Mətbuat Şurasında jurnalistin əl işləri nümayiş olunub
Azərbaycan Mətbuat Şurasında jurnalist Təbriz Vəfalının hazırladığı əl işləri nümayiş olunub.
Bu məqsədlə keçirilmiş mərasimdə çıxış edən MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov T.Vəfalını istedadlı jurnalist kimi xarakterizə edib. «Bu gün onun dostları bu sərgiyə toplaşıblar. Nümayiş olunan əl işlərində mövzu rəngarəngliyi özünü göstərməkdədir. Təbriz jurnalist kimi müxtəlif mövzulara müraciət etdiyi kimi, istedadlı memar kimi də eyni dəst-xəttə malikdir», - deyən MŞ sədri T.Vəfalını rəhbərlik etdiyi qurumun diplomu ilə təltif edib. MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında nümayiş olunan əl işlərinin xarakterik xüsusiyyətlərindən söz açıb. Müəllifin gələcəkdə daha böyük uğurlara imza atacağına əminliyini ifadə edib. MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli T.Vəfalının əl işlərində Azərbaycanın məişətinin, mədəniyyətinin əksini tapmasını xarakterik məqam kimi vurğulayıb.
Jurnalist T.Vəfalı yaradıcılığına göstərilən marağa görə nümayiş iştirakçılarına təşəkkürünü bildirib. Jurnalist bu günün özünün 40 illiyinə gözəl hədiyyə olduğunu dilə gətirib.
Qeyd edək ki, T.Vəfalı 1976-cı ildə Tərtər rayonunun Seydimli kəndində, ziyalı ailəsində dünyaya göz açıb. Onun ilk məqaləsi keçmiş Mirbəşir, indiki Tərtər rayonunda dərc olunan keçmiş hazırda «Yeni Tərtər» adı ilə fəaliyyət göstərən “Qızıl bayraq” qəzetində nəşr edilib. 1988-ci ildən 1997-ci ilədək «Qızıl Bayraq», «Tərtər», «Amin», «Press Fakt», «Hürriyyət» və digər qəzetlərdə məqalələri işıq üzü görüb. 1997-ci ildən bir neçə qəzetdə və saytda tərcüməçi-müxbir, müxbir, redaktor müavini, redaktor, baş redaktorun 1-ci müavini və baş redaktor işləyib. Hazırda «Həftə içi» qəzetində redaktordur.
Təbriz Vəfalının əl işləri arasında müxtəlif su quyuları, villalar, meşə və kənd evləri, kənd təsərrüfatı alətləri, qalalar, məscidlər, sandıqlar, şəkil çərçivələri, şəhid bulaqları, Atəşgah, Qız qalası, Kəbə və sair abidələr var.