azia.az
azia.az

Minlərlə insanın qətlə yetirildiyi nazir bağı - ARAŞDIRMA

29-03-2016, 11:34

Minlərlə insanın qətlə yetirildiyi nazir bağı - ARAŞDIRMA Burda tanınmış azərbaycanlıları da çalalara gömmüşdülər...

1938-ci il avqustun 26-da Moskvadakı Lefortovo həbsxanasında SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının səyyar iclası keçirilirdi. Həbsdə olduğu iki ay ərzində müttəhimi o qədər döymüşdülər ki, iclas zalına da sürüyə-sürüyə gətirmişdilər. O, nəinki hərəkət edə bilirdi, işgəncədən nitqi belə tutulmuşdu. Nə prokurorun, nə də Hərbi Kollegiyanın hakiminin suallarına cavab vermək iqtidarında deyildi.
Məhkəmədə sədrlik edən Vışinskinin və dövlət ittihamçısı Ulrixin çoxsaylı sualları da bu səbəbdən cavabsız qalmışdı. Həm hakim, həm də prokuror tələsirdi. Çünki bu otağa hələ çox məhbus gətiriləcək, 5-10 dəqiqəlik məhkəmə iclasından sonra güllələnməyə aparılacaqdılar. Müttəhimin heç nəyə etiraz etmədiyini görən Vışinski yubanmadan hökmü elan etmək qərarına gəlir:
“...1895-ci il təvəllüdlü, Fəhlə-Kəndli Qızıl Ordusunun Frunze adına Hərbi Akademiyasının taktika kafedrasının keçmiş müəllimi, briqada komandiri Cəmşid Cəfəroviç Naxçıvanski briqada komandiri hərbi rütbəsindən məhrum edilsin və ona məxsus olan bütün əmlak müsadirə edilməklə ən ağır cəzaya – güllələnməyə məhkum edilsin. Hökm dərhal icra edilməlidir.”
Və…
Və günortadan sonra hökm icra edilir.
Onun meyitini isə Moskvanın mərkəzindən 24 km aralıya, Kaluqa şossesinin kənarında yerləşən “Kommunarka” adlı əraziyə gətirirlər. Artıq qəbirqazanlar da növbəti çalanı qazıb qurtarmışdılar. General adsız çalalardan birinə atılır…
***
İndi Köhnə Kaluqa yolu adlanan trasla getsəniz, qarşınıza “24-cü kilometr” yazılmış yol nişanı çıxacaq. Həmin nişandan sağa, meşənin dərinliyinə doğru yol burulur. Çox yox, 400 metr getdikdən sonra isə qarşınıza köhnə, taxta darvaza çıxacaq. Darvazadan içəridə isə tam səssizlikdi… Burada, elə bu səssizliyin ağuşuna aldığı ərazidə, nə az, nə çox, 23 min adam güllələnib. Onların yalnız 4 mininin kimliyinə indiyədək aydınlıq gətirilib. Aralarında bir neçə azərbaycanlı da var...
***
Biz bu məqama qayıdacağıq. Amma əvvəlcə bir balaca bu qanlı “Kommunarka” barədə. Buralarda məskunlaşma hələ 17-ci əsrdən başlayıb. 18-ci əsrin sonlarında bu ərazini Xovanskilər alıblar. Knyaz Xovanski burada böyük malikanə də tikdirib. Bolşeviklər hakimiyyətə gələndən sonra malikanəni müsadirə ediblər. Bir qədər sonra isə malikanə SSRİ daxili işlər komissarı Henrix Yaqodaya verilib, bağ evi kimi. 1937-ci ilin martından, Yaqoda həbs olunandan sonra isə ərazi tikanlı məftillərlə hasara alınıb. Bura giriş-çıxış qadağan edilib. Malikanədə isə bir neçə nəfərə yaşamaq üçün icazə verilib: cəlladlara...
***
... Hə, düz oxudunuz, cəlladlara. Pyotr Maqo onlardan biri idi. Bu cəllad elə bu ərazidə 10 mindən çox adamı güllələmişdi. Ernst Maç Maqodan əvvəl də haqqında ölüm hökmü çıxarılmışlar barədə əmrləri icra edirdi. Özü də nə az, nə çox, düz 26 il bu işlə məşğul olmuşdu. İvan və Vasili Şiqaleyev qardaşları. Bu cəlladların hesabında da minlərlə insanın qətli vardı. Və çox maraqlı bir fakt. Adlarını çəkdiyimiz bu cəlladların hamısı sonradan şizofreniya xəstəliyinə tutulmuşdular. Və sonradan əzab içində ölmüşdülər.
Az qala cənnəti xatırladan bu ərazidə güllələnənlərin böyük əksəriyyəti SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarıyla ölüm hökmü alanlardır, repressiya qurbanlarıdır. Bu cəhənnəm vadisi isə düz 50-ci illərlə qədər mövcud imiş. Stalin ölənə qədər siyasi motivlərlə ölüm hökmü alanlar burda qazılan çalalara atılırmış. İzsiz -soraqsız…
Stalindən söz düşmüşkən, SSRİ Daxili İşlər Nazirliyinin arxivləri açılanda tarixçilər şoka düşmüşdülər. Sən demə, bu bağda basdırılanların bir çoxunu heç məhkəməyə belə çıxarmayıblar. Sadəcə, Stalinə təqdimat verilib. Stalin isə məhbusun iş qovluğunun üzərinə elə belə də yazıbmış: “Za”. Yəni “Hə”. Dahi rəhbərin dərkanarından sonra nə məhkəmə, nə hakim?!
***
Nazirin bağ evində generallar da güllələnib, dövlət xadimləri də. Şairlər də, mədəniyyət adamları da. Hətta Stalinin siyasətini bəyənməyən idmançılar da. Siyahı uzundu, təbii. Amma burada güllələnələr arasında bir maraqlı detal xüsusi diqqətimizi çəkdi. Söhbət başqa bir dövlətin rəhbərindən, onun nazirlərindən, bu dövlətin iri ranqlı məmurlarından gedir.
Anandın Amar 1920-30-cu illərdə Monqolustanın rəhbəri olub. 1939-cu il sentyabrın 1-də Stalin onu və 28 silahdaşını Moskvaya dəvət edir. Amar böyük sevinclə rəhbərin görüşünə tələsir. Onları elə aeroportdaca həbs edirlər. Amar nə baş verdiyini belə anlamır. Az sonra SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarıyla barələrində güllələnmə hökmü çıxarılır. Hökm çıxarılan kimi isə onları adıgedən bağa gətirirlər. Güllələyib çalada basdırırlar. Sovetlər dağılana qədər onların taleyindən heç kimin xəbəri olmayıb. Məhz arxivlər açılandan sonra bəlli olur ki, Monqolustan rəhbəri və onun komandası harada “itibmiş”. Yeri gəlmişkən, 2002-ci ildə Monqolustan dövləti onların xatirəsinə abidə ucaldır.
***
Abidə demişkən, Ümumrusiya Azərbaycanlıları Konqresi Moskva vilayəti üzrə regional şöbəsinin icraçı direktoru Şamil Tağıyevin dediyinə görə, “Komunarka”da bir neçə azərbaycanlı da qətlə yetirilərək basdırılıb. Və indiyədək bizimkilərin xatirəsinə nəinki abidə, adi bir lövhə də qoyulmayıb. Baxmayaraq ki, repressiyaya məruz qalmış əksər xalqların nümayəndələri üçün belə xatirə lövhələri və abidələri ucaldılıb. Keçmiş bağda əbədiyyətə qovuşanlar arasında general Naxçivanskidən başqa da tanımış adlar var. Məsələn, Azərbaycan SSR-in dövlət və partiya xadimləri Ə.Qarayev, D.Bünyadzadə, ilk hərbi dəniz işləri komissarı Ç.İldırım, AK(b)P Bakı Şəhər Komitəsinin katibi M.Nərimanov…
Yazının sonunda isə burda basdırılan və əslən Azərbaycandan olan həmyerlilərimizin siyahısı ilə də tanış olacaqsız. Onların bir neçəsinin adı xatirə kitabında yer alıb. Amma bu o demək deyil ki, bu qətliam bağı məhz o qədər azərbaycanlını udub… Onların sayı çox da ola bilər. Və ehtimal odur ki, elə belədir… Bu isə başqa bir araşdırmanın mövzusudur.
O ki qaldı bu əraziyə… Hə, burada indi böyük bir kilsə tikilib. Əraziyə giriş isə sərbəstdir. Ən əsası, hansısa abidə qoymaq, ya xatirə lövhəsi asmaq üçün isə heç bir rəsmi sənədə, icazəyə də ehtiyac yoxdur. Yetər ki…

Səbuhi Məmmədli


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi