Badamdarda nə baş verir? - Torpaqları kim satır?
Son vaxtlar mətbuatda Badamdar qəsəbəsində söküntülərin yaratdığı səs-küylə bağlı məsələyə aydınlıq gətirmək üçün həmin əraziyə baş çəkdik
Ərazidə olarkən təsadüfən Səbail Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Vüqar Məmmədovla görüşdük və onunla qısa müsahibəmiz oldu.
Vüqar müəllim nə baş verir Badamdar qəsəbəsində?
Badamdar qəsəbəsində uzun illərdən bəri saxta sərəncamlarla zəbt olunmuş torpaq sahələrinin təmizlənməsi, qanunsuz aparılan tikintilərin sökülməsi işlərinə başlanmışdır və bu işlər sürətlə həyata keçirilir.
Bəs bu qanunsuz işlər kimlər tərəfindən görülür? Onlar müəyyən olunubmu?
Bilirsiz bəzi insanlar var ki, qeyri-sağlam şəxsi ambisiyalarını realizə etmək üçün bu ərazidə vaxtilə böyük torpaqlar zəbt edib, saxta sərəncamlarla buraları özlərinin qeyri-rəsmi biznesinə çeviriblər. İndi də əllərində olan saxta sərəncamları köhnə tarixlərlə vətəndaşlara satmağa çalışırlar. Təbii ki, biz də bunun qarşısını alırıq.
Mətbuatda söküntü ilə bağlı bəzən müxtəlif tipli yazılar gedir? Buna nə deyə bilərsiniz?
Bilirsiz artıq vaxtı çatıb. Bu praktika əvvəl olub, amma bu gün qəti şəkildə qarşıya məqsəd qoyulub ki, bu qanunsuzluqlara son qoyulsun. Və əlbəttə ki, belə olan halda bu işlər həmin şəxslərin maraqlarına toxunur və onlar mətbuatda öz mənafelərinə uyğun yalan məlumatlar yayırlar. Hər dəfə biz bu işlərə başlayanda, onlar İcra Hakimiyyətini mətbuatda qaralamağa çalışırlar. Bunları da əsasən biz bilirik kimlərdi. Bu proses dövlət tərəfindən nəzarətlə həyata keçirilir. Bilrisiniz, elə şəxslər var ki, yamaclarda, digər sürüşmə zonası sayılan ərazilərdə iaşə obyektləri, mağazalar tikiblər. Təbii ki, belə hallar yol verilməzdi. Vüqar müəllim, Sizcə bu işlər nə vaxt təm şəkildə həllini tapacaq?
Bir daha qeyd edirəm ki, bu ərazilərdə dövlət proqramına uyğun olaraq yaşıllıq sahələrinin salınması nəzərdə tutulur və bu proses artıq gedir. 30 hektar ərazidə damcı üsulu ilə ağaclar əkilib yaşıllıqlar salınıb. Badamdar qəsəbəsi 3-cü yaşayış massivində daha 6 hektar yer təmizlənib və orada zeytun ağacları ilə eyni qaydada yaşıllıq salınması işləri gedir.
Artıq bu məsələlərin gündəmdən çıxarılmasının vaxtı çatıb və biz yəqin ki, Badamdar qəsəbəsində mətbuat konfransının elementləri ilə açıq mikrofon keçirirək ictimaiyyətə də məlumat verəcəyik. Araşdırmalar tam başa çatdıqdan sonra lazım olsa mətbuat konfransında biz konkret olaraq kimlərin adları varsa, onları təqdim edə bilərik. Və açıq müzakirələr aparmaq olar. Burada elə sənədlər var ki, şəxsin öz adına yox başqa şəxslərin adına alınıb.
Sonda bu şəxslərə nə demək istərdiniz?
Bizim bu insanlara əsas sözümüz, tövsiyəmiz odur ki, hər kəs qanunlara tabe olmalıdır. Bu cür neqativ hallar qəti şəkildə yol verilməzdir. Hər bir halda bütün məsələlər qanunvericiliyə uyğun olaraq həll olunmalıdır. Əks təqdridə bu insanlar qanun qarşısında cavab verəcəklər.
Hazırda bu ərazilərdə araşdırmalar davam edir və mövzuya yenidən qayıdacağıq.