azia.az
azia.az

Fizikin Zoologiya İnstitutunda nə işi var? - Bizim replika

5-06-2016, 03:18

Fizikin Zoologiya İnstitutunda nə işi var? - Bizim replika Atalarımız yaxşı deyiblər ki, qulaq gündə bir söz eşitməsə, kar olar.

Dünən xeyli müddətdən bəri görüşmədiyim bir tanış alimlə yenidən rastlaşdım.

Bir xeyli hal əhvaldan sonra hər zamankı kimi söhbətimiz hərlənib-fırlanıb yenə də Azərbaycan elminin bugünkü durumuna gəlib çıxdı.

Tanış alim yenə də Azərbaycan elmindəki bəzi xoşagəlməyən hallardan, kadr seçimindəki nöqsanlardan, elmə aidiyyatı olmayan və ya savadsız insanların birdən-birə “elm aşiqliyinə” düşmələrindən, onların irəli çəkilməsindən, elmi işlər “müdafiə etmələrindən” həyəcanla və təəssüf hissi ilə narahatçılıqlarını bölüşdü.

Və söhbətin bir yerində dilə gətirdiyi məqam-fakt isə məni əməlli-başlı şoka saldı.

Bunu eşidəndə qulaqlarıma inanmadım və bilmədim ağlayım, yoxsa, gülüm...

Onun bildirdiyinə görə, bir müddət öncə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biologiya və Tibb Elmləri Bölməsinə daxil olan Zoologiya İnstitutuna zooloq (bioloq) deyil, fizik olan bir şəxs direktor göndərilib.

Hansı ki, həmin istitutun təkcə özündə biologiya elmləri üzrə 10 elmlər dokroru və xeyli sayda fəlsəfə doktorları var. Onlardan heç biri deyil, bu institutla yaxından-uzaqdan əlaqəsi olmayan, ən əsası ixtisası fizik olan fizika-riyaziyyat elmləri namizədi bir şəxs direktor təyin olunub.

İndi həmin alim zoologiya-heyvanlar aləmi ilə o qədər də əlaqəsi olmayan ekologiya məsələləri üzrə doktorluq dissertasiyası üzərində çalışır.

Dediyim kimi, bu məlumatı eşidəndə qulaqlarıma inanmadım.

Həmsöhbətimdən bunun doğru olub-olmadığını dəfələrlə soruşdum.

O da hər dəfə eyni sözləri təkrarladı. Evə çatandan sonra bir daha internet vasitəsi ilə axtarış verdim. Gördüyüm mənzərə məni yenidən şoka saldı. Həqiqətən də, həmin alimin verdiyi məlumat düzgün imiş-nöqtə-vergülünəcən.

Bu yerdə də məşhur “Ulduz” filmindəki başabəla “elm adamı” Gülümsərovun “limandra, limçay” “elmi kəşfi” yadıma düşdü. Necə deyərlər, elmimizin yeni kəşfi - zoo-fizik.

Görəsən, zoologiya (heyvanlar) aləmi nə vaxtdan ətalət və ya ümumdünya cazibə qanunu ilə işləyir?

Həmin şəxsi bir kənara qoyuram. AMEA-ya rəhbərlik edən şəxslər bu faktı görməyiblərmi və yaxud da görüblərsə, nəyə görə, görməməzliyə vurublar?

Bu qədər ciddi məsələyə bu qədər qeyri-ciddi münasibət nədən qaynaqlanıb?

Bunun adı nədir, yeni “elmi kəşf”, yoxsa, elmlə, əsl elm fədailəri ilə məzələnmək?

Bəlkə elə bu səbəbdən mətbuatda vaxtaşırı olaraq Milli Elmlər Akademiyasının əməkdaşlarının əhalini şoka salan açıqlamarını oxuyuruq?

Biri deyir Yer kürəsi fırlanmır, digəri deyir zəlzələlər qadınların cins şalvar geyinməkləri səbəbindən baş verir, üçüncüsü Azərbaycanda olan bütün rus dilində məktəblərin bağlanmasını təklif edir...

Bu suallara AMEA-dan cavab almaq gərəyini də lazım bilmədik.

Çünki əlahəzrtət fakt ortadadır, tanınmışlardan birinin də dediyi kimi, əlahəzrət faktdan böyük fakt yoxdur!

Sadəcə, yazıqlar olsun!

Kamil Həmzəoğlu

Gün.Az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi