Bu gün respublikamız tərəfindən istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradılmışdır
Sənan Əliyev, ADPU tədris departamentinin direktoru, dosent
31 may tarixində Bakı Konqres Mərkəzində Beynəlxalq Enerji Həftəsi çərçivəsində “Enerji keçidi dövründə dəyişən dünyada yeni imkanlar və problemlər” mövzusuna həsr olunmuş 28-ci Bakı Enerji Forumda qlobal enerji perspektivləri, “yaşıl enerji”yə keçidin maliyyələşdirilməsi, qaz təchizatı məsələləri və bir sıra digər aktual məsələlər müzakirə olundu. Builki forumda dünyanın 20 ölkəsindən 400-dən çox nümayəndə iştirak edirdi. Forumun proqramına həm Azərbaycan, həm də Xəzər regionu üçün vacib olan enerji məsələləri daxil edilmişdi.
Yeri gəlmişkən, Ümummilli lider Heydər Əliyevin neft strategiyası 1994-cü ildən etibarən bu sərgi ilə beynəlxalq investorlara təqdim olunur. Elə həmin il “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmizin dünyada nüfuzu artmağa başlayıb, sərmayələrin cəlbi sürətlənib, iqtisadi sabitlik reallaşıb və bununla da Azərbaycanın firavan gələcəyinin möhkəm təməli qoyulub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mayın 31-də “Caspian Oil&Gas” və “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında Birinci Qarabağ müharibəsi başa çatandan bir neçə ay sonra “Əsrin müqaviləsi”nin imzalandığını və bu uğurun Azərbaycana dayanıqlı inkişaf, iqtisadi və siyasi müstəqillik gətirdiyini bildirmişdir.
“Əsrin müqaviləsi”nin imzalandığı zaman Azərbaycan iqtidarının bəzi Qərb dövlətləri ilə apardığı danışıqların uğurla nəticələnəcəyinə şübhə ilə yanaşanlar az deyildi. Cəbhə bölgəsində atəşkəs rejiminin kövrək olduğu, dövlət idarəetmə mexanizmlərinin hələ tam oturuşmadığı, bəzi qonşu dövlətlərlə münasibətlərdə ciddi psixoloji-siyasi gərginliyin hökm sürdüyü bir vaxtda sözügedən müqavilənin imzalanması bir çoxlarına əfsanə kimi görünürdü.
Ümumiyyətlə, həmin vaxt Qərb şirkətlərinin Xəzərlə bağlı hansısa layihənin gerçəkləşməsində iştirakı təkcə iqtisadi deyil, həm də strateji-siyasi məsələ kimi nəzərdən keçirilirdi. Azərbaycana kənar təzyiqlərin getdikcə artması fonunda bu danışıqları davam etdirmək ölkə iqtidarından ciddi siyasi iradə, əzmkarlıq və qətiyyət tələb edirdi. Lakin prinsipial xarakterə malik ümummilli lider Heydər Əliyev kənar maneələrə mətinliklə sinə gərərək Qərbin aparıcı şirkətlərini bu müqavilənin səmərəliliyinə inandıra bildi. Nəhayət, 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə müasir tariximizə “Əsrin müqaviləsi” adı altında daxil olan neft kontraktının təntənəli imzalanma mərasimi keçirildi.
Dövlətimizin başçısı nitqində bildirib ki, bu gün daha çox Avropa ölkəsi Azərbaycanla əməkdaşlıq edir. İyulda respublikamızın Aİ ilə enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalaması da bunun bariz ifadəsidir: “Bizim planımız ondan ibarətdir ki, 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımızı iki dəfə artıraq. Bu, olduqca real rəqəmdir. Bizim qaz təchizatımızın dinamikasına nəzər salsaq görərik ki, ötən il 8 milyard kubmetr idi, bu il 12 milyard kubmetr nəql edəcəyik. Bu, bizim ümumi ixracımızın yarısıdır və 2027-ci il üçün biz bu rəqəmi 20 milyarda çatdıracağıq. Bunun üçün mənbələr artıq var, onlardan biri bizim nəhəng “Şahdəniz” yatağımızdır, digər yataq “Abşeron”dur”.
Ölkə rəhbəri çıxışında respublikamızda bərpaolunan enerji layihələrinin reallaşdırılmasının prioritet istiqamət olduğu barədə də ətraflı məlumat verərək, bu sahənin inkişafını, sözügedən istiqamətdə tədbirlərin genişləndirilməsini daim diqqət mərkəzində saxladığını vurğulamışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik siyasəti ilə Azərbaycanda hazırda nəhəng enerji infrastrukturu yaradılıb və bununla da, Avrasiyanın enerji xəritəsi dəyişdirilib. Bu gün respublikamız tərəfindən istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradılmışdır.