“Yanvarın 1-dən bu yükləmələrin qiyməti ən azı 1 manat olacaq”
“Mütəmadi olaraq deyirlər ki, niyə imtahan qaydaları tez-tez dəyişdirilir. Cavab olaraq, bildirirəm ki, onlar dövlət tərəfindən qəbul edilən sənədlərlə tanış olsunlar. Bunlar təhsil mühitini formalaşdıran sənədlərdir və biz onları icra edirik”
Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti tərəfindən yeni təsdiqlənən “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları”na həsr olunmuş konfransda deyib.
M.Abbaszadə bildirib ki, kurrikulumla təhsil alan şagirdlərin biliklərini yoxlamaq üçün onlara yeni növ tapşırıqların verilməsi lazım idi. Bunun üçün də 2013-cü ildən başlayaraq, şagirdlər arasında Azərbaycan dili ( tədris dili rus dili olanlar üçün rus dili) və riyaziyyatdan monitorinq imtahanları keçirilir. 4 il ərzində 85 459 şagird monitorinq imtahanlarında iştirak edib.
M.Abbaszadə deyib ki, DİM-in elektron bazasında hazırda 9-cu sinifdə oxuyan 113 min şagirdin adı var. Onların 85 459-u artıq monitorinq imtahanlarından keçib: “Monitorinq imtahanlarının nəticələrinə əsasən, bu ilki buraxılış imtahanlarında ( ümumi təhsil bazası üzrə) yazı işlərinin yoxlanılması prosesini həyata keçirmək üçün yeni qiymətləndirmə mexanizmi işlənib hazırlanıb. Qəbul edilən yeni mexanizm isə artıq 4 ildir ki, respublikada qiymətləndirilmə sahəsində tətbiq edilir”.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılmış elmi statistik təhlillərin bu qurumun saytına yükləndiyini deyən M.Abbaszadə onu da əlavə edib ki, gələn il yanvarın 1-dən həmin yükləmələr ödənişli olacaq: “1 il ərzində yükləmələrin sayı 3400-ə yaxın olub. Yükləmələr əsasən xaricdən olurdu. Son 2 ayda isə rayonlarda müəllimlər üçün keçirilən görüşlərin nəticəsi olaraq, 500 yükləmə olub. Bunları da sırf region müəllimləri edib. Yükləmələr hazırda pulsuz olduğundan məsləhət görərdim ki, onları indidən yükləyəsiniz. Çünki yanvarın 1-dən bu yükləmələrin qiyməti heç olmasa 1 manat olacaq”.