azia.az
azia.az

Məktəb direktorları belə seçiləcək - yeni qaydalar

19-03-2017, 12:17

Məktəb direktorları belə seçiləcək - yeni qaydalar


Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları açıqlanıb.

APA-nın xəbərinə görə, bu qaydalar Təhsil Nazirliyinin birbaşa tabeliyində olan lisey və gimnaziyalara, internat tipli təhsil müəssisələrinə, Bakı şəhərinin ümumi təhsil müəssisələrinə direktorların işə qəbuluna şamil edilmir.

Müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsilə və azı 5 il pedaqoji staja malik (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər. Yol verdikləri nöqsanlara görə direktor (direktor müavini) vəzifəsindən azad olunmuş, məhkəmənin qərarına əsasən, yaxud sağlamlığı ilə əlaqədar pedaqoji fəaliyyət göstərməsi qadağan olunan şəxslər direktorların işə qəbulu üzrə müsabiqədə iştirak edə bilməzlər.

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu şəffaflıq və obyektivlik təmin edilməklə Nazirlik tərəfindən mərkəzləşdirilmiş qaydada üç mərhələdən ibarət müsabiqə yolu ilə həyata keçirilir. Müəssisələrdə mövcud olan vakansiyalar rayon (şəhər) təhsil şöbələri (idarələri) və Ərazi Maliyyə Hesablaşma Mərkəzləri tərəfindən müəyyənləşdirilir, birgə təsdiq edilir və Nazirliyə təqdim olunur. Vakansiyalar müəssisənin ünvanı, müəllim sayı, sinif komplektlərinin sayı, müəssisənin rayon mərkəzindən olan məsafəsi və digər məlumatlar qeyd edilməklə yerli təhsili idarəetmə orqanları tərəfindən elektron sistemə daxil edilir və Nazirlik tərəfindən təsdiq edildikdən sonra müsabiqə üçün elan edilir.

Müsabiqənin birinci mərhələsində elektron ərizələrin qəbulu həyata keçirilir. Namizədlərə 4 vakant yer (hazırda işlədiyi müəssisənin yerləşdiyi rayon (şəhər) və ya faktiki yaşadığı rayon (şəhər) üzrə) seçmək imkanı verilir. Şəxsi, təhsil, iş təcrübəsi haqqında məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və məhdudlaşdırıcı hallar (təhsil sənədlərinin dövlət nümunəli olmaması, məhkumluğun olması, pedaqoji fəaliyyət göstərməsinin qadağan olunması və digər hallar) Nazirliyin müsabiqə komissiyası tərəfindən araşdırılır və elektron ərizələr təsdiq edilir. Elektron ərizəsi təsdiq olunmuş namizədlərin siyahısı rəy bildirilməsi üçün yerli təhsili idarəetmə orqanlarına göndərilir və müəyyənləşdirilmiş forma üzrə rəylər Nazirliyin müsabiqə komissiyasına təqdim edilir. Komissiya tərəfindən rəylər nəzərdən keçirilərək namizədlərin növbəti mərhələyə keçməsi barədə qərar qəbul edilir.

Müsabiqənin ikinci mərhələsi imtahan mərhələsidir. İmtahanda namizədlərin əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi sahəsində bilik və bacarıqları 40 test tapşırığı vasitəsi ilə qiymətləndirilir. Nəticə imtahanın sonunda namizədlərə bildirilir. İmtahanda test sualları ilə yanaşı iştirakçılardan konkret bir mövzu üzrə 200-250 sözdən ibarət kompüterdə esse yazmaq tələb olunur. Esse mövzuları Nazirliyin müsabiqə komissiyası tərəfindən müəyyənləşdirilir. Esse verilən mövzuya uyğunluğu, Azərbaycan ədəbi dilinin orfoqrafik qaydalarına riayət edilməsi, yazının strukturu, əsas ideya və onun təsviri, rəsmi yazı üslubundan düzgün istifadə, lüğət tərkibi, məntiqi əlaqə meyarları əsasında ekspertlər tərəfindən 20 ballıq şkala üzrə qiymətləndirilir.

Müsabiqənin üçüncü mərhələsi müsahibə mərhələsidir. Müsahibəyə çağırılan namizədlər tələb olunan tarixdə şəxsi işini (elektron ərizənin surəti, diplom(lar) və ona əlavə(lər), xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə, şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, əmək kitabçası və elektron ərizəsində göstərilən məlumatları təsdiq edən digər sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surətini) müsabiqə komissiyasına təqdim edirlər. Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq qiymətləndirilir.

Test tapşırıqları, esse və müsahibənin nəticəsinə görə keçid balı ayrı-ayrılıqda Nazirlik tərəfindən müəyyənləşdirilir. Müsabiqənin imtahan və müsahibə mərhələlərinin nəticələri nəzərə alınmaqla elektron proqram təminatı vasitəsilə namizədlərin seçdikləri vakant yerlərə yerləşdirilməsi həyata keçirilir. Müsabiqənin nəticəsinə əsasən vakant direktor vəzifəsini tutmuş namizədlə bir il müddətinə əmək müqaviləsi bağlanılır. Həmin müddət başa çatdıqdan sonra bir illik fəaliyyət barədə hesabat Nazirliyə təqdim olunur və müvafiq müsahibə keçirildikdən sonra şəxsin daimi əsaslarla işə təyin olunması barədə qərar qəbul edilir. Müsabiqənin hər hansı mərhələsində namizədin elektron ərizədə göstərdiyi məlumatlarla təsdiqedici sənədlər arasında uyğunsuzluq aşkar edildiyi halda, onun nəticələri ləğv edilir. Hər hansı bir səbəbdən göstərilən vaxtda test imtahanında və ya müsahibədə iştirak etməyənlər üçün təkrar imtahan və müsahibə keçirilmir. Test imtahanı və müsahibə mərhələsində keçid balını toplayan, lakin yerləşdirilməyən namizədlər ehtiyat kadr siyahısına daxil edilir. Ehtiyat kadrlar 2 il müddətinə siyahıda saxlanılır və həmin müddətdə yaranan vakansiyalar (işlədiyi və ya yaşadığı rayon (şəhər) üzrə) onlara təklif olunur. Müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətinə müsabiqə başa çatdıqdan sonra bir həftə ərzində baxılır.

Qeyd edək ki, bu qaydalar Təhsil Nazirliyinin 03.03.2017-ci il tarixli 126 nömrəli əmri ilə təsdiq edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi