azia.az
azia.az

Millət vəkili, yoxsa rayon deputatı? Deputatlar region ayrı-seçkiliyi edirlər

10-06-2020, 15:30

Millət vəkili, yoxsa rayon deputatı? Deputatlar region ayrı-seçkiliyi edirlər
Millət vəkili, yoxsa rayon deputatı? Deputatlar region ayrı-seçkiliyi edirlər
Konstitusiya milli, irq, din, sosial, siyasi, ümumiyyətlə, hər ayrı-seçkiliyi qadağan etsə də, hakimiyyətin qanunvericilik qolu regional ayrı-seçkiliyə yol verir. Özəlliklə, millət vəkilləri yalnız seçildikləri dairənin ərazisində yaşayan vətəndaşların müraciətlərinə, problemlərinə “baxırlar” . Belə region ayrı-seçkiliyi deputatın , daha doğrusu, onun köməkçisinin savadsızlığından qaynaqlanır və absurddur. Aydın olsun deyə, hazırda Bakıda bir neçə dairədə deputat seçkisinin baş tutmadığından həmin dairə seçicilərinin MM-ə müraciətlərinə qadağa qoyulması absurdluğunu vurğulayaq. Yaxud , məsələn , əmək və sosial siyasət komitəsinin Naxçıvandan seçilən deputatına Bakıda yaşayan vətəndaş sosial, iş problemi ilə bağlı müraciət edə bilməz? Yeri gəlmişkən, Naxçıvandan seçilən , regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov , belə çıxır, yalnız Naxçıvan regionu üzrə yalnız seçildiyi dairənin seçicilərinin müraciətlərini qəbul etməlidir ?
Seçicilərin “mənim-sənin” bölgüsünün yolverilməzliyini hələ ortalıq 14 il qabaq məhkəmə yolu ilə təsbit etdirmək hüququmuza elə yerli məhkəmələr qadağa qoyub və Avropa İnsan Hüquqları Məhkəməsinə edilən şikayəti də “Azərpoçt” ört-basdır edərək təyinatı üzrə göndərməyib . O çağlar MM-in sosial siyasət komitəsinin üzvü kimi Elmira Axundovaya sosial problemlərlə bağlı müraciət edən Qarabağ əlilinə rəsmi cavabla “öz rayon deputatına” müraciət etməyi bildirilib. Əlil vətəndaşın “öz deputatı” Hüseyn Abdullayev isə həmin çağ MM-dəki yerini məhbəs kamerasına dəyişmişdi! (?) MM-in regional ayrı-seçkiliyi, görün, necə yolverilməzdir! Ötən ilin bu çağlarında MM-in elm və təhsil komitəsinin bütün üzvlərinə Bakı Dövlət Universitetinin qanuna, Prezidentin fərmanına zidd olaraq əlavə təhsilə görə Qarabağ əlilindən qanunsuz ödəniş tələb etməsindən şikayətimizə BDU-nun müəllimi olan xanım deputatın “ əlilin 40 il qabaq -1979-cu ildə pulsuz təhsil alması” arqumenti ilə haqq qazandırmasını iş yerini itirmək qorxusu ilə anlamaq olar, bəs Demokratik İslahatlar Partiyasının sədri , deputat Asim Mollazadəyə nə gəlib? Deputatın hüquqşünas olduğunu deyən köməkçisi qanunsuz ödənişin dövlət büdcəsinə alındığına görə burada korrupsiya faktının olmadığını bildirməsinə etiraz “öz deputatına müraciət etməklə” sonuclanmışdı. Hələ də Qarabağ əlilinin əlavə təhsil hüququ təmin olunmayıb. Təhsil eksperti Etibar Əliyevə deputat kimi edilən müraciətlər də, hələ ki, sonuc vermir.
Milli Məclisə yeni seçilmiş, həm iqtisadi siyasət, sənaye və sahibkarlıq, həm də əmək və sosial siyasət komitələrinin üzvü olan deputata (etik normalara görə hələlik adını vurğulamıram) dövlət səviyyəsində ayrı-seçkilikdən şikayət edəndə yenə də region ayrıseçkiliyi ilə üzləşdik. Deputatın köməkçisi zəng edərək şikayəti “öz deputatımıza” ötürəcəyini dedi. Onda bu komitələr nəyə lazımdır, şikayət qanpulunun verilməsindəki ayrı-seçkiliklə bağlıdır. “Hərbi qulluqçuların şəxsi icbari sığortası haqqında” qanunun tələbinə görə, müəyyən edilmiş ümumi sığorta məbləğinin (11 min manat ) 100 faizi şəhid ailələrinə, 80 faizi 1-ci dərəcəli , 60 faizi 2-ci dərəcəli, 40 faizi 3-cü dərəcəli Qarabağ əlillərinə kompensasiya olaraq ödənilir. Prezidentin sərəncamı ilə şəhid ailələrinə bu məbləğin ödənilməsi təmin edilib, amma Qarabağ əlilləri, hələ də “yada düşmür” . Hətta borclu Dövlət Sığorta Kommersiya Şirkəti məhkəmə qərarını da on illərdir icra etməkdən imtina edir. Ədliyyə Nazirliyinin icra baş idarəsinin rəisi Nurəddin Mustafayev isə bildirib ki, məhkəmə qərardadına əsasən Qarabağ əlillərinə 1993-cü ildəki məbləğ (880 manat ) ödənməlidir. 1-cisi, 1993-cü ildə məbləğ 880 manat olmayıb və ikincisi, yuxarıda vurğuladığımız “Hərbi qulluqçuların şəxsi icbari sığortası haqqında” qanunda, Konstitusiya Məhkəməsinin 28.01.2014 tarixli qərarında yazılıb ki, sığorta məbləği 11 min manatdan az ola bilməz. Belədə hansı vicdan(sızlıq)la 1-ci dərəcəli Qarabağ əlilinə ümumi sığorta məbləğinin cəmi 5 faizi -880 manat, özü də məhkəmə qərarından 9 il sonra ödənilib? Yeni seçilən deputat dostumuz əmək və sosial siyasət komitəsinin üzvü kimi bu barədə Hesablama Palatasına, baş prokurorluğa, Maliyyə Nazirliyinə deputat sorğusu verə bilməz? Bunun yerinə, köməkçisinin araçılığı ilə “öz deputatımıza” sorğu verəcəyini bildirməklə millətə vəkillik edilir?
Məğrur Bədəlsoy
Teref.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi