AMEA-nın prezidenti ilk dəfə regional elmi mərkəzin illik hesabatının müzakirəsində iştirak edib
AMEA-nın Rəyasət Heyətinin Lənkəran Regional Elmi Mərkəzinin hesabatının müzakirəsi ilə əlaqədar iclası keçirilib.
İclasda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Cəfərzadə, Akademiyanın Rəyasət Heyətinin üzvləri, akademiklər - Arif Həşimov, İbrahim Quliyev, İradə Hüseynova, Gövhər Baxşəliyeva, Lənkəran rayonunun elm və ali təhsil ictimaiyyətinin, eləcə də aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstələri düzüblər.
Sonra İkinci Qarabağ müharibəsinin şəhidi, Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı olmuş Mahsun Bağırzadənin Mərkəzdəki barelyefi önünə tər qərənfillər düzülüb.
Tədbirdə regionda herontologiya – uzunömürlülük sahəsində tədqiqatların genişləndirilməsi məsələləri də müzakirə olunub və bu sahədə aparılacaq tədqiqatların yeni istiqamətləri barədə müvafiq tapşırıqlar verilib.
Professor Fərman Quliyev qeyd edib ki, Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşları 2022-ci ildə elmi-tədqiqat işlərinin əhatə dairəsini daha da genişləndirmişlər. Belə ki, ötən il Lənkəran-Astara bölgəsi şəraitində çay, sitrus və subtropik bitkilərin mövcud sort və formalarının toplanması, onların məhv olmaq təhlükəsindən qorunması, bərpa edilməsi, yeni sortların yaradılması və artırılması, tibbi nəzarətin uzunömürlülük fenomeninə təsirinin öyrənilməsi, folklor, etnoqrafik, arxeoloji abidələr üzrə tədqiqatlar diqqət mərkəzində olmuşdur. Mərkəzin rəhbəri elmi qurumun fəaliyyət istiqamətləri, mövcud problemlər, region üçün xarakterik olan uzunömürlülük sahəsində aparılmış tədqiqatlar barədə geniş məlumat verib, tədqiqat işinin perspektivlərindən danışıb, hesabat ilində alınmış mühüm elmi nəticələri diqqətə çatdırıb.
Professor Fərman Quliyev AMEA prezidentinin ilk dəfə regionun elmi hesabatının müzakirəsində iştirak etdiyini xüsusi vurğulayıb, diqqət və qayğıya görə elmi müəssisənin kollektivi adından Akademiya rəhbərliyinə minnətdarlığını ifadə edib.
Sonra Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Cəfərzadə çıxış edərək ölkə rəhbərliyi tərəfindən bütün regionların, o cümlədən Lənkəran şəhərinin inkişafına xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb. Regionun elmi qurumuna diqqətinə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirən Mikayıl Cəfərzadə Lənkəranda elm və ali təhsil qurumları arasında qarşılıqlı əlaqələrin inkişafına bundan sonra da böyük əhəmiyyət veriləcəyini diqqətə çatdırıb.
Hesabat dinlənildikdən sonra müzakirələr aparılıb. AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov, vitse-prezidentlər – akademik İbrahim Quliyev, akademik İradə Hüseynova və akademik Gövhər Baxşəliyeva çıxış edərək müxtəlif elmi istiqatmətlər üzrə Lənkəranda aparılan tədqiqatlar barədə fikirlərini bildirib, təklif və mülahizələrini irəli sürüblər.
Müzakirələrdə regionda fəaliyyət göstərən alimlərdən filologiya elmləri doktoru Yadulla Ağazadə, biologiya üzrə fəlsəfə doktoru Sevinc Hüseynova, elmi mərkəzin şöbə müdiri Sərraf Talıbov, filologiya üzrə fəlsəfə doktoru Mehman Qaraxanoğlu və başqaları çıxış ediblər.
Tədbirin sonunda akademik İsa Həbibbəyli Rəyasət Heyətinin qərarı ilə 85 illik yubileyi münasibətilə təltif olunmuş Lənkəran Regional Elmi Mərkəzinin baş direktoru, aqrar elmlər doktoru, professor Fərman Quliyevə AMEA-nın Fəxri fərmanını təqdim edib. Akademik İradə Hüseynova və başqaları çıxış edərək yubilyarın elmi və təşkilati fəaliyyətindən ətraflı bəhs ediblər.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və Rəyasət Heyətinin üzvləri Lənkəran Regional Elmi Mərkəzinin təcrübə-sınaq sahəsi ilə tanış olub və həmin sahənin imkanlarının daha da genişləndirilməsi ilə əlaqədar məsələlər müzakirə edilib. Sahədə yetişdirilən, region üçün xarakterik olan yeni sortların çoxaldılması üçün müvafiq tapşırıqlar verilib.
AMEA Rəyasət Heyəti aparatının
Media və informasiya şöbəsi