Səs yazısı yayılan məktəb direktoru DANIŞDI
Xəbər verdiyimiz kimi, ötən gün Ağstafa rayonunun Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədovanın həmin məktəbin müəllimindən rüşvət istəməsi ilə bağlı səs yazısı yayılıb.
AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı direktor Mətanət Məmmədova Bakupost.az –a yazılı açıqlamasında bütün bunları qeyri-etik hal, hörmətsizlik kimi dəyərləndirib: "Məktəb direktoru olaraq rüşvət istəməyimlə bağlı yayılan səs yazısını qeyri-etik hal hesab edirəm, neçə illərdən bəri pedaqoji fəaliyyətimə olan hörmətsizlik kimi dəyərləndirirəm.
Məktəbin müəllimi Vüsalə Məmmədovanın (dediyinə görə kimsə şərti adla paylaşım edib) "Facebook”da etdiyi paylaşım qanunsuzdur və heç bir halda qanunauyğun fəaliyyət hesab edilmir.
Bu səs yazısı sırf böhtandır və mənə qarşı şantajdır. Cinayət Məcəlləsinin 155 və156-cı maddəsinin tələblərini pozaraq ictimai rəydə mənimlə bağlı mənfi rəy formalaşdırmaqdır.
Bir məktəb direktoru kimi rəhbərlik etdiyim pedaqoji kollektivə, hər tədris ilinin sonunda yetirmələrinin sədasının nüfuzlu ali məktəblərdən gəlməsində əməyi olan müəllimlərimizə yanlış münasibətdir. Neçə illik təcrübəsi olan bir direktora ədalətsizlikdir, onun ali təhsili olmayan bir müəllim tərəfindən məruz qaldığı şantajdır, qərəzdir”.
Qeyd edək ki, baş verənlərlə bağlı Təhsil Nazirliyi tərəfindən araşdırma aparılır.