azia.az
azia.az

Elçin Mirzəbəyli: “Paşinyanın Avropa səfəri fiaskoya uğradı”

7-03-2019, 10:39

Elçin Mirzəbəyli: “Paşinyanın Avropa səfəri fiaskoya uğradı”
"Azərbaycan tərəfinin sülhə məcbur edilməsindən hər hansı bir söhbət gedə bilməz”
Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə rəsmi səfəri faktiki olaraq iflas olub.

Nəzərə çatdıraq ki, Brüsseldə baş nazir Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Federika Mogerini ilə görüşüb. Bir gün əvvəl isə Ermənistan hökumətinin rəhbəri Aİ-nin genişlənmə və qonşuluq siyasəti komissarı Johannes Xan ilə danışıqlar aparıb.

Virtuala.org erməni KİV-nə istinadən bildirir ki, görüşdən sonra Paşinyan və J.Xan birgə mətbuat konfransında Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevlə qarşıdan gələn danışıqlara dair sualları cavablandırıblar.

“Bizim qarşıdakı görüşümüz, digər məsələlərlə yanaşı, danışıqlar formatına həsr olunacaq. Biz hesab edirik ki, bu məsələni həll etmək üçün, ilk növbədə, Dağlıq Qarabağın iştirakını təmin etmək üçün effektiv format yaratmaq lazımdır” - N.Paşinyan deyib.

Öz növbəsində Y.Xan Paşinyanla razılaşmayıb və xüsusi vurğulayıb ki, tərəflərin Qarabağ münaqişəsinin həllində mövcud olan müzakirə formatını qoruyub saxlamaq lazımdır: “Dəstəyimizə gəldikdə, mən hesab edirəm ki, mövcud müzakirə formatını saxlamaq daha yaxşıdır. Yalnız yenilik xatirinə yeni bir şey yaratmaq üçün səy göstərməyə ehtiyac yoxdur. Və daha ümumi planda, söhbət etibar ölçülərindən gedir”.

Aİ-nın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini də Paşinyanın mövqeynin əksinə çıxıb. O bildirib ki, Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda ilkin şərt olmadan tam iştirakının lehinədir. Aİ rəsmisi faktiki olaraq bununla Paşinyanın Dağlıq Qarabağın danışıqlarda iştirakı şərtinin qəbuledilməz olduğunu nümayiş etdirib.

Politoloq Nəzakət Məmmədova “Yeni Müsavat”a bildirdi ki, bu hadisə Paşinyanın Avropa İttifaqına səfərinin fiaskoya uğraması, uzun müddətdir Dağlıq Qarabağ separatçılarını danışıqlar prosesinə qoşmağa çalışmasının uğursuzluqla nəticələnməsidir.

Elçin Mirzəbəyli: “Paşinyanın Avropa səfəri fiaskoya uğradı”
Ekspertin fikrincə, Paşinyanın “iqtisadi islahatlar” adlandırdığı proseslər üçün Aİ-dən maliyyə yardımı istəməsi də səfərin gündəliyinə daxil olan əsas məsələlərdən biri idi. Paşinyan gözlədiyi maliyyəni də ala bilmədi: “Onun Rusiya və Qərb arasında manevr etmək siyasəti də artıq iflasa uğrayır”.

Digər tərəfdən, ABŞ bunun üçün 907-ci düzəlişə moratorium qoymalıdır ki, bu perspektiv Ermənistanı narahat edir.

Politoloq Elçin Mirzəbəyli də Paşinyanın Aİ səfərinin tam fiaskoya uğradığını bildirdi: “Aİ-nin rəsmiləri ilə görüşdə Paşinyana iki məqamla bağlı vacib xatırlatmalar edildi. Birincisi, Aİ Şurasının sədri Donald Tuskla keçirilən görüşdə Qarabağ münaqişəsi ilə bağlı status-kvonun uzun müddət belə qala bilməyəcəyinin vurğulanmasıdır. İkincisi isə sədr bildirdi ki, beynəlxalq hüquq normaları çərçivəsində münaqişənin siyasi həllinin tapılması vacibdir. Bundan başqa, Paşinyana xatırladıldı ki, ATƏT-in Minsk Qrupunun mövcud formatı çərçivəsindən kənarda hər hansı bir format ola bilməz. Həmçinin Dağlıq Qarabağın ayrıca bir subyekt olaraq erməni icmasının danışıqlar prosesinə cəlb edilməsi mümkünsüzdür və bu, haqda ümumiyyətlə, danışmaq lazım deyil. Azərbaycan tərəfinin sülhə məcbur edilməsindən hər hansı bir söhbət gedə bilməz. Çünki işğalçı tərəf Ermənistandır. Eyni zamanda danışıqlar prosesindən də qaçan Ermənistandır. BMT-nin 4 qətnaməsi, beynəlxalq hüquq prinsipləri Azərbaycanın tərəfindədir və Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad olunmasını tələb edirlər. Belə olan təqdirdə yalnız Ermənistanın sülhə məcbur edilməsindən söhbət gedə bilər. Azərbaycanın Dağlıq Qarabağdakı ermənilərin hüquqlarını nəzərə almasına gəldikdə isə bu, proses ərzində ortaya çıxacaq məqamdır. Yəni işğala son qoyulmalıdır və Azərbaycan şübhəsiz ki, onlara öz vətəndaşı kimi yanaşacaq. Onların da hüquqları Azərbaycanda yaşayan digər insanların, vətəndaşların hüquqları kimi qorunacaq, təhlükəsizliyinə təminat veriləcək. Bunun üçün də ilk növbədə Ermənistanın işğalçı qüvvələri Azərbaycan torpaqlarından, Dağlıq Qarabağ bölgəsindən çıxmalıdır”.

Etibar SEYİDAĞA,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi