azia.az
azia.az

Masazırın duz gölünə axan çirkab suları, leş qoxusu

11-12-2017, 18:34

Masazırın duz gölünə axan çirkab suları, leş qoxusu


Son 6-7 ilə qədər yay mövsümü başlayanda Masazır qəsəbəsində də duz mövsümü başlayırdı. Göldən duzu kənd sakinləri, özü də atla, eşşəklə, bellə, ləyənlə yığardılar. Ayağında uzunboğaz çəkmə, heyvanlara qoşulmuş arabalarla suya girən duzyığanlar bu ağır zəhmət hesabına dolanışıqlarını təmin etməyə çalışardılar. Yığılan duz kustar üsulla, hansısa sexlərdə emal olunub qablaşdırılardı.

İldə cəmi bir neçə ay çəkən və ağır zəhmətli işlərdən sayılan duz yığımında işlədilən heyvanların bir çoxu dözməyib elə gölün içərisində canını tapşırardı. Sonradan həmin göldə kustar üsulla duz yığımına son qoyuldu, gölün yanında müasir duz emalı zavodu tikildi. Bəs hazırda Masazır gölündə duz yığımı necə həyata keçirilir? Yaxın keçmişdən bu yana nə dəyişib?

Virtualaz.org saytının reportyorları Masazır duz gölünün sahillərinə baş çəkib, oradakı vəziyyəti araşdırıb.

...Gölün kənarına çəkilmiş hasarlarla və yarımaçıq şlaqbaumla qarşılaşırıq. Duz yığımı mövsümü bitdiyindən ərazidə hasarlardan və kənar şəxslərin girişini qadağan edən lövhədən başqa heç nə gözə dəymir. Bir də gölün kənarındakı çirkab və leş qoxusu, yaxın yaşayış sahələrindən gölə axıdılan kanalizasiya suları diqqəti cəlb edirdi.

Yaxınlıqda yaşayan sakinlərdən öyrəndik ki, artıq kənd camaatı əvvəlki kimi kütləvi şəkildə göldən pərakəndə şəkildə duz yığmır. Onları Masazır Duz Zavodunun fəhlələri və texnika əvəzləyib. Qida duz ehtiyatı 1735 milyon ton təşkil edən göl 2010-cu ildən bu zavodun balansına daxil edilib.

Gölün hazırda mavi rəngdə olduğunu göstərən sakinlər bildirdilər ki, buradakı duz yetişməyə başlayanda suyun rəngi tünd çəhrayıya dönür. Bu da duz yığımının başlanmasından xəbər verir. Su buxarlanır və sahildə yığılmış ağ duz layları gözə dəyir. Duz mövsümündən başqa qalan bütün vaxtlarda göldə suyun rəngi mavi olur.

“Müharibə dövründə bu göl camaatın çörək ağacı idi...”

Sakinlərin sözlərinə görə, göldən duz çıxarılmasına XIX əsrin əvvəllərindən başlanılıb və o vaxtdan indiyə kimi hər yay göldən duz çıxarılıb. Duz gölü xüsusən də müharibə illərində sakinlərin “çörək ağacı” olub: “Müharibə illərində yaxın kəndlərin əhalisi buradan duz yığıb sataraq dolanıb. Camaat duzu yığıb rayonlara aparıb başqa ərzağa dəyişib qayıdardı. Düzdür, mən yığmamışam, amma bilirəm ki, burada hərənin öz “teratoriyası” var idi, heç kim başqasının yerinə girməzdi. İndi gətirib zavod tikdilər, camaatın çoxu qaldı qıraqda. Heç olmasa, əvvəldən burada duz çıxaranları da işə götürərdilər, bilərdik ki, bizə də xeyri var”, - deyə kənd sakini Cəbrayıl Həsənov bildirir.

Sakinlər danışır ki, bura vaxtilə yaxınlıqdakı ərazilərdə yaşayan sakinlər müalicə məqsədilə gəliblərmiş. Gölün tərkibində olan xüsusi gil bəzi oynaq və dəri xəstəliklərinin müalicəsində faydalı təsir göstərib. Lakin gölün ətrafı hasarlandıqdan sonra bu “müalicə seansları” da dayanıb.

Çirkab sular duz gölünə axır

Sakinlər həm də gölün ətrafındakı natəmizlikdən şikayət edirlər. Onların sözlərinə görə, ərazi Masazır Duz Zavodunun balansına verilsə də, gölün təmizliyinə riayət olunmur. Yaxınlıqda yaşayış sahələri çoxaldığından gölə axıdılan çirkab suların miqdarı da artıb: “Göl boyu 10-dan çox kanalizasiya borusu duz gölünə axıdılır. Bütün ölkə bu duzdan istifadə edir. Heç olmasa, kanalizasiya çəksinlər çirkab sular gölə axmasın”, - deyə sakinlər bildirirlər.

Həqiqətən də, gölə yaşayış evlərindən axan kanalizasiya sularının töküldüyünü öz gözlərimizlə gördük. Kanalizasiya ilə yanaşı yaxınlığa atılan məişət tullantıları və leş qoxusu da ətrafı bürümüşdü.

Rastlaşdığımız sakinlər arasında gölün duzunun zərərli olmasından gileylənənlər də tapıldı. Adını söyləmək istəməyən Corat sakini deyir ki, buradan çıxarılan duz texniki baxımdan da yararsızdır: “Gül kimi Naxçıvan duzu gətirirdilər. Bu kanalizasiyanın, zibilliyin içərisində keyfiyyətli duz olar?. Bu duz heç texniki baxımdan da işə yaramır”,- deyə həmsöhbətimiz bildirir.

“Əvvəlki duzyığanları işə götürmüşük” – “Azərsun”

Gölün ətrafında gördüklərimiz və eşitdiklərimizlə bağlı Masazır Duz Zavodunun daxil olduğu “Azərsun Holdinq”lə əlaqə saxladıq. Holdinqin mətbuat xidmətinin rəhbəri Afiq Səfərov virtualaz.org-a bildirdi ki, zavod işə düşən vaxtdan duz yığımı bir neçə dəfə artıb.

“Azərsun” rəsmisi işə kənd sakinlərinin götürülməməsi ilə bağlı deyilənlərlədə razılaşmadı. Onun sözlərinə görə, zavod tikiləndən sonra burada işə götürülənlər elə əvvəlki duz yığanlardır. Həm də, əvvəllər sakinlərin yığdığı duz kustar üsulla sexlərdə istehsal edilirdisə, indi zavodda bütün gigiyenik normalara uyğun şəkildə emal edilərək qablaşdırılır.

“Zavod açılandan sonra ora bu günə qədər duz yığanların hamısı cəlb olunub. İndi onlara texnika vermişik, traktorlar vasitəsilə duz yığılır. İndi onlar planla işləyirlər, həm də yığım bir neçə dəfə artıb. Zavod açılandan sonra Masazır kəndində sakinlərin borc dəftərləri də qapanıb, onlar bu işdən yaxşı qazanc əldə edirlər”, - deyə “Azərsun” rəsmisi bildirir.

Duzun alınma prosesini izah edən A. Səfərov bildirdi ki, gölün yaxınlıqda artezian quyuları qazılıb və su oradan hovuzlara vurulur. Hovuzlarda su duzla doyurulur, sonra separatorlarda buxarlandırılır. Alınmış duz isə ölkənin tələbatını ödəməklə yanaşı Orta Asiya ölkələrinə və Gürcüstana ixrac olunur.

Sakinlərə yığdıqları duza görə nə qədər ödəniş olunduğunu və hər il nə qədər duzun yığılaraq müəssisəyə təhvil verildiyini öyrənə bilmədik. Ancaq o məlumdur ki, Masazır Duz Zavodunun illik istehsal gücü 90 min tondur. Gölün ətrafındakı antisanitariyaya gəlincə isə, “Azərsun” rəsmisi gölə kanalizasiya suları axıdılması ilə razılaşmadı: “Masazır gölünə axan sular qrunt sularıdır və dövlət tərəfindən “Azərsu” ASC-yə bu suların çəkilməsi üçün vəsait ayrılıb”.

Kanalizasiya problemi “Azərsu”luq deyilmiş?

Problemlə bağlı “Azərsu”ASC-nin mətbuat xidmətinə müraciət etsək də, cavab ala bilmədik. Lakin bir müddət öncə ASC-dən mətbuata həmin ərazidə kanalizasiya şəbəkəsi olmadığına görə, “Azərsu”nun bu problemdə cavabdehlik daşımadığını bildirmişdilər: ““Azərsu” kanalizasiya şəbəkəsi olmayan ərazilərə cavabdehlik daşımır. Gölə “Azərsu”ya məxsus kiçik bir kanal axıdılır. Bu da gölün duz emal olunan hissəsini görmür”,- deyə açıqlamada bildirilmişdi.

Masazır gölünün sahilində müasir duz emalı zavodunun tikintisi, kustar üsulla toplanıb emal edilən duzun piştaxtalara yol tapmasının dayandırılması əlbətdə ki, yaxşı hadisədir. Bu zavod qida duzu istehsal edib həm ölkə daxilində satır, həm ixrac edir. O zaman müvafiq strukturlar, “Azərsu” ASC və digərləri gölə çirkab sularının axıdılmasının qarşısını niyə indiyə qədər almayıb, bu məsələ aydın deyil. Və nəticədə göldən hasil olunan duzun gigeyenik normalara nə dərəcədə cavab verdiyi haqda suallar yaranır...

Masazırın duz gölünə axan çirkab suları, leş qoxusu
Masazırın duz gölünə axan çirkab suları, leş qoxusu
Masazırın duz gölünə axan çirkab suları, leş qoxusu
Masazırın duz gölünə axan çirkab suları, leş qoxusu


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi