Əsas hədəf iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir
Ümid MEHDİYEV, ADPU-nun rektor müşaviri
Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi, regional və beynəlxalq müstəvidə uğurlu addımlar atması yeni reallıqlar yaradıb və bunlar 2025-2028-ci illəri əhatə edən növbəti ortamüddətli dövrdə ölkəmizin yeni inkişaf mərhələsindəki strateji baxışını şərtləndirib.
"2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya"sının uğurlu icrası nəticəsində ölkəmizdə iqtisadi fəallıq davam edir.Cari ilin ötən dövründə, yəni yanvar-avqust aylarında ölkəmizdə 80,9 milyard manat həcmində ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çoxdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2 faiz, qeyri-neft-qaz sektorunda isə 7 faiz artıb. Habelə qeyri-neft sənayesində 7,8 faiz artım qeydə alınıb.
ÜDM-in nominal artımı neft-qaz sahələrindəki əlavə dəyəri bir neçə dəfə üstələyir ki, bu da Azərbaycanında əlavə dəyərin baza sütununun enerji sektoruna deyil, iqtisadi inkişafın əsas ağırlıq yükü və dayanıqlı sütunları olan qeyri-neft sektoruna söykəndiyini təsdiqləyir. Bu, onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar öz mühüm bəhrəsini verməkdədir.
Qeyri-neft iqtisadiyyatının inkişafı ilə yanaşı, Azərbaycanın ümumi tərəqqisində mühüm rol oynayan neft sektorunda da son dövrlərdə sabitləşmə və müsbət meyillər müşahidə edilməkdədir. Dövlət başçısının vurğuladığı kimi son illər ərzində xarici neft şirkətləri tərəfindən həyata keçirilən layihələrdə buraxılmış bir sıra nöqsanlar neftin hasilatının ildən-ilə azalmasına səbəb olub, həmin nöqsanların aradan qaldırılması və neft hasilatının sabitliyinin təmin edilməsi üçün xarici konsorsiumla danışıqlar aparılıb və vəziyyət ümidvericidir.
Hazırda neft-qaz sektorunda bir neçə yeni layihə üzərində işlənilir və həmin layihələrin işlənməsi nəticəsində yeni hasilat proqnozları əldə olunacaq. Ümumilikdə, yeni layihə və yataqlardan daha böyük həcmdə təbii qaz və neft kondensatı hasil edilməsi gözlənilir ki, bu da neft-qaz sahəsində müsbət templəri təmin edəcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 26-da keçirilən iqtisadi məsələlərə həsr olunmuş müşavirədə ölkəmizdə iqtisadi inkişaf dinamikası gözlənilən səviyyədə olduğunu və mövcud artım templərinin 2025-ci il üzrə də iqtisadiyyatın uğurlu olacağını bildirərək qeyd etmişdir: “İqtisadi inkişaf templəri həm bu ilin sonuna qədər saxlanılacaq, həm də, - nəzərə alsaq ki, indi gələn ilin büdcəsi müzakirə olunur və büdcənin parametrləri də daha genişmiqyaslı olacaq, gələn il də iqtisadi inkişaf templəri lazımi səviyyədə olacaq”.
Dövlət başçısı ölkəmizdə təmin edilmiş əlverişli investisiya mühiti şəraitində sərmayə qoyuluşlarının artırılması üçüm təşviqedici siyasətin davam etdiriləcəyini də xatırladıb. Xüsusilə də, xarici sərmayələrin cəlb olunması, o cümlədəm əsas prioritet sahə olan qeyri-neft sektoruna cəlb edilməsi üçün həyata keçirilən bir çox təşviq layihələrinin bu istiqamətdə mühüm rol oynayacağına əminliyini ifadə edib. Ölkəmizdə hökm sürən sabitlik və proqnozlaşdırılan vəziyyət, dövlətin güclənməsi, ələlxüsus da ərazi bütövlüyü və suverenliyimizin tam bərpa edilməsindən sonra yaranmış münbit geoiqtisadi imkanlar xarici investorların bizə olan münasibətini daha da yaxşılaşdırıb. İnvestisiyaların adambaşına düşən həcminə görə qabaqcıl ölkələr sırasında olan Azərbaycanda indi tamamilə yeni mühit yaranıb və xarici investorların hökumətə ünvanlanan ciddi və müsbət siqnalları da bunu təsdiqləyir.
İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsul istehsalında xüsusi çəkisinin artması, sahibkarlara yüksək dövlət qayğısı, regionların proporsional inkişafı, aparılan səmərəli islahatlar və bu qəbildən olan digər amillər Azərbaycanda qazanılan uğurların miqyasının genişlənməsinə mühüm töhfələr verir. Bununla yanaşı, iqtisadiyyatda qabaqcıl texnologiyaların tətbiqi, yüksək ixtisaslı kadr hazırlığına yetirilən diqqət, enerji resurslarından digər sahələrin inkişafı üçün istifadə olunması Azərbaycanın qarşıdakı dövr ərzində də sosial-iqtisadi tərəqqidə yeni möhtəşəm nailiyyətlərə imza atacağından xəbər verir. Bu, həm də Azərbaycanın iqtisadi siyasətinin nə dərəcədə dövrün tələblərinə cavab verməsinin bariz göstəricisidir. Ölkə başçısı iqtisadi məsələlərə həsr olunmuş müşavirə zamanı Azərbaycanın iqtisadi inkişafını səciyyələndirərkən diqqətə çatdırmışdır: “Hazırda neft-qaz sektorunda bir neçə yeni layihə üzərində işlər aparılır. Neft-qaz sahəsində templər müsbət olacaqdır. Bizim əsas hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir”.
Göründüyü kimi, qlobal miqyasda artan geosiyasi gərginliklərə, beynəlxalq əmtəə bazarlarında volatil qiymətlərə, dünya ölkələrində borc və büdcə kəsirinin artmasına baxmayaraq, ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi təmin olunub.Dünyanın nüfuzlu beynəlxalq qurumlarının, araşdırma mərkəzlərinin, nəşrlərinin və ekspertlərinin ümumi rəyindən isə belə aydın olur ki, Azərbaycan bundan sonra da iqtisadi sferada sürətli inkişaf tempini qoruyub saxlayacaqdır.