azia.az
azia.az

Arıçılıq təsərrüfatlarında məhsuldarlıq niyə azalıb?

2-07-2016, 03:43

Arıçılıq təsərrüfatlarında məhsuldarlıq niyə azalıb? Builki qeyri-sabit hava şəraiti kənd təsərrüfatının digər sahələrinə olduğu kimi, arıçılığa da təsirsiz ötüşməyib. Bu sahə ilə məşğul olanlar APA TV-nin cənub bürosuna məhsuldarlığın ötən illə müqayisədə təxminən yarıbayarı azaldığını bildiriblər.

Qeyd edək ki, cənub bölgəsində ən iri arıçılıq təsərrüfatları Astara rayonunda yerləşir. Rayonun əksər dağlıq və dağətəyi kəndlərində arıçılıq əhalinin başlıca məşğuliyyətini və təsərrüfatın aparıcı sahəsini təşkil edir. Arıçıların əlaqələrini möhkəmləndirmək, onların problemlərini müvafiq qurumlara çatdırmaqdan ötrü 2008-ci ilin fevral ayından Astarada Arıçılar Cəmiyyəti yaradılıb. Elə həmin müddətdən cəmiyyətə təcrübəli arıçı Arif Nəzirov sədrlik edir: "Arı ailələrimizi qışdan sağ-salamat çıxarda bildik. Yazı aran yerlərində keçirdik. İndi dağlara gəlmişik. Builki məhsuldarlığımız çox yüksək olmasa da, yenə şükür ki, məhsulumuz var və hazırda bal süzümünə başlamışıq. Ümid edirik ki, hər arı ailəsindən 11-12 kiloqram məhsul götürə bilərik".

Cəmiyyətin sədri təsərrüfatlarda bal yığımının keçən ilə nisbətən bu il zəif olmasının səbəbini havaların qeyri-sabit keçməsi, intensiv yağıntıların düşməsi ilə əlaqələndirib: "Arı çoxlu zəhmət tələb edir. Əgər onları gəzdirməsən, hər arı ailəsindən heç vaxt 20-25 kiloqram məhsul götürmək mümkün olmayacaq. Builki yağışların normadan çox düşməsi çiçəklərə təsir edib. Arı quraqlıq sevir. Nəmlik olanda arı inkişaf edə bilmir. Yağışlı havada, ümumiyyətlə, çölə çıxmır, əgər çölə çıxarsa, məhv olur".

Builki qeyri-sabit hava şəraiti arıçı Tural Hidayətovun da qayğılarını artırıb. Turalın sözlərinə görə, keçən il 95 arı ailəsindən 1,5 ton məhsul götürüb. Bu il o, arı ailələrinin sayını 100-ə çatdırıb, amma proqnozla məhsul artımında heç bir dəyişiklik gözlənilmir: "Keçən illə müqayisədə bu il məhsul istehsalında zəiflik var. Bu da havaların yağıntılı keçməsi ilə əlaqədardır. İndi arı ailələrini arandan dağlara gətirmişik. Hər qutudan orta hesabla 10-12 kiloqram məhsul götürəcəyik. Keçən il 80 arı ailəsindən 1,5 ton məhsul götürmüşdük. Bu il bu rəqəm bir qədər az olacaq".

Astara Rayon Statistika İdarəsindən APA TV-nin cənub bürosuna verilən məlumata görə, hazırda rayonda 9738 arı ailəsi var. Arıçılıqla 1024 təsərrüfat məşğul olur. Keçən il rayon üzrə 80 ton bal istehsal olunub. Bu il də ötən ilki qədər məhsulun tədarük olunacağı gözlənilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi