azia.az
azia.az

Putin üçün limuzin istehsal edən azərbaycanlı - Foto

13-06-2019, 23:14

Putin üçün limuzin istehsal edən azərbaycanlı - Foto
Rusiyanın siyasi elitası, özəlliklə Prezident Viladimir Putin üçün avtomobil istehsalını gerçəkləşdirən “Aurus” ASC-nin prezidenti vəzifəsinə azərbaycanlı Adil Şamil oğlu Şirinov gətirilib. 1964-cü ildə Bakıda doğulan Adil Şirinov Rusiyada avtomobil istehsalı və satışı üzrə əsas söz sahiblərindən biri hesab edilir.

Musavat.com-un məlumatına görə, o, 1990-cı illərin sonlarından etibarən Rusiyanın avtomobil sənayesində ən yaxşı mütəxəssislərdən biridir. Son təyinata qədər Rusiyada fəaliyyət göstərən “Ford Sollers” və UAZ birgə müəssisəsinin baş direktoru olub. Yeni təyinatından sonra da əvvəlki vəzifələrində qalıb. İyunun 1-dən isə yeni vəzifəsini icra edir.

Adil Şirinov bu postda Herhard Hilqerti əvəzləyib. Hilqert 2018-ci ildən şirkətə rəhbərlik edib. Adil Şirinovun əsas prioritet planı “Aurus” avtomobil seriyasının istehsalını təşkil etməkdir. 2021-ci ildən bu istehsal ildə 5 min avtomobil olmalıdır. Adil Şirinovun bioqrafiyası ilə tanışlıq hazırkı vəzifəyə təyinatının təsadüfi olmadığını söyləməyə əsas verir.
Putin üçün limuzin istehsal edən azərbaycanlı - Foto
Rusiya mətbuatına müsahibələrində özü haqda məlumat verən çox milyonluq Rusiyanın baş avtomobilisti deyib ki, ixtisasca hərbi tərcüməçidir. Bakıda məktəbi bitirəndən sonra Nijni Novqorod Xarici Dillər İnstitutuna daxil olub. İngilis, ispan və türk dilləri üzrə hərbi tərcüməçi ixtisasına yiyələnib. Adil Şirinovun ixtisası üzrə işləməsi haqda məlumat yoxdur. O, 1993-cü ildən Piterdə “OTİS” lift zavodunda işə başlayıb. İşlədiyi müddətdə Avropada 2 universitet və magistratura bitirib.

Adil Şirinov müsahibələrində deyib ki, onun “OTİS”dəki 6 illik iş təcrübəsi sonradan fəaliyyətinin dirçəlməsinə böyük dəstək verib.

“Karyeramı orada qurdum, sex rəisindən başlayan yolum şöbələrdən birinin direktoru postuna qədər uzandı. 1998-ci ildə ABŞ avtomobil istehsalçısı “Ford” Rusiyaya gələndən sonra mənə orada olduqca cəlbedici əmək haqqı təklif etməklə perspektivli avtomobilqayırmaya rəhbərlik təklif etdilər. Piterdə “Ford” zavodunun açılamasında iştirak etdim, amma orada işləmək mənə maraqlı olmadı. Nataraz, böyük bürokratiyanın olduğu kompaniyada işləməyi sevmirəm. Bununla belə, orada böyük təcrübə toplaya bildim. Sonrakı 2 ildə “RusPromAvto”da işlədim. 2004-cü ildən isə Vadim Şvetsovla birgə işə başlamışam. Əvvəlcə “Severstal-Avto”da, sonra isə Sollersdə işə davam etdik. Tatarstanın Yelabuq şəhərində sıfırdan avtomobil zavodu qurdum. 2005-ci ildən Tatarıstanla əlaqələrim var, oranın əməkdar maşınqayıranıyam”, - deyə Adil Şirinov bildirib.

Həmin müsahibəsində o, Rusiyanın maşınqayırma sənayesinin gələcəyi ilə bağlı fikirlərini də açıqlayıb. Deyib ki, Rusiyada maşın istehsalının inkişafı üçün nələr etmək lazım olduğunu yaxşı bilir: “İdmançı azartı ilə hər kəsə sübut edə biləcəyik ki, biz bunu bacarırıq. Özümə çox inanıram, səbəb də budur ki, hansı istiqamətə getmək lazım olduğunu yaxşı bilirəm. Bu nə qədər alınacaq, insanlara düzgün yanaşma və komandadan asılı olacaq. Mənim həyat kredom – 1 nəfər meydanda döyüşçü deyil, ona görə də komanda hər şeyin əsasını təşkil edir. Hazırkı komanda özünəinamı artırır, amma komandanın gücləndirilməsi də vacib şərtdir”.

Adil Şirinova tapşırılan yeni vəzifə Rusiya maşınqayırma sənayesinin əsas inkişaf istiqamətlərini müəyyən edir. 2018-ci ildə Vladimir Putin özünün inauqurasiya mərasiminə “Aurus” ASC-nin istehsal etdiyi eyni adlı limuzində gəlib. Buna qədər Rusiya prezidenti “Mercedes Pullman”dan istifadə edirdi. Rusiya istehsalı olan “Aurus”un əsas müştəriləri hələlik dövlət qurumları, əsasən nazirlər, komitə sədrləri, prokurorluq, vilayət başçılarıdır. Maşının qiyməti də texniki göstəricilərindən asılı olaraq 10 milyon rubldan başlayaraq 15 milyona qədərdir. Limuzində V6, V8 və V12 hibrid mühərriklər quraşdırılır.

Putinin istifadə etdiyi “Aurus” 4.4 at gücünə malik V8 hibrid mühərriki ilə təhciz olunub. Avtomobil texniki göstəricilərinə və təhlükəsizlik parametrlərinə görə ABŞ və Avropa istehsallı analoqlarından fərqlənmir. 9 pilləli avtomat ötürücü qutusu olan prezident “Aurus”unun çəkisi 7 tondur. Limuzin saatda 250 kilometr qət edə bilir. 2021-ci ilə qədər “Aurus”un bazısında “Arsenal” miniveni, “Komendant” yolsuzluq avtomobili istehsalı da planlaşdırılıb. İstehsal olunacaq avtomobillərin hibrid mühərriklə təchiz olunması, qiymətlərinin 6 milyon civarında müəyyən ediləcəyi də açıqlanıb. Belə görünür ki, həmyerlimiz Adil Şirinova belə bir prioritet istehsal sahəsinin tapşırılması əbəs deyil, onun bilik və bacarıqları qurulan planların gerçəkləşməsinə xidmət etməlidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi