azia.az
azia.az

İran Azərbaycanın zəif tərəfini yoxlayır

13-09-2021, 07:24




İran Azərbaycanın zəif tərəfini yoxlayır
Çoxsaylı tarixi ədalətsizliklər arasında ən ziyansızı bir müəllifin sözlərini başqasının adına yazmaqdır. Britaniyalı həmkarlar ittifaq; xadimi Tomas Danninq nə vaxtsa kapitalizmin mahiyyətini çox gözəl şəkildə təsvir edib və onun sözlərini bəyənən Karl Marks həmin fikirlərə öz “Kapital”ında yer verib. Xatırlayırsızmı? Söhbət böyük mənfəəti görən kapitalın qeyri-adi dərəcədə cəsarətlənməsindən gedir.

"O, 20 faiz mənfəətdə canlanır, 50 faizdə başını itirməyə hazırdır, 100 faizdə bütün insan qanunlarını tapdayır, 300 faizdə isə elə bir cinayət yoxdur ki, hətta dar ağacı qorxusu altında belə ona risk etməsin ". Çoxları bu fikri Marksın adına çıxır.

Bizim dövrümüzdə qul alverini bu klassik nümunədə tam hüquqla narkotiklərin ticarəti ilə əvəzləmək olar. İfrat yüksək mənfəət narkotik dəllallarını qeyri-adi ixtiraçılığa və qorxu hissini tamamilə itirmələrinə yönləndirir.

İran narkotiklərin istifadəsi və yayılması nöqteyi-nəzərindən dünyanın ən qeyri-qənaətbəxş ölkələrindən biri, bəlkə də birincisidir. Narkotiklərin becərilməsi ilə Əfqanıstan məşğul olursa, əfqan opiatlarının 50%-nin trafiki İrandan keçir. Narkotiklərin 40%-ə qədəri daxili bazar üçün burada qalır. Təsadüfi deyil ki, İran narkotiklərə nəzarət Agentliyinin dəyərləndirməsinə görə, ölkədə narkotikdən asılı adamların sayı 2,8 milyon nəfərdir, bu isə yaşlı əhalinin 5,4%-dir. Buraya mütəmadi olmayaraq narkotik istifadə edənlər daxil deyil.
İran Azərbaycanın zəif tərəfini yoxlayır


Narkotrafik İrandan iki istiqamətə ayrılır: cənuba, Körfəz ölkələrinə və Balkan marşrutu ilə Avropaya. Daha xırda istiqamətlər də var, onlardan biri Cənubi Qafqazdan Gürcüstan limanlarına və Rusiyayadır.

Yüksək mənfəətli bu əməliyyatların arxasında həm narkotacirlər, həm də İran güc strukturlarının onlarla əlaqəli çalışan nümayəndələri dayanır. Hələ 2012-ci ilin martında ABŞ Maliyyə nazirliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) bölmələrindən olan “Qüds”ün komandanı Qulamrza Baqhbanini heroinin Qərbə ixracında əsas fiqur adlandırmışdı. “Keşikçilər” arasında amerikalıların beynəlxalq narkodiler hesab etdiyi bir çox şəxs var.



Qulamrza Beqhbani
İran Azərbaycanın zəif tərəfini yoxlayır
İranın özündə narkotiklərin yayılmasına qarşı sərt mübarizə gedir. İran türmələrindəki məhbusların heç olmasa yarısı məhz bu cinayətlə əlaqəlidirlər. Son 30 ildə narkotacirlərlə toqquşmalarda 3700 polis öldürülüb və 12 min polis yaralanıb. Bu, əsl müharibədir. Ancaq İran başqa müharibələr də aparır və o müharibələrdə narkotiklər “müqəddəs mübarizə”ni maliyyələşdirmək üçün böyük gəlir mənbəyi sayılır. Məsələn, 2008-ci ildə ABŞ narkotiklərlə mübarizə İdarəsi “Kassandra layihəsi” adı altında irimiqyaslı əməliyyat keçirərək iranpərəst “Hezbollah”ın Avropa və ABŞ-ı əhatə edən narkotrafik və pulların yuyulması şəbəkəsi ilə geniş əlaqələrini üzə çıxarıb. Amerikanların fikrincə, bu qanunsuz fəaliyyətdən ümumi illik gəlir milyard dollara yaxındır. Ancaq həmin əməliyyat cinayətkar fəaliyyəti dayandırmaq üçün yetəli olmadı.

Hazırda “Hezbollah” fəal şəkildə amfetaminlərdən qazanır. Ötən il İtaliyanın hüquq-mühafizə orqanları ölkəyə Suriyadan gələn, göndərilmə məntəqəsi isə iranlıların, “Hezbollah”ın və rusların nəzarətindəki Latakiya limanı olan 14 tonluq narkotik partiyasını ələ keçirdi. Suriya çoxdandır İrandan gələn və silahlı proksi-qrupların maraqlarına uyğun olaraq gizli şəbəkələr vasitəsilə realizə olunan amfetaminin və xammal materiallarının gizli istehsalı məkanına çevrilib.

Bu biznesə Əsəd rejiminin qarantlarının - Rusiya kontingentinin nümayəndələrinin də cəlb olunmadığını apriori istisna etmək olmaz. Bu “mövzu”nu hələ Əfqanıstanda sovet “beynəlmiləlçilər”i yaxşı mənimsəmişdilər. İndikilər onlardan daha qabağa gediblər.

Bu informasiyaların fonunda Azərbaycan-İran sərhəddində narkotik daşınmasına cəhdlərin sayının artması xəbərləri həyəcan doğurur.

İran Azərbaycanın zəif tərəfini yoxlayır

Bu da quru statistika. Dövlət gömruk komitəsinin həyata keçirdiyi tədbirlər nəticəsində 2020-ci il ərzində İrandan narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı 111 fakt aşkarlanıb, dövriyyədən ümumilikdə 1 ton 490 kq 495 qram narkotik vasitə, psixotrop maddələr və onların prekursorları çıxarılıb. Onların 96%-i təhlükəli narkotik vasitələrdir: 1 ton 430 kq 538 qram heroin, 36 kq 702 qram tiryək, 5 kq 909 qram həşiş, 1 kq 169 qram marixuana, 1 kq 365 qram kokain, 15,5 qram metadon, 6 kq 354 qram metamfetamin, 1 kq 187 qram MDMA (ekstazi), 9 ədəd klonazepam, 4 kq 600 qram sulfat turşusunun, 2 kq 556 qram xlorid turşusunun qanunsuz dövriyyəsi və digər maddələr.

2020-ci il ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 108 şəxs, o cümlədən 79 Azərbaycan vətəndaşı, 94 kişi və 14 qadın, 29 əcnəbi (17 İran, 5 Rusiya, 4 Gürcüstan, 1 Ukrayna, 1 Türkiyə və 1 Pakistan vətəndaşı) barəsində müvafiq ölçülər götürülüb, 12 cinayətkar qruplaşma ifşa edilib.

Görünür, sərhədin müharibədən sonra bərpa olunan 132 kilometrlik hissəsi bu ərazidən əvvəllər cəzasız şəkildə yararlanmış və vəziyyət dəyişəndən sonra da imkanlar axtaran şəxslər üçün böyük maraq kəsb edir. Azərbaycanın İrandan həm tranzit məqsədilə, həm də ölkədə yaymaq üçün narkotrafikin qarşısını almaq qabiliyyətinin yoxlanılması gedir. Bu, təkcə kriminal şərait məsələsi deyil, həm də tamamilə siyasi çağırışdır ki, onun da yalnız bir, qəti və sərt cavabı var.

Müəllif: Fərid İsayev


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi