azia.az
azia.az

"Repetitorluq olmasaydı, bu gün təhsilimiz tamamilə iflasa uğrayardı” - Nazirin "5-10 bal" açıqlamasına REAKSİYA

22-06-2022, 17:19

"Repetitorluq olmasaydı, bu gün təhsilimiz tamamilə iflasa uğrayardı” - Nazirin "5-10 bal" açıqlamasına REAKSİYA
Təhsil naziri Emin Əmrullayevin “Repetitorlar bu gün şagirdin hansısa imtahanda ən yaxşı halda 5-10 bal artıq yığmasına xidmət edir. 9-cu sinfin nəticələri zəif olan şagirdlərə repetitorlar belə kömək edə bilmir” açıqlaması müzakirələrə səbəb olub.

Sosial şəbəkələrdəki müzakirələrdən əksər insanların nazirin bu fikirləri ilə razılaşmadığı görünür. Hətta müzakirələrə qoşulan müəllim və tələbələr də hesab edirlər ki, şagirdlərin imtahanlarda yüksək bal toplamasında, onların ali məktəblərə qəbulunda repetitorların mühüm rolu var.

Mövzu ilə bağlı Redaktor.az təhsil eksperti Kamran Əsədovun mövqeyini öyrənib.

Onun sözlərinə görə, orta məktəb şagirdləri dərsdən sonra hazırlıq kurslarına, repititorlara müaciət etməsələr, yaxşı nəticə əldə etmələri inandırıcı olmaz.

“Əslində təhsildə kütləvi şəkildə repititorluq modeli son illərdə ortaya çıxıb. Əvvəl şagirdlər orta məktəbdə aldıqları biliklərin hesabına ali məktəblərə daxil olurdular. Repetitor yanına gedən şagird daha ciddi nəzarətə götürülür. Şagirdin vaxtı-vaxtında müəllimin yanına gedib-gəlməsi, müəllimə xüsusi ianə xərclənməsi və bütün bunların valideyn tərəfindən daha ciddi nəzarətə götürülməsi yaxşı nəticə verir. Orta məktəbə gedən şagirdi isə valideyn güclü nəzarətdə saxlamır. Həmin şagirdlər də hazırlığa gedə bilmədikləri, digər abituriyentlərdən “geri qaldıqları” üçün ruhdan düşürlər. Təcrübə göstərir ki, ali məktəblərə qəbul imtahanlarında heç bir müəllim yanına getməyən şagirdlər də yaxşı nəticələr əldə edirlər. Bu şərtlə ki, şagirdə həm valideyn ciddi nəzarət eləsin, həm məktəb dərsin keyfiyyətinə fikir versin”, - deyə K.Əsədov bildirib.

"Repetitorluq olmasaydı, bu gün təhsilimiz tamamilə iflasa uğrayardı” - Nazirin "5-10 bal" açıqlamasına REAKSİYA

Ekspert qeyd edib ki, repetitorluq ta qədim zamanlardan mövcud olub, maddi cəhətdən az-çox imkanlı insanların övladları üçün nəzərdə tutulan xüsusi təlim-tədris vasitəsi kimi yüksək səviyyəli elitaların yetişdirilməsində mühüm rol oynayıb:

“Çox təəssüflər olsun ki, hazırda müəyyən istisna hallardan başqa, bu qədim təlim-tədris vasitəsi bu gün öz tarixi mahiyyətini itirərək, bir qisim işsiz və ya cüzi əmək haqqı alan alim və müəllimlərimizin əsas ruzi mənbəyinə çevrilib. Repetitorluğu açıq-aşkar biznesə çevirmə halları da istisna deyil. Ancaq bu gün repetitorların bəlkə də əksəriyyətini bilavasitə şagirdlərin öz orta məktəb müəllimləri təşkil edir. Müəllim-şagird münasibətlərində yaranan bazar ticarətinin hədsiz dərəcədə qınanmalı fakt olduğunu qəbul etsək də, digər tərəfdən, cüzi maaş alan müəllimlərimizin buna məcburən sövq edildiyini də qəbul etməyə borcluyuq. Bununla belə, istənilən halda repetitorluq təhsilin səviyyəsini aşağı salmaz, yalnız yüksəldə bilər və əgər bu tədris vasitəsi də olmasaydı, bu gün təhsilimiz tamamilə iflasa uğrayardı”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi