azia.az
azia.az

Azərbaycan kartofunda pepino mozaika virusu?

2-08-2021, 11:31

Azərbaycan kartofunda pepino mozaika virusu?

Bu günlərdə "Rosselxoznadzor" xəbərdarlıq edib ki, Azərbaycandan Rusiyaya ixrac olunan kartofda pepino mozaika virusu aşkar edərsə ixraca qadağa qoyulacaq.

"Rosselxoznadzor" Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinə kartoflarda aşkar edilə biləcək virus barədə xəbərdarlıq edib. Bu məsələ həmin strukturlar arasında keçirilmiş videokonfrans formatında görüşdə müzakirə olunub. Rusiya tərəfi Avrasiya İqtisadi Birliyinə üzv ölkələrdən idxal olunan kartoflarda qəhvəyi bakterial çürüklər olması barədə məlumat verib və Azərbaycan tərəfindən bununla bağlı araşdırma aparmağı, ixraca yönəldilən nəzarəti gücləndirməyi xahiş edib.



Virtualaz.org qeyd edir ki, hazırda Azərbaycandan Rusiya bazarına kartof ixracı mövsümü yekunlaşmaq üzrədir. Bununla belə, virusa görə kartof ixracına məhdudiyyətlərin tətbiqi fermerləri çətin duruma sala bilər. Bu səbəbdən Azərbaycan Qida Təhlükəsizlik Agentliyi hazırda təsərrüfatlarda, sahibkarlıq subyektlərində monitorinqlərə, araşdırmalara başlayıb.

Agentlikdən verilən məlumatda deyilir ki, qonşu dövlətlər də daxil olmaqla, əksər ölkələrdə kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurmaq potensialına malik olan pepino mozaika virusu və pomidor məhsulunun qonur qırışıqlıq virusu yayılıb. Adı çəkilən virus xəstəlikləri əsasən pomidor bitkisində olur, lakin bu viruslar badımcan, bibər, kartof və tütünə daha çox zərər vurur. Son illərdə xüsusən Avropada virusların yayılma arealı daha da genişlənib.



Hazırda bu virus xəstəliklərini səmərəli şəkildə idarə etməyə imkan verən mübarizə metodu yoxdur və yoluxmuş bitkinin sağlamlaşdırılması mümkün deyil.

“Rosselxoznadzor” tərəfindən agentlik əməkdaşlarının iştirakı ilə keçirilən videomonitorinqlər zamanı “Can agro” MMC-yə məxsus təsərrüfatda və ixrac zamanı “Geotermal aqro” MMC-yə məxsus yük partiyasında pepino mozaik virusu, “Local Garden” MMC-yə məxsus yük partiyasında isə qonur qarışıqlıq virusu aşkar edilib. Bu müəssisələrə müvafiq məktub və bildirişlər göndərilib. Habelə həmin müəssisələrdə agentliyin əməkdaşlarının iştirakı ilə şitillərin zərərsizləşdirilməsi və müəssisənin dezinfeksiya edilməsinə nəzarət tədbirləri həyata keçirilib.


Azərbaycan kartofunda pepino mozaika virusu?
Virusun yayılmasının qarşısının alınması məqsədilə idxal olunan toxumlara agentlik tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində İspaniyadan gətirilən pomidor toxumunda qonur qırışıqlıq virusu aşkar edilib və bu ölkənin müvafiq dövlət strukturuna bildiriş göndərilib.

Qeyd edilir ki, virusun yayılmasının əsas mənbəyi yoluxmuş toxumlardır və agentlik tərəfindən yalnız gömrük rəsmiləşdirilməsindən keçərək idxal olunmuş toxumlara nəzarət edilir. Hazırda ölkəyə əl yükləri və poçt daşımaları vasitəsilə dövlət reyestrində qeydiyyatda olmayan və sınağa cəlb edilməmiş xeyli miqdarda toxumlar da daxil olur.

Belə ki, bu sahədə fəaliyyət göstərən sahibkarlar tərəfindən müvafiq müayinələrdən keçməmiş və qanunsuz yollarla ölkəyə gətirilən toxumlardan istifadə olunması, həmçinin toxumların əl yükləri və minik avtomobilərinin yük yerlərində ölkəyə gətirilməsi yolverilməzdir və bu kimi halların qarşısını almaq üçün qanunvericilik çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcək.



Agentliyin Aparat rəhbəri Elxan Mikayılov da bildirib ki, kartofla bağlı qeyd edilən virusun yayıldığı ərazilərdə bir neçə il kartofun əkilməməsi tələb olunur. Buna görə də məsələnin ciddiliyi nəzərə alınmalıdır. “Hansı təsərrüfatlarda virus aşkarlanarsa, həmin təsərrüfatlarla bağlı ciddi tədbirlər görüləcək, o cümlədən hüquq-mühafizə orqanlarına bu barədə məlumat veriləcək”,- E.Mikayılov xəbərdarlıq edib.

Qeyd edək ki, bu il ölkədə 56.1 min hektar sahədə kartof əkilib. Yanvar-iyun aylarında 391.2 min ton kartof istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz çoxdur.

Azərbaycandan Rusiya bazarlarına faraş kartof ixrac olunur, faraş kartof isə əsasən Cəlilabad və Şəmkirdə yetişdirilir.

Tovuzlu fermer Ədalət Məhərrəmov deyir ki, Rusiyaya kartof ixracı mövsümü ən geci iyulun sonunda yekunlaşır. Ancaq gələn ilki mövsümdə məhdudiyyətlər tətbiq edilərsə, fermerlər çətinliklə üzləşə bilərlər.

“Kartof əvvəlcə Cəlilabadda yetirişir və əsasən Rusiya bazarına ixrac olunur. Sonrakı mərhələdə Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy kartofu yetişir və yerli bazara çıxarılır. Cəlilabadlı fermerlər məhsullarını Rusiyaya ixrac edə bilməsələr yerli bazarda bolluq yaranacaq və təbii ki, bu da qiymətlərə təsir edəcək. Əgər gələn ilki mövsümdə ixracla bağlı çətinlik yaranarsa, fermer kartofun kiloqramını 15 qəpikdən satmalı olacaq. Ona görə də virus təhlükəsi ilə bağlı xəbərdarlıqlara ciddi yanaşmaq lazımdır. Onsuz da son illər bazarda qiymətlərin aşağı olması səbəbindən çəkilən xərci ödəmək olmur, kartof becərənlər ziyana düşürlər”,-fermer deyib.



Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə isə virtualaz.org-a bildirib ki, Azərbaycandan Rusiya bazarına katrof ixracı martda başlayır, iyulun sonunda bitir. Fikrətzadə qeyd edib ki, bu ilki mövsümdə kartof ixrac edən fermerlər çətinliklə üzləşməyiblər. Bu il kartof istehsalında da artım olub və hazırda kartofun satış qiyməti fermerlər üçün sərfəli hesab edilə bilər. Ötən ilin iyulunda yerli bazarda kartofun topdansatış qiyməti 40 qəpik olub. Hazırda Tovuz kartofunun topdansatış qiyməti 44 qəpik, Şəmkir kartofu 41 qəpik, xırda ölçülü kartof 19 qəpik, qırmızı kartof isə 53 qəpikdən təklif edilir.

Gömrük məlumatlarına əsasən bu ixrac mövsümündə Rusiyaya indiyədək 84 min ton kartof ixrac edilib. Bu baxımdan azərbaycanlı fermerlər Rusiya bazarlarına mövqeləri əldən vermək istəmirlərsə gərək pepino mozaika və digər bu kimi viruslarla mübarizəyə də ciddi yanaşsınlar…

Ü.Xudiyeva


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi