Laçında təhsil sistemi iflic vəziyyətə gətirilib - Nazir bunları bilirmi?
Laçın Rayon Təhsil Şöbəsinin müdiri əksər məktəb direktorlarını, o cümlədən müəllimləri təngə gətirib
Laçın Rayon Təhsil Şöbəsi və adıçəkilən qurumun müdiri Malik Vəliyevlə bağlı əldə etdiyimiz ən son bilgilərdə deyilir ki, onun nöqsanlı fəaliyyəti nəticəsində rayon təhsili hər gün bir qədər də geriləyir. Belə ki, hazırda rayon təhsil müəssisələrində diplomu müəmmalı olan şəxslərin çalışdığını iddia edən mənbənin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, bu və digər məsələlərlə əlaqədar mətbuat vasitəsilə Laçın Rayon İcra Hakimiyyətinə, Təhsil Nazirliyinə və digər müvafiq strukturlara lazımı məlumatlar verilsə də, hələ ki, heç kim Malik Vəliyevin fəaliyyətini araşdırmaqda maraqlı görünmür. Məhz elə bu səbəbdən də Laçın Rayon Təhsil Şöbəsinin müdirinin özünü tam arxayın hiss etdiyini, əməllərinə davam etdiyini vurğulayan məlumatlı şəxsin sözlərinə görə, bu gün adıçəkilən rayonun ümumtəhsil məktəblərində siniflərin komplektləşdirilməsi, o cümlədən evdə təhsilin təşkili və pedaqoji işçilərin ixtisasartırma kurslarına göndərilməsi işləri mövcud qanunvericiliyə uyğun şəkildə həyata keçirilmir: «Deyilənlərə görə, Laçın Rayon Təhsil Şöbəsi tərəfindən süni şəkildə məktəblərin, həmçinin siniflərin sayının artırılması hallarına da rast gəlinir. Belə bir addım atmaqla büdcədən ayrılan vəsaitlərin bir hissəsini təyinatdankənar xərclərə sərf etmək mümkündür.
Bunun üçün sadəcə olaraq rayonda müvafiq təşkilatlarla əlaqə qurulur, komissiya yaradılır və aydın olur ki, sinif otaqları «balaca» olduğundan şagirdlər üçün narahatlıq yaranır. Buna görə əlavə sinif yaradılır. Əlavə sinif isə sözsüz ki, əlavə gəlir mənbəyi sayılır. Beləliklə də bir sıra məktəblərin adından istifadə edilərək dövlət büdcəsindən vəsait çıxarılır və bir sıra istiqamətlərə yönəldilir. Təbii ki, bu kimi nöqsanların mövcud olmasının məsuliyyəti birbaşa Laçın Rayon Təhsil Şöbəsinin müdirinin üzərinə düşür». Əldə etdiyimiz məlumatlarda həmçinin, o da qeyd olunur ki, bu gün Malik Vəliyevin rəhbərlik etdiyi qurumun tabeliyində fəaliyyət göstərən əksər təhsil müəssisələrində psixoloq, laborant, kitabxanaçı ştatları yalnız kağız üzərində mövcuddur.
Bu barədə redaksiyamıza danışan mənbə iddia edir ki, Laçın Rayon Təhsil Şöbəsinin müdiri əksər məktəb direktorlarını, o cümlədən müəllimləri təngə gətirib: «Deyilənlərə görə, Malik Vəliyev təhsil nazirinin müavini Ceyhun Bayramovun himayəsinə arxalandığı üçün heç kimdən və heç nədən çəkinmədən öz bildiyini edir. Belə ki, hər tədris ilinin sonunda Laçın məktəblərində çalışan müəllimlərdən iki ədəd fotoşəkil və 3 manat pul yığılır. Deyilənə görə, rayon təhsil şöbəsindən hər dəfə bunun elektron kataloq üçün edildiyi bildirilir. Lakin indiyə kimi nə kataloq hazırlanıb, nə də pul yığımına son qoyulub. Nəzərinizə çatdırım ki, Laçın məktəblərinin heç birində psixoloq, laborant, kitabxanaçı yoxdur. Lakin onların adları ştat cədvəlində qeyd olunur, məvaciblərini isə direktorlar alır. Əgər müvafiq qurumlar bununla bağlı obyektiv araşdırma aparsalar, o zaman bir çox qaranlıq məqamlara aydınlıq gətirilə bilər». Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.