azia.az
azia.az

Avropa Şurası Parlament Assambleyasının “İkili standartlar” siyasəti

25-01-2024, 17:23

Eldar Aslanov,  ADPU tədris işləri üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent.

  

Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olanda insan haqlarını və qanunun aliliyini müdafiə etmək məqsədi daşıyan bu təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən hərbi təcavüzə və işğala məruz qalması nəticəsində hüquqları pozulmuş yüz minlərlə azərbaycanlının hüquqlarının bərpasında Azərbaycana kömək edəcəyi və beləliklə regionda davamlı sülhün əldə olunması naminə ədalətin öz yerini tutacağı barədə səmimi bir ümid və gözlənti var idi.

Təəssüflər olsun ki, həmin ildən 2020-ci ilə qədər olan 19 il ərzində AŞPA işğalçı dövlətdən - Ermənistandan Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə cavab verməyi tələb etmədi. Uzun illər ərzində bu qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görmədi, yalnız ara sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətləndi. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi.

Azərbaycanın təcavüz, işğal və zorakı separatizm üzərində tarixi Qələbəsindən, ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasından sonra ölkəmiz, xalqımıza uzun müddətdir inkar edilən ədalətin bərpası istiqamətində əldə etdiyi nailiyyətlərə kölgə salmaq üçün təşkil olunmuş qarayaxma kampaniyası ilə üz-üzə qaldı. Təxminən 20 ilə yaxın müddətdə Azərbaycan nümayəndə heyəti erməni işğalının ağır nəticələrini gündəmə gətirərkən min bir bəhanələrlə münaqişə ilə bağlı məsələlərin müzakirəsi üçün düzgün format deyil deyən həmin AŞPA və həmin deputatlar bu gün bunun əksini deyir və Azərbaycana hücum etmək üçün heç bir fürsəti əldən vermirlər. Beynəlxalq hüququn selektiv şərhi, dövlətlərin ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərə fərqli yanaşma bu biabırçı təklifin müəlliflərinin rüsvayçı və ikiüzlü xarakterini nümayiş etdirirlər.

Buna misal olaraq, AŞPA-nın 23 oktyabr 2023-cü il tarixində “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə bir daha onu göstərir ki, müəyyən qərəzli qruplar AŞPA-nın əsas prinsiplərindən öz dar maraqlarının təmini məqsədilə sui-istifadə edirlər. Həmin qətnamənin 23-cü bəndində təşkilat açıq-aşkar Azərbaycanı təhdid edilərək, 19 sentyabrda baş tutan lokal xarakterli anti-terror əməliyyatlarını hərbi əməliyyatlar kimi qiymətləndirərək, “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən ciddi narahatçılıq ifadə edib və Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələyib.

Sual olunur, 2020-ci ilə qədər AŞPA azərbaycanlıların öz yurdlarına qayıtmaları üçün hansı konkret əməli addımı atmışdı? Neçə dəfə Ermənistanı xəbərdar edib, onu təşkilatdan qovacağını bəyan etmişdi? Harada və hansı məzmunda Ermənistan rəhbərliyindən qətiyyətlə və açıq surətdə işğalçı qüvvələrini Azərbaycan ərazisindən çıxarmaq tələbini qoymuşdu? Xatırlamırıq!

Bütün bunlara baxmayaraq, 2023-cü il aprelin 23-də Azərbaycan Respublikası tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini, dolayısı ilə Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmamasını tələb edib. 

Göründüyü kimi, 2020-ci ildə Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi və 2023-cü ildə Qarabağda yuva salmış separatçı qüvvələrin təslim olması və nəhayət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış öz qanuni əraziləri üzərində suverenliyini təmin etməsi ölkəmizə və bütövlükdə Cənubi Qafqaz bölgəsinə təsir və təzyiq imkanlarını xeyli dərəcədə məhdudlaşdırıb. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması isə kənardan bölgəyə müdaxilə cəhdlərinin qarşısını tam şəkildə ala bilib. Odur ki, öz maraqlarını təmin etməyə çalışan Fransa, Almaniya, ABŞ kimi dövlətlər regionda öz müstəqil siyasətini aparmağa çalışan yeganə dövlət kimi Azərbaycana qarşı yeni təzyiq mexanizmlərini işə salmağa çalışırlar. Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun müvəqqəti məhdudlaşdırılması cəhdləri də bu ssenarinin bir hissəsidir.

Beləliklə, bu cür addımlarla AŞPA-nın ölkəmizə qarşı apardığı siyasi riyakarlığı bir daha təsdiq edilmiş oldu.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi