“Müəllim “biliksizdir”, “savadsızdır” yanaşması doğru deyil” - Professordan nazirə cavab
“Müəllim “biliksizdir”, “savadsızdır” yanaşması doğru deyil” - Professordan nazirə cavab
Hansısa sözü mexaniki olaraq yanlış yazması müəllimin bilik səviyyəsinin göstəricisi deyil. Bunun başqa səbəbləri var. Mən hesab edirəm ki, tək, o müəllimlər deyil, jurnalistlər, hətta, müəyyən elmi dərəcə daşıyıcılar da belə nöqsanlara yol verə bilir”.
Xəbər verilir ki, bu sözləri "yenisabah.az"a tanınmış jurnalist, professor Qulu Məhərrəmli elm və təhsil nazirinin bəzi müəllimlərin “şaftalı”, “anbar”, “pambıq” sözlərini yaza bilməməsi fikrinə münasibət bildirərkən deyib. O bildirib ki, burada əsas səbəb başqadır:
"Mən buna təbii baxıram. Amma bunun əsas səbəbi son illərdə orfoqrafiya lüğətinin başına açılan oyunlarla bağlıdır. Çünki sözlərin yazılışını, deyilişini o qədər dəyişdirirlər, o qədər yeni qaydalar gətirirlər və mübahisələr açırlar ki, nəticədə tədricən dil daşyıcıları ilə dilin özü arasında böyük bir məsafə yaranır. Ona görə də insanlar orfoepiya ilə orfoqrafiyanı qarışdırır. Sözün bir “y”, yoxsa, iki “y” ilə yazılmalı olduğunu dəyişik salır. Hamısı şüuraltı yaddaşda qalır. Bu, müəllimlərin suçu deyil, dilin ətrafında aparılan lazımsız proseslərdir. Hesab etmirəm ki, hansısa orta məktəb müəllimi “anbar” sözünü və ya “pambıq” sözünü yaza bilmir. Təəssüf ki, belə hal olub, olmasaydı daha yaxşıydı. Amma bunu bu səviyyədə aşkarlığa çıxartmaq, müəllimlərin səviyyə göstəricisi kimi təqdim eləmək doğru deyil. Ona görə də biz bu məsələlər üzərində düşünməliyik. Ana dilinin qaydalarına, orfoqrafiya lüğətinin mükəmməlliyinə daim diqqət yetirməliyik. Ümumiyyətlə, orfoqrafiya lüğətinin biz eksperiment “dovşanına” çevirməli deyilik. Qaydalar qoyulub sözlərin yazılışı da sabit olaraq lüğətdə qalmalıdır. Buna görə də bu mənada gərəksiz əməliyyatlar aparmağa ehtiyac yoxdur. Nöqsanların xeyli hissəsi ordan qaynaqlanır. Mənim mövqeyim belədir”.
Qulu Məhərrəmli bildirib ki, bu səhvlərin müəllimlərin ana dilinə laqeyd yanaşmasına izliyin heç bir aidiyyəti yoxdur:
“İnanmıram ki, bu cür səhvlərin edilməsi müəllimlərin ana dilinə ögey münasibətindən qaynaqlanır. Çünki müəllimin işi o kitabı tədris etməkdir. Bununla yanaşı, imtahan psixoloji stress məqamıdır. Amma sizi inandırıram ki, imtahandan sonra müəllim o sözü çox normal şəkildə yaza bilər. İmtahanın zəhmi də bu cür nöqsanlara gətirib çıxara bilər. Bu, hər kəsdə olur. Mən həmin müəllimlərin savadsız, biliksiz olması baxımından bunu xarakterik nöqsan kimi qəbul eləmirəm. Əksinə, bu gün bizdə ən yaxşı səviyyədə orta məktəb müəllimlərinin olduğunu düşünürəm. Əlbəttə, hamısını demirəm. İçərilərində məsuliyyətsizlər, hazırlıqsız olanlar da var. Savadsızlar, ixtisasına barmaqarası yanaşanlar hər yerdə var. Mən müəllim nüfuzunun qorunmasının tərəfindəyəm. Müəllim bu sözü yaza bilmirsə, “biliksizdir”, “savadsızdır” yanaşması doğru deyil”.