azia.az
azia.az

“Azərbaycanı heç nə ilə güzəştlərə vadar etmək olmaz”

23-09-2016, 09:13

“Azərbaycanı heç nə ilə güzəştlərə vadar etmək olmaz”
Rövşən Rzayev: “Onlar Azərbaycanın yanında olsaydılar, çoxdan Ermənistanı beynəlxalq hüquq prinsiplərinə gətirərdilər”

Azərbaycan Konstitusiyasına təklif edilən dəyişikliklərl bağlı Referendum Aktı layihəsinə Venesiya Komissiyasının mənfi rəy verməsi bir çox dairələrdə gözlənilən olmayıb.

Xüsusilə də beynəlxalq qurumların Azərbaycan hökumətinin referendum qərarına uzun müddət loyal yanaşması, həmçinin son günlər artıq Avropanın aparıcı qurumu ilə bir ildir kəsilən əlaqələrin bərpası istiqamətində addımların atılması şəraitində Komissiyanın belə bir mövqe sərgiləməsi təəccüb doğurub.

Deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, ağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin idarə heyətinin üzvü Rövşən Rzayev bu mövzuda danışdıq:

- Rövşən bəy, Venesiya Komissiyasının referendumla bağlı mənfi rəy verməsi ilə eyni vaxtda Avropa Parlamenti barışıq qərarı verərək Bakıya böyük bir nümayəndə heyəti göndərmişdi. Necə olur ki, Avropanın aparıcı bir təşkilatı Azərbaycanla əməkdaşlığa önəm verdiyi halda, digər qurum prosedurları belə nəzərə almadan sort mövqe seçib?

-Mənə elə gəlir ki, bunun səbəbini Şahin müəllim (PA rəsmisi Şahin Əliyev-E.P.) kifayət qədər düzgün səsləndirdi. Səbəb bir istiqamətdən qərəzli mövqedirsə, digər tərəfdən Azərbaycanla münasibətləri bərpa etmək istəyidir. Təbii ki, Avropa Parlamentindən nüfuzlu nümayəndə heyətə Azərbaycana elə-belə gəlməmişdi. Möhtərəm prezidentin qəbulunda da açıq-aydın şəkildə ifadə olundu ki, Azərbaycan müstəqil, azad, demokratik, hüquqi dövlət kimi öz inkişaf prosesini davam etdirir, Azərbaycan xalqının lideri İlham Əliyev başda olmaq şərtilə. Ona görə də istənilən qurum ilk növbədə müstəqil dövlətin mövqeyi ilə hesablaşmalıdır. Əgər hər hansı bir qərəzli mövqe varsa, biz məsələlərə daha ayıq və aydın baxmalıyıq, görməliyik ki, bu, hansı istiqamətdən gəlir. Azərbaycanın tam hüququ var ki, öz ərazisində özünün inkişaf tempinə uyğun istənilən əlavə və dəyişiklikləri referenduma çıxartsın. Yəni burada heç kəsin nə icazəsi, nə razılığı bizə lazım deyil. Şahin müəllim də qeyd etdi, bütün dövlətlərdə olduğunu kimi, Azərbaycanda da Konstitusiyanın əsas təməl prinsipi insan hüquq və azadlıqları ilə bağlıdır. Bu istiqamətdə də Venesiya Komissiyası tərəfindən heç bir problem qaldırılmayıb, əksinə, mütərəqqi olduğu qeyd olunub. Yerdə qalan məsələlər isə aydın məsələdir ki, Azərbaycana düşmən mövqeyində olan qüvvələrin apardığı hərəkətlərin məntiqi nəticəsidir. Mən bunu belə qiymətləndirirəm. Hesab edirəm ki, Azərbaycan düzgün yoldadır. Azərbaycan xalqı da öz liderinin ətrafında birləşib. Allah qoysa, referendum zamanı da bütün dünya ictimaiyyəti görəcək ki, Azərbaycan öz inkişafını davam etdirir.

- Venesiya Komissiyasının rəyi oktyabrda keçiriləcək toplantıda təsdiqlənərsə, Azərbaycana qarşı təzyiqlərin növbəti mərhələsinə start verilə bilərmi?

- Xeyr! Hər dəfə Azərbaycanda siyasi proseslər, önəmli tədbirlər ərəfəsində həmin qüvvələr aktivləşir və bacardıqları qədər ölkəmizə qarşı qarayaxma kampaniyasını davam etdirirlər. Hər dəfə də onlar iflasa uğrayır və kampaniya bitəndən sonra da bütün bu iddialar hamısı bir kənara qoyulacaq.

- Məqsəd-məram nədən ibarətdir? Azərbaycandan nə istəyirlər?

- Məqsəd və məram Ermənistanın işğalçı mövqeyini ört-basdır etmək, onun işğalçı siyasətinin davamına dəstək verməkdir. Amma əsl həqiqətdə isə bütün ictimaiyyət də gördü ki, çox nüfuzlu nümayəndə heyəti, Avropa Parlamentinin üzvləri ölkə prezidentinin qəbulunda oldu, daha sonra parlamentdə görüş keçirildi. Bu görüşlərdə onların Azərbaycanla əməkdaşlığı davam etdirməklə bağlı mövqeyi tam açıq şəkildə ifadə edildi. Düşünürəm ki, yaxın zamanlarda Avropa Parlamenti ilə Azərbaycan parlamenti arasında əlaqələr yaxın zamanlarda bərpa olunacaq, yüksələn xətlə öz işini davam etdirəcək.

- Amma Avropa Parlamenti Azərbaycan ərazilərinin işğal altında olması faktı ilə bağlı da qətnamə qəbul edib. Hətta qurumdan Ermənistana Qarabağa əsgər göndərməmək çağırışı da olub. Belə qənaətə gəlmək olarmı ki, əslində “ermənipərəst” deyilən qurum ərazi bütövlüyü məsələsində Azərbaycanın yanındadır, sadəcə insan haqlarına münasibətdə mövqelər haçalanır?

- Bilirsiniz necədir? Onlar Azərbaycanın yanında olsaydılar, çoxdan Ermənistanı beynəlxalq hüquq prinsiplərinə gətirərdilər. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra mexanizmini yaradardılar, Ermənistana digər yol qoymazdılar və onu məcbur edərdilər ki, işğalçı siyasətindən əl çəksin. Amma bunu etmirlər.

- Bu təşkilatlar hesab edir ki, danışıqlar ATƏT çərçivəsində aparıldığı üçün məsələyə müdaxilə edə bilməzlər...

- Bəli, tamamilə doğrudur, danışıqları ATƏT, ATƏT-in həmsədr dövlətləri aparır. Amma nüfuzlu siyasi qurumlar öz dəstəyini, təkliflərini verməsi, beynəlxalq hüquq prinsiplərinə hörmətlə yanaşması işğalçı dövlətə başa salmalıdırlar.

- Venesiya Komissiyasının referendumla bağlı belə bir rəy verəcəyi gözlənilən idimi?

- Şəxsən mən Venesiya Komissiyasının belə rəyini gözləmirdim. Çünki bizim bu istiqamətdə heç bir problemimiz olmayıb. Mən sizə yenə də deyirəm, bu, Ermənistanın siyasətini dəstəkləyən qüvvələrin həyata keçirdiyi əməllərdir.

- Administrasiya rəsmisi Şahin Əliyev Azərbaycanın referendum aktı layihəsi ilə bağlı nə səbəbə qabaqcadan Venesiya Komissiyasına müraciət etməməsi barədə mövqeyini açıqladı. Bəs, siz komitə üzvü kimi necə düşünürsünüz, əvvəlcədən rəy alınması üçün Komissiyaya müraciət edilməliydimi?

- Azərbaycan müstəqil dövlətdir, özü öz inkişaf yolunu seçib, istiqamətini də davam etdirir. Mən hesab etmirəm ki, müstəqil dövlət kimdənsə icazə almalıdır. Hər dövlətin özünün inkişaf yolu, özünün apardığı kurs var. Azərbaycanın kursu isə Azərbaycan ərazisinin bütövləşməsinə, xalqın daha yaxşı yaşamasına, onun rifahına aparan siyasətdən ibarətdir. Mənə elə gəlir ki, bu məsələlərdə kiminsə razılığı, yaxud istəyinə ehtiyac yoxdur.

- Aylar öncə ABŞ Konqresində Azərbaycanla bağlı dinləmələr keçiriləndə siz Milli Məclisə alternativ layihə təqdim etmişdiniz. Ötən həftə növbəti dinləmələr keçirildi. Bu dəfə həmin layihəyə parlamentdə baxılmasına israr edə bilərsinizmi?

- Azərbaycana qarşı istənilən dövlətdən ədalətsiz mövqe olsa, mən öz səlahiyyətim çərçivəsində öz mövqeyimi səsləndirəcəm. Amma mən elədiyimi edirəm, hamıya cavabdeh deyiləm. Yəni kiməsə deyə bilmərəm ki, mənim mövqeyimi mütləq nəzərə alsınlar. Mənimçün heç bir problem yoxdur. İstər Qərb olsun, istər Rusiya, istər Amerika olsun, müstəqil Azərbaycana qarşı istənilən hədə ilə bağlı mən öz mövqeyimi bundan sonra da səsləndirəcəm.

- Referendumdan sonrakı proseslərlə bağlı proqnozunuz nədən ibarətdir?

- Mən Azərbaycanın inkişafının yeni mərhələsini gözləyirəm. Bu inkişaf iqtisadi istiqamətdə olacaq, hüquqi inkişaf da onun ardınca. Azərbaycan tutduğu inkişaf yolunu davam etdirməlidir. Ərazi probleminin həllində güclü dövlət öz sözünü deyəcək. Bu, yeganə, Heydər Əliyev siyasətinin apardığı yoldur və həmin siyasət yaşayır, onu da İlham Əliyev uğurla davam etdirir.

- Rövşən bəy, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü kimi yəqin danışıqların dayandırılması və hərbi ritorikanın önə çıxmasını da müşahidə edirsiniz. İndiki mərhələdə Qərbdən insan haqları və demokratiya məsələlərinin qabardılması Azərbaycanı təslimçi sülhə vadar etmək niyyəti güdə bilərmi və Bakının bu güzəştə getməsi mümkündürmü?

- Xeyr! Qətiyyən! Əvvəla, Azərbaycanda insan haqları kifayət qədər qorunur. Digər tərəfdən Azərbaycan indi də maraqlıdır ki, ərazilər sülh yolu ilə azad olunsun. Amma Ermənistan konstruktiv mövqeyə gəlmir. Azərbaycana qarşı əl atılan istənilən təzyiq Ermənistanı, erməniləri dəstəkləyən qüvvələri qane edir. Burada məqsəd Ermənistanın işğalçılıq siyasətini ört-basdır etməkdir. Vaxtilə Fredom House təşkilatı var idi. Dağlıq Qarabağ rejiminin “daha demokratik” olduğunu elan etmişdi. Əgər Qarabağdakı separatçı rejimi “demokratik rejim” kimi qələmə vermək mümkün sayılırsa, bu cür təşkilatlar haqqında danışmağa lüzum yoxdur. Azərbaycanı heç nə ilə güzəştlərə vadar etmək olmaz. Azərbaycan ərazi bütövlüyünü bərpa etməkdə israrlıdır və prezident dəfələrlə deyib ki, Azərbaycan ərazisində ikinci erməni dövləti olmayacaq. (musavat.com)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi