azia.az
azia.az

Məmməd Abbasbəyli: “Yeni strategiya müəyyənləşdiririk”

29-02-2016, 09:44

Məmməd Abbasbəyli: “Yeni strategiya müəyyənləşdiririk” “Alpinizm Federasiyasının yeni Rəyasət Heyətində iddialı və bu sahəni inkişaf etdirmək istəyən şəxslər təmsil olunur. Federasiyanın idarə strukturunda dəyişikliklər elə də gözlənilməz olmadı. Azərbaycan Alpinizm Federasiyası 1963-cü ildə yaradılıb və 1990-cı ildən sonra kifayət qədər böyük nailiyyətlər əldə edib. Alpinistlərimiz 2001-2007-ci illərdə bütün qitələrin ən hündür zirvələrinə Azərbaycan bayrağını qaldırıblar”. Bu fikirləri Azərbaycan Alpinizm Federasiyasının (AAF) yeni prezidenti Məmməd Abbasbəyli deyib.
Qeyd edək ki, yeni mərhələyə qədəm qoyan federasiyanın hesabat-seçki konfransının nəticəsinə əsasən “Olimp” klubunun nümayəndəsi Məmməd Abbasbəyli böyük səs çoxluğu ilə qurumun prezidenti seçilib. O, bu postda dünyanın ən yüksək nöqtəsi olan Everest zirvəsini fəth etmiş, eyni zamanda “Qar bəbiri” adını daşıyan İsrafil Aşurlunu əvəzləyib.
M. Abbasbəyli seçkidə qələbəsini belə izah edib: “Federasiyada peşəkarlıqla əlaqədar olaraq, təşkilatı və idarəçilik nöqteyi-nəzərdən problemlər vardı. Dəyişikliyə zərurət yaranmışdı və federasiyanın üzvləri bunu görürdülər. Hesab edirəm ki, mütəmadi dəyişikləri həmişə tərəqqiyə, inkişafa bir amil kimi qiymətləndirmək lazımdır. Hər zaman yeniliklər olmalıdır ki, tərəqqiyə imkan yaransın. Federasiyanın üzvləri bunları nəzərə alaraq, dəyişikliklər etmək qərarına gəldilər. Hesabat-seçki konfransında da arxada qalan dövrün hesabatı dinlənildi. Ardınca səsvermədən sonra 11 nəfərdən ibarət yeni Rəyasət Heyəti seçildi. Onlar da böyük etimad göstərərək, mənim rəhbər olmağıma səs verdilər”.
Yeni prezident üçün alpinizm yeni sahə deyil. ABŞ-da hüquqşünas təhsili almış, Nyu-York Vəkillər Kollegiyasının üzvü olan M. Abbasbəyli bu günə qədər ölkəmizdə bir sıra zirvələrlə yanaşı, Avropanın ən yüksək nöqtəsi olan Elbrusda (5642) Azərbaycan bayrağını qürurla dalğalandırıb. Federasiya prezidentinin sözlərinə görə, bu idman növünə həvəsi alpinizmə sevgisindən yaranıb: “Bizim çox peşəkar alpinistlərimiz var. Onlarla müqayisədə mən hələ ki, bu sahədə yeni addımlayıram. Buna baxmayaraq, alpinizmə çox böyük sevgim, məhəbbətim var. Açığını desəm, məni bu sahəyə kiçik qardaşım Mustafa dəvət edib. Biz birinci Bazardüzü zirvəsinə qalxmışıq. Ardınca Şahdağ və digər zirvələrdə olmuşuq. Bilirsiniz, yüksəkliklərə qalxan hətta həvəskar səviyyədə alpinizmlə məşğul olan insan belə dağlara heyran olur. Dağlarda özün özünlə qaldıqda, öz ruhunu, xarakterini aşkarlayır və sınağa çəkirsən”.
M. Abbasbəlinin sözlərinə görə, federasiyanın mövcud Nizamnaməsinə dəyişikliklər də nəzərdə tutulub. O bildirib ki, AAF 1963-cü ildə qeydiyyatdan keçdiyindən normativ sənədlərdə yeniliklərə ehtiyac var: “Məqsədimiz nizamnaməni Azərbaycanın bugünkü qanunvericiliyinə, tələblərinə uyğunlaşdırmaqdır. Həmçinin burada prezidentin seçilməsinin müddətli olması nəzərdə tutulub. Yəni prezident 4 il müddətinə seçilsin və ardıcıl 2 dəfədən çox bu postda qalmasın”.
Federasiyanın gələcək planları və perspektivləri barədə danışan yeni rəhbər artıq ilk olaraq hansı zirvələrə qalxacaqlarını müəyyənləşdirdiklərini deyib: “Rəyasət Heyətimiz seçkidən sonra tam cavanlaşıb. İddialı və bu sahəni inkişaf etdirmək istəyən şəxslər burada təmsil olunur. Hətta İsrafil Aşurlu və alpinizmin ağsaqqalları da bu heyətin üzvləridir. Biz bir komanda kimi qarşımıza kifayət qədər ciddi və lazımlı planlar qoymuşuq. Artıq təqvim planımızı hazırlayırıq. Həm Azərbaycandakı, həm də ölkə xaricindəki zirvələrə yürüşlərlə bağlı iş planımızı müəyyənləşdirəcəyik”.
Ölkəmizdə alpinizmin hazırkı durumunu qənaətbəxş hesab edən prezident boşluqların olduğunu da etiraf edib: “Hazırda strategiyanı müəyyənləşdiririk. Bu, yüksək dağlar alpinizmi, idman alpinizmi, yaxud da kommersiya - həvəskar alpinizmi ola bilər. Əsas məqsədimiz bunların hamısında kütləviliyi təmin etməkdir. Ekoturizmə istiqamətlənmək də istəyirik. Hər kəs bilir ki, ölkə prezidenti cənab İlham Əliyev qeyri-neft sektoru ilə əlaqədar ciddi addımlar planlaşdırır və hökumətə tövsiyələrini verib. Biz də Azərbaycanın idman sektorunda olan məsuliyyətli insanları kimi istəyirik ki, ekoturizmlə əlaqədar turizmin inkişafına öz töhfəmizi verək”.
Maddi-texniki bazanın möhkəmləndiriləsi istiqamətində mühüm addımlar atılacağını vurğulayan M. Abbasbəyli hazırlıq prosesində əcnəbilərin təcrübəsindən yararlanacaqlarını da qeyd edib.
O, alpinistlərin ekstremal və ya təhlükəli hadisələr zamanı qorxu hissini necə üzərilərindən atmalarından da söhbət açıb. Prezidentin sözlərinə görə, tamaşaçısı olmayan və kimsənin azarkeşlik edib, dəstəkləmədiyi idman növündə qorxunu üzərindən atmaq üçün kifayət qədər hazırlıqlı olmalısan: “Bir deyim var: qorxu olmasa, cəsarət də olmaz. Bizim bütün yürüşlərimiz kifayət qədər planlaşdırılmış, razılaşdırılmış marşrutlarla tam məlumatlandırılmış və mütləq federasiyanın təlimçilərinin iştirakı ilə baş tutur. Bu vaxt risk kifayət qədər nəzarət altında olur ki, qorxu da beləcə aradan götürülür. “Azərbaycan bayrağını zirvədə dalğalandıracağam” iddiası isə idmançıya böyük bir impuls, təkan verir”.
Hər hansı bir yüksəkliyə ekspedisiyadan öncə hazırlaşmaq üçün nə qədər məşq etdikləri barədə məlumat verən M. Abbasbəyli bildirib ki, bu il 2-3 alpinistin “Qar bəbiri” titulunu almasını da planlaşdırırlar: “3 mütəxəssisimiz var ki, bu kateqoriyanı almaq üçün 1 zirvələri qalıb. Bu da Qırğızıstandakı Qələbə zirvəsidir. Təqvim planımızda da bu zirvəni də fəth etmək nəzərdə tutulub”.
Bir çox alpinistlər üçün əsas hədəf dünyanın ən yüksək nöqtəsi Everest zirvəsini fəth etmək olur. Amma çoxları hündürlüyünə görə ondan geri qalan – K2, yəni Çoqoriyə yürüş etmirlər. Yeni prezident Azərbaycanda ilk olaraq, bunu reallaşdırmağa iddialı etdiklərini və burada üçrəngli bayrağımızı dalğalandırmaq arzusunda olduqlarını da diqqətə çatdırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi