azia.az
azia.az

"Kim ki, peşəkarcasına jurnalistikaya gəlib və ordan aparıcılığa keçib, məncə, həmin şəxslərin belə bir dərdi yoxdur"-Cəlalə Nəzəroğlu.

11-01-2019, 10:18

"Kim ki, peşəkarcasına jurnalistikaya gəlib və ordan aparıcılığa keçib, məncə, həmin şəxslərin belə bir dərdi yoxdur"-Cəlalə Nəzəroğlu.
Azia.az xəbər verir ki,"RADİODA ÇALIŞMAQ ÇOX MARAQLIDIR".
Cəlalə Nəzəroğlu: "Onun da özünə aid xüsusi sehri var"
İnformasiya daşıyıcılığında radio böyük əhəmiyyət daşıyır. Qəzetlərdə, internet resurslarında olduğu kimi, radioda da dil və nitq problemi, yəni fikrin sərbəst çatdırılması önəmli yer tutur. Nitqin mükəmməl olması bir tərəfdən jurnalistin peşəkarlığından xəbər verirsə, digər tərəfdən informasiyanın aydın və mükəmməl ötürülməsi ilə oxucuya, dinləyiciyə, tamaşaçıya səviyyəli xidmət rolunu oynayır.
Radioda çalışmağın üstün və çətin tərəfləri ilə bağlı "Azia.az "-ın suallarını cavablandıran natiqlik sənəti üzrə mütəxəssis, ASAN Radionun aparıcısı Cəlalə Nəzəroğlu deyib ki, radioda görüntü olmadığına görə, aparıcının öhdəliyi olduqca çoxdur:

"Ünsiyyətdə bədən dili, yəni jestlər və mimikalarımız təxminən 60, səsimiz 30, sözlərimiz isə cəmi 10 faizlik təsirə malikdir. Radio aparıcısı bədən dilindən istifadə etsə belə, dinləyici onu görmür. Deməli, bədən dilinə aid olan 60 faizlik təsir avtomatik olaraq sözün və səsin üzərinə yüklənir. Aparıcının istehza etdiyini, qaşlarını çatdığını, gülümsədiyini görmürük. Amma radio aparıcısı o qədər peşəkar olmalıdır ki, bütün bu sadaladıqlarımızı səsi vasitəsilə çatdıra bilsin. Burda bir çox məsələlər, o cümlədən pauza və məntiqi vurğular önəmli rol daşıyır. Söz sırasını dəyişmədən eyni cümləni müxtəlif mənalarda deyə bilərik.

Radio jurnalistikasında pauzalar da xüsusi əhəmiyyət daşıyır. Məsələn, "gənc” sözünü deyirik və pauza işarəsini, yəni "/” işarəsini qoyuruq. "Gənc / qızların istəyini yerinə yetirdi”. Eyni cümləni yenidən yazırıq və bu dəfə "/” işarəsini "qızlar” sözündən sonra qoyuruq. Söz sırası dəyişmədi, yalnız pauza dəyişdi. Birinci cümlədə söhbət sanki hansısa cavan oğlandan gedir və o qızların hansısa istəyini yerinə yetirir. İkinci cümlədə isə gənc qızlardan söhbət gedir. Adı çəkilməyən kimsə gənc qızların istəyini yerinə yetirir. Sözün yaxşı mənasında aparıcının səsi ilə "oynaması” bu qədər önəmlidir”.

- Aparıcılar radioda işləməyin daha asan olduğunu düşünürlər. Məsələn, hazır mətni oxuyaraq səsləndirə bilirlər. Bu, nə dərəcədə düzgündür?

- Əslində haqsız hesab edilmirlər. Televiziyada aparıcı efirə çıxmaqdan ötrü hər şeydən əvvəl vizual olaraq hazırlıqlı olmalıdır. Bu da uzun bir prosesdir. Onun saçı, makiyajı, geyimi, projektorların altında quraşdırılmış studiyada oturuşu önəmlidir. Əgər aparıcı efirə çıxmağa tam hazırlıqlı deyilsə, davamlı olaraq çıxışını kağızdan oxuya bilməz. Bu onun qeyri-peşəkar olduğunu göstərir. Amma radio aparıcısı əvvəlcədən etdiyi araşdırmanı oxuyurmuş kimi yox, danışırmış kimi vərəqdən səsləndirə bilər. Məhz radio aparıcısının üstünlüklərindən biri də budur.

- Belə bir fikir də var ki, radioda çalışan aparıcıların sonra televiziyaya gəlməsi onlar üçün olduqca asan olur. Sizcə də bu belədirmi?

- Əslində məntiqli görünür. Daha öncə mikrofonla, insanla təmasda olan aparıcı bir qədər püxtələşmiş olur. Üzü görünmədiyi və radioda çalışdığı üçün ilkin həyəcanının çox hissəsini yük kimi çiynindən atır. Bu, bir istisnadır. Çünki elə adamlar var ki, illər boyu radioda çox sərbəst danışır, canlı yayımlarda heç bir sıxıntı çəkmir. Amma televiziyada efirə çıxanda projektorların altında oturarkən, canlı yayıma saniyələr qalarkən, kameranın obyektivinə baxıb danışarkən dəhşətli dərəcədə həyəcan keçirir. Hər şey vərdişdən asılıdır. Zaman keçdikcə bu həyəcan da aradan qalxır. Əgər aparıcı öz peşəsini sevirsə, özünə, işinə, sözünə, verilişinə hörmət edirsə, çox işləyəcək, fərdi inkişafı ilə məşğul olacaq, daha bol məlumat əldə edəcək və qısa zaman ərzində bu həyəcanı dəf etməyi bacaracaq.

- Aparıcının üstün cəhətlərindən biri, onun gözəl danışıq və səlis nitq qabiliyyətinə malik olmasıdır. Bu, radio üçün də keçərlidir. Hazırkı aparıcıların nitq qabiliyyətini yetərli hesab edirsizmi?

- Aparıcıların nitqində olan qüsur bizim yaralı yerimizdir. Bununla bağlı ildə bir neçə dəfə monitorinq keçirilir. Aparıcıların harada səhvə yol verməsinə dair qeydlər edilir, mətbuat konfransı keçirilir. Əslində işin tənqidi tərəfi ilə yanaşı, çıxış yolunun da göstərilməsi yaxşı olardı. Məncə, hər bir aparıcı öz üzərində işləmək, səhvlərini düzəltmək və daha peşəkar görünmək istəyir. Radio aparıcıları daha diqqətli olmalıdır. Çünki onların tək silahı sözləri və səsləridir.

- Radio aparıcısı üçün lazım olan əsas xüsusiyyətlər hansılardı?

- Televiziya və radioda işləməyindən asılı olmayaraq bəzi xüsusiyyətlər var ki, aparıcı həmin xüsusiyyətləri özündə daşımalıdır. Bu, onun peşə borcudur. Hər şeydən əvvəl aparıcı üzərində işləməlidir. Aparıcının çox məlumatlı olması da vacibdir. Təbii ki, bütün detalları yadda saxlamaq məcburiyyəti yoxdur. Elə aparıcı var ki, mövzu ilə bağlı olan məlumatı efirə çıxmamışdan bir neçə saat qabaq oxuyur. Ola bilsin ki, efirdən bir neçə saat sonra həmin məlumatı unudur. Əsas odur ki, efirdə dinləyiciyə və tamaşaçıya məlumatı ötürə bilir. Dinləyicini, tamaşaçını hiss etmək lazımdır. Məsələn, empatiya hissi qurmaq önəmlidir. Aparıcı fikirləşməlidir ki, "mən dinləyici olsaydım, qonaqdan nə soruşmaq istəyərdim?”. Sanki tamaşaçının istəyini eşidib dilə gətirmək lazımdır. Qoy dinləyici desin ki, "elə bunu soruşmaq istəyirdim”. Aparıcı məlumatlı olmayanda ümumi suallara əl atır. Məsələn, tez-tez eşitdiyimiz "hansı yeniliklər gözlənilir?”, "necə oldu bu sənətə gəldiniz” və s. Bu suallar az-çox səsi, normal diksiyası olan istənilən şəxs tərəfindən ünvanlana bilər.

- Bəs, aparıcı olmağın verdiyi öhdəliklər nədir?

- Aparıcının əsas öhdəliyi onun həqiqətən də hazırlıqlı olmasıdır. Bəzi aparıcılar var ki, qonağı dinləmirlər. Sualları əvvəlcədən yazır, əlində saxlayır və fikri başqa yerdədir. Ola bilsin ki, 1-ci sual ünvanlanıb və qonaq bir qədər sonra aparıcının verəcəyi 2-3-cü sualı da artıq cavablandırdı. Amma aparıcı diqqətli olmadığı üçün təkrar olaraq həmin sualları verir. Aparıcı nitqi üzərində işləməlidir, onun ağız aparatı, düzgün nəfəs almağı, səsi, sözü qüsursuz olmalıdır.

- Radio aparıcıları ilə bağlı dinləyiciləri narahat edən məqamlardan biri aparıcıların ciddiyyətini qorumamasıdır. Efirdən kənar söhbətlər edən aparıcıların radioda çalışmasını düzgün hesab etmirlər. Bu barədə nə düşünürsüz?

- Hesab edirlər ki, Azərbaycanda dinləyicilər, tamaşaçılar yalnız şou xarakterli verilişləri xoşlayırlar. Bu bir tendensiyadır və çox mübahisəli məsələdir. Birmənalı şəkildə demək olmaz ki, həqiqətən də tamaşaçıların tələbatı budur. Təxminən 1-2 həftə öncə İctimai Televiziyada "Dikdaban” verilişinin qonağı oldum. Biz dilçilikdən, gözəl danışmaqdan, natiqlik qabiliyyətindən, nəyi harada və necə deməkdən danışırdıq. Veriliş bitəndən sonra bütün sosial şəbəkələr üzərindən o qədər çox məktub gəldi ki... Məktub yazanlar mövzunun kifayət qədər maraqlı olduğunu və bilmədikləri bir çox məsələlərlə tanış olduqlarını yazmışdılar. Mövzu maraqlı idi. Lakin tamaşaçıya mövzunu çatdıran da maraqlı çatdırmalıdır. Demək ki, dinləyici yaxşı məhsul gördüyü zaman onu alır. Biz heç də onun boynuna qoya bilmərik ki, yalnız aşağı səviyyəli məhsulları götürür. Reallıq hələ ki, bunu göstərir ki, şou xarakterli verilişlər daha çox izlənilir və dinlənilir. Bu səbəbdən də aparıcıların ciddiyyətini qorumaması gündəmdədir.

- Əvvəlki illərlə müqayisədə radioda çalışan aparıcıların sayı azalmaqdadır. Əksər aparıcılar televiziyada çalışmağı daha avantajlı hesab edirlər. Səbəb daha çox tanınmaq və üzdə olmaqdır. Amma radio aparıcıları sadəcə səs və adları ilə tanınırlar. Sizcə, bu, radioda çalışanların sayının azalmasına səbəb ola bilərmi?

- Məncə, şöhrətpərəst olub-olmamaq insani keyfiyyətdir. Fərqi yoxdur o harada işləyir və peşəsi nədir. Ola bilsin ki, bəzi insanlar jurnalistikanı, aparıcılığı yalnız və yalnız "məni tanısınlar”, "getdiyim yerlərdə məni barmaqla göstərsinlər,” sosial şəbəkələrin və efirlərin ulduzu olum” yanaşması ilə düşünürlər. Bu bir xəstəlikdir. Kim ki, peşəkarcasına jurnalistikaya gəlib və ordan aparıcılığa keçib, məncə, həmin şəxslərin belə bir dərdi yoxdur. Bütün informasiya daşıyıcıları - radio, televiziya, qəzet, jurnal, elektron mətbuat bir sevgi "yuvasıdır”. Əsas odur ki, fikrini kütləyə ötürə bilirsən. Məsələn, mən uzun illər televiziyada işləmişəm, televiziyadan radioya keçmək hər zaman daha çətin olur. Televiziyanın xüsusi bir "sehri”, "dadı” var. Bu dadla tanış olandan sonra bəziləri üçün radioda işləmək çətin görünür. Amma radioda çalışmaq da çox maraqlıdır. Onun da özünə aid xüsusi sehri var. Şöhrətpərəstlik insana xas olan xüsusiyyətdir. Düşünürəm ki, peşə ilə bağlantısı yoxdur.

- Natiqlik üzrə mütəxəssis kimi müəyyən kurslar təşkil edirsiz. Daha çox hansı təlimlər keçirilir?

- "Diksiya Akademiyası Məhdud Məsuliyyətli Cəmiyyət”i hələ ki, Azərbaycan dilində şifahi və yazılı danışığı özündə birləşdirən yeganə və birinci mərkəzdir. Mərkəzdə 15-ə yaxın kurslarımız var. Düzgün danışıq, natiqlik qabiliyyəti, təqdimat bacarıqları, satıcılar üçün kurslar, bank, sığorta, turizm əməkdaşlarının müştəri ilə davranması, şirkətlərarası rəsmi yazışmalar, məmurlar üçün xüsusi paketlər, uşaq və yeniyetmələr üçün kurslar keçirilir. Təbii ki, həmin kurslardan biri "Aparıcının danışıq kursu” adlanır. Bəzən aparıcılar bunu özlərinə ciddi kompleks edirlər və istəmirlər ki, natiqliklə bağlı təlim aldıqları haradasa bilinsin və eşidilsin. Təbii ki, biz də hər zaman müştərilərimizin sirrini qoruyuruq. Yalnız onu deyə bilərəm ki, müxtəlif televiziyalardan, özəlliklə son dövrlərdə ciddi şəkildə irəliyə addım atan, köklü dəyişikliklər edən 2 televiziya kanalının xanım aparıcıları bizim mərkəzə göndərilib. Təxminən avqust ayından etibarən onlarla işləyirik və uğurlu olduqlarını görürük.

- Kurslara maraq hansı səviyyədədir?

- İnanın ki, mərkəzi yaradanda deyirdilər ki, "necə ola bilər, siz Azərbaycanda yaşayaraq Azərbaycan dilini bilən insanlara yenidən bu dili öyrədəcəksiz?” Kurslarımızla bağlı o qədər çox müraciətlər var ki, artıq 4 təlimçi ilə bu işi çatdıra bilmirik. Yetirmələrimlə eyni proqramı tətbiq edirik. Türkiyə təcrübəsi ilə qısa zaman ərzində nəzəriyyədən istifadə etmədən praktiki məşqlərlə istənilən növ nitq qüsurunu aradan qaldırmağa müvəffəq oluruq. İştirakçı sayı çoxaldıqca və müraciət artdıqca, növbəti təlimçi qrupunun yetişdirilməsinə başlamışıq. Ümid edirik ki, ölkəmiz və vətəndaşlarımız üçün doğma dilimizi öyrətmək yolunda çox faydalı olacağıq”.
Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi