacı Uşaq Xəstəxanasında uzmanlıq təhsili alıb. 17 ildir ki, pediatr kimi fəaliyyət göstərir.

Əli Quliyevin Musavat.com-a verdiyi müsahibəni oxuculara təqdim edirik:



- Xoş gördük, doktor. Artıq altı aydan çoxdur ki, biz koronavirusla birgə yaşamağa məcbur olmuşuq. Maraqlıdır, bu dönəmdə sizə müraciət edənlər arasında koronavirusa yoluxan çoxmu oldu?

- Pandemiya dövründə biz də xəstə uşaqlarla qarşılaşdıq. Adətən valideynlərdə koronavirus aşkarlandıqdan sonra bizə müraciət edilirdi. Nəticə bəzilərində müsbət, bəzilərində mənfi çıxırdı. Ümumi olaraq öz təcrübəmə əsasən deyim ki, qarşılaşdığım 90-a yaxın COVID-19 xəstəsi olan uşaqda heç bir ağırlaşma görmədik, heç bir xüsusi müalicə alınmasına ehtiyac qalmadı. 3-4 günlük hərarətdən sonra sağaldılar. Dünyada da belədir, uşaqlarda koronavirusdan ağırlaşma, demək olar ki, görülmür. Ancaq bu o demək deyil ki, biz uşaqları sərbəst buraxaq. Təbii ki uşaqları qorumaq lazımdır.

- Anladığım qədərilə COVID-19-a yoluxmuş xeyli pasiyentiniz olub. Bəs siz bu xəstəliyi keçirdinizmi?

- Bəli, özüm də koronavirusa yoluxmuşdum. Bir gün hərarətim oldu, 3-4 gün içində qoxubilmə, dadbilmə əlamətlərini itirdim. Amma tez sağaldım.

- Keçmiş olsun. Doktor, məktəblərin açılmasına sayılı günlər qalıb. Ötən il tez-tez müxtəlif virus xəstəliklərindən şikayətlər olurdu. Bu il koronavirusla bərabər digər qrip viruslarının da olacağı deyilir. Valideynlər bu dönəmdə nə etməlidirlər?

- Bilirsiniz, bu viruslar, əslində, hər zaman olub. COVID-19 yayılmazdan əvvəl də uşaqlar xəstələnirdilər. Sadəcə koronavirus bizim yanaşmalarımızda dəyişikliyə səbəb oldu. COVID-19-la mübarizədə xüsusi müalicəmiz yoxdur. Amma valideynləri xəbərdar edirik. Uşaqlar ağır keçirməsə belə, yeni xəstəlik olduğu üçün bəzi məqamlara diqqət etməliyik. Doğrusu, uşaq koronavirusla bərabər qrip də olarsa, həkim olaraq necə davranacağımızı bilmirik. Əgər COVID-19-a müdaxilə edə bilmiriksə, heç olmasa qripə qarşı qabaqlayıcı tədbirlər görməliyik. O səbəbdən də valideynlərə mövsümündə uşaqlara qrip peyvəndini vurdurmağı tövsiyə edirik. Onsuz da koronavirus olsa da, olmasa da, uşağa 6 ayından sonra qrip peyvəndinin vurulmasını məsləhət görürdük. Pandemiya vaxtı isə şiddətlə tövsiyə edirik.

- Payızda qrip viruslarına qarşı yeni peyvəndlərin gətiriləcəyi bildirilir. Valideynlər çox zaman uşaqlarına peyvənd vurulmasından imtina edirlər. Ümumiyyətlə, bu peyvəndlərin digərlərindən fərqi nədir? Qiymətləri barədə də məlumat verərdiniz...



- Hansı qripin yayılma ehtimalı varsa, ona qarşı peyvənd yaradılır. Yəni bu peyvəndlər hər il Azərbaycana gətirilir. Qiymətlər, əslində, yüksək olmamalıdır. Bu il hansı qiymətlər olacaq, hələlik məlumatım yoxdur. Amma “pandemiya dövründə daha bahalı qrip peyvəndi vurulacaq” deyə bir anlayış yoxdur. Hər zaman vurulan qrip peyvəndi nə idisə, təkmilləşmiş şəkildə eyni peyvəndlər veriləcək. Qrip peyvəndinin yan təsirləri olmur. Azərbaycana onsuz da canlı qrip peyvəndləri gətirilmir. Cansız qrip peyvəndlərinin də qrip əmələ gətirmə ehtimalı yoxdur. Vurulan cansız bir maddədir, sadəcə qripin müəyyən parçası onun içində var. Bədəni həssas hala gətirir ki, insan qriplə qarşılaşdığı zaman onunla mübarizə apara bilsin. Bu peyvəndlər vurulduğu zaman qripin olma ehtimalı ən azı 50 faiz azalır. Bundan başqa, ağırlaşmaları 80 faiz əngəlləyir. Bu, böyük rəqəmdir, bu baxımdan qrip peyvəndinin vurulması mütləqdir.

- Bu yaxınlarda Təhsil Nazirliyindən bildirildi ki, 12 yaşından aşağı olan uşaqlara maska taxması vacib deyil. Yəni uşaqlar məktəbdə maska taxmaya bilərlər. Əksər hallarda avtobuslarda da valideynlər özləri maskadan istifadə etdiyi halda, övladlarına bunu tətbiq etmirlər. Maska uşaqlara vacib deyilmi?

- Bu gün təbabətdə elə araşdırma yoxdur ki, orada “12 yaşından aşağı uşaqlar maska taxmasın” deyilsin. Maskanın məqsədi mümkün qədər orqanizmə mikrobun yeridilməsini əngəlləməkdir. O baxımdan hər hansı bir yaşda uşaq maskanı taxa bilirsə, maska ilə düzgün davrana bilirsə, taxılması tövsiyə olunur. “Virus 2-5 yaşında uşağı ağırlaşdıra bilməz” anlayışı da yanlışdır. Düzdür, uşaqlar virusu yüngül keçirirlər, amma bunu hamıya şamil etmək olmaz. Bəziləri bunu ağır keçirə bilər. Onu biz maska ilə qoruya bilərik. Adətən 2 yaşdan yuxarı uşaqlar maska ilə daha düzgün davranır. Kollektivdə olan uşaqlara maska taxılmasını tövsiyə edirik.

- Əksər hallarda məktəblilərin çantaları və digər ləvazimatları natəmiz vəziyyətdə olur, bu da bir virus mənbəyi sayıla bilər. Pandemiya dövründə nə etmək lazımdır ki, uşaqları qoruya bilək?

- İnsan bağırsağında mikrobun min növü var və mikrob sayı bədəndəki hüceyrə sayından daha çoxdur. Yəni mikroblar da bir orqan sayılır. O, “pisdir” deyə anlayış yoxdur. İnsanın immun sistemi zamanla formalaşır və mikroblarla dost kimi yaşayır. Əgər immun sistemi zəifləyərsə, o zaman bunlar təhlükəli ola bilər. Bununla belə gigiyena çox önəmlidir. Məktəblərin dezinfeksiya olunması, əllərin tez-tez yuyulması önəmlidir. Amma hər şeydən önəmli olan mikroblardan qorxmaq deyil, insanların düzgün qidalanmasıdır. Əgər bir uşaq düzgün qidalanırsa, immun sisemi normal formalaşırsa, mikroblar da onun üçün təhlükəli olmayacaq. Bəzi təhlükəli mikroblar var ki, biz buna görə uşaqlara peyvənd vururuq.

- Bəs uşaqların immun sistemini gücləndirmək üçün onları necə qidalandırmaq lazımdır?

- Dünyada immun sistemini gücləndirəcək dərman yoxdur. Bununla bağlı uşaqlara yalnız təbii qidalarla yardım edə bilərik. Məsələn, uşaq həftədə üç dəfə ət, yumurta, süd və süd məhsulları yeməlidir, göyərti isə mədə-bağırsaq üçün çox önəmlidir. Ayda heç olmasa 2 dəfə balıq dadmalıdır. Heç qidalanmayan uşaqlara isə vitamin veririk. Amma bunu da bir müddət etmək olar. Valideyn bir yolla uşağını yedirməyin yolunu tapmalıdır.

- Azyaşlı uşaqlara bir neçə peyvənd vurulur, bir də qripə qarşı peyvəndin vurulması onların orqanizminə zərər verməyəcək ki?



- Uşaqlara əsas peyvəndlər ilk 6 ayına qədər vurulur. 6 ayından sonra bir də uşağın 1 yaşında və 18-ci ayında vurulur. Amerika Pediatriya Akademiyası 6 aydan yuxarı bütün uşaqlara qrip peyvəndinin vurulmasını tövsiyə edir. Yəni əsas peyvəndlər 6 aya kimi vurulur. Amma bu peyvəndlərin bərabər vurulması üçün heç bir əks göstəriş yoxdur. Belə bir anlayış var ki, iki canlı peyvənd arasında ən azı bir ay vaxt keçməlidir. Azərbaycana gətirilən qrip peyvəndi cansız olduğu üçün heç bir problemi yoxdur.

- Peyvəndlərdən söz düşmüşkən, valideynlər arasında onların qiymətləri ilə bağlı narazılıq edənlər var. Deyirlər ki, dövlət poliklinikalarında peyvəndlər ucuz olur, özəl klinikalarda isə çox baha. Məsələn, 150-200 manat. Eyni peyvənd niyə özəl kilinikalarda bu qədər bahadır?

- Birincisi, onu vurğulayım ki, biz bütün peyvəndlərin özəl klinikalarda vurulmasını tövsiyə etmirik. Bəlkə, yanlış anlaşılma olub. Məsələn, pnevmakok peyvəndi var, bunun özəl və ya dövlət xəstəxanasında vurulmasının heç bir fərqi yoxdur. Eyni peyvənddir, ikisi də Avropadan gətirilir. Dünyada AKDS kimi tanınan GDT peyvəndi var. Bu, çox ağır peyvənddir. GDT- difteriya, tetanus, göy öskürəyə qarşı peyvəndidir. Bu gün dünyada tövsiyə olunan AKDS peyvəndi nədir? Gücləndirilmiş AKDS-i nevroloji qüsuru olanlara vurmaq olmaz. Vurduğun zaman uşağı itirə bilərik, ağırlaşa bilər. Özəl klinikalarda zəiflədilmiş AKDS peyvəndləri vurulur. Stabil nevroloji uşağa belə vurula bilər. Bu gün dünyada 20-30 ilə yaxındır ki, zəiflədilmiş AKDS peyvəndlərinin vurulması tövsiyə olunur. Bu, dövlət polikliniklarında vurulan peyvəndi inkar etmək deyil. Sadəcə o peyvəndlərdə bir qədər çox yan təsirlər görülə bilər. Zəiflədilmiş peyvəndlər özəl firmalar tərəfindən gətirilir. Qiymət siyasətində bizim heç bir rolumuz yoxdur. Firma bu qiyməti təklif edir, nə qədər uyğun qiymətdir, bunun haqqında bir şey deyə bilməyəcəm. Təbii ki, minimum əmək haqqı alan insanlar üçün çox bahalıdır.

- Valideynlərin sizə müraciət etməsinin bir səbəbi də geyiminizlə bağlıdır. Uşaqlar sizi ənənəvi həkim geyimində görmədikləri üçün qorxmurlar. Bunu bilərəkdən edirsiniz, yoxsa...



- Uşaqların qəbul etdiyi bir stereotip var. Bilmirəm, valideynlər bunu edib, efirlərdəmi görüblər. Ağ xalat gördükləri zaman ağlayırlar, qorxurlar. Əgər uşaqlar qorxmursa, niyə də eləməyək. Əgər insan öz gigiyenasına diqqət edirsə, gündəlik paltarını dəyişdirirsə, xalat olmasın, paltar olsun, fərq etməz.

- Valideynlərin əksəriyyəti bildirilər ki, dövlət xəstəxanalarında olan həkimlərin əksəriyyəti peşəkar deyil, amma sizə etibar edirlər. Digər tərəfdən də bəziləri sizin müayinənin baha olduğundan şikayət edirlər. Səhv etmirəmsə, 60 manatdır...

- Hansısa insan bura yaxınlaşsa, “həkim, pulumuz yoxdur” desə, nə biz ona etiraz edərik, nə də rəhbərlik. Tam səmimi deyirəm. Amma bundan sui-istifadə etmək də olmaz. Bəzən demoqoqluq edənlər olur, mən filankəsin adamıyam, baxmalısınız. Biz də insanıq, qıcıq yarada bilər belə davranış. Bunu da nəzərə almaq lazımdır ki, pediatr gündəlik olaraq maksimum 30 xəstəyə baxa bilər. Bir gündə 40 uşaqda hərarət olarsa, buna baxa bilmərəm. Baxmayanda da valideynlər küsüb gedirlər. Əksəriyyəti də növbədənkənar girmək istəyir. Biz də valideynə başa salmaq istəyirik ki, burda söhbət puldan getmir. Ödəniş etdi-etmədi fərq etməz, sıra ilə baxacağıq.

O ki qaldı qiymət məsələsinə, buna biz qarışmırıq. Biz də buranın işçisiyik. Məsələn, biz xarici ölkələrə xəstə göndəririk, xaricdə müayinənin qiyməti 500 manatdır. 60 manatın çox bahalı olduğunu düşünmürəm. Problem olan qiymət deyil. Dünyada insanlar xəstəxanaya gedir, həkimin yanına yox. Məsələn, Türkiyədə 11 il qalmışam. Orada xəstəxanaya gəlirlər, bilirlər ki, ona kömək edəcəklər, heç bir zərər verməyəcəklər. Burada isə insanlar o qədər problemlə qarşılaşıblar ki... Ya zərər görüb, ya çox dərman yazılıb, ona görə, bir nəfərə bağlanıblar. Ölkəmizdə öz üzərində işləyən həkim sayı kifayət qədər olmadığına görə problemlərlə qarşılaşırıq.

Afaq MİRAYİQ,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi