Azia.az :Son illərdə ölkədə qeyri-neft sektorunun və xüsusi ilə də turizmin inkişafına böyük diqqət göstərilir. Onlarla yeni-yeni mehmanxanalar, otellər, turizm bazaları, istirahət məkanları yaradılır, turistləri ölkəmizə cəlb etmək üçün geniş reklam işləri aparılır. Azərbaycanın turizm potensialının dünyaya çatdırılmasında son illərdə keçirilən beynəlxalq idman yarışlarının, mədəni tədbirlərin də böyük rolu olmuşdur.
Ölkəmizin və paytaxt Bakı şəhərinin tarixi abidələri, gəzməli yerləri, istirahət guşələri ilə tanış olmağa gələn turistlərin sayında çox böyük artımlar vardır. Azərbaycandakı əmin-amanlıq, tolerantlıq mühiti, həmçinin genişlənməkdə və təkmilləşməkdə olan turizm şəbəkəsi, turistlərin yüksək səviyyəli servislə təminatında bir sıra işlər görülüb. Bu da yeni-yeni iş yerlərinin açılması və da çox insanın işlə təminatına, sahibkarlığın inkişafına, turizmlə əlaqəli olan digər sahələrin də genişlənməsinə şərait yaradır.
Belə ticarət və iaşə obyektləri paytaxtın mərkəzində, hamının “Torqovaya” adlandırdığı Nizami küçəsində çoxluq təşkil edir. Ancaq piyadalar üçün nəzərdə tutulan bu küçədə mövcud ticarət də Avropa ölkələrində olduğu kimi təşkil olunur. Çoxsaylı kafe və digər iaşə obyektlərinin qarşısında səyyari xidmətin təşkili, küçədə turistlər üçün stulların qoyulması xaricdə adi hal sayılır.
Məlumdur ki, paytaxtda aparılan işlər heç də dərhal öz həllini tapmır, yeni strukturun yaradılması, dəyişikliklərin baş verməsi bir sıra şəxsləri qıcıqlandırır, görülən işlərə kölgə salmağa cəhdlər edilir. Belə ki, bəzi elektron KİV-lərdə Nizami küçəsi ilə bağlı arabir məqsədli şəkildə mənfi fikir doğuran yazılar yerləşdirilir. Buna həm də bir-biri ilə rəqabət aparan obyektlərin sahibləri də təhrik edirlər.
Səbail Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov bildirmişdir ki, Nizami küçəsi və digər mərkəz ərazilərdə səyyar ticarətə icazə verilməsi Rayon İcra Hakimiyyətlərinin deyil, şəhərin Ticarət Departamentinin səlahiyyətlərinə aiddir. Obyektlərə bu qurum tərəfindən nəzarət olunur və hər hansı pozuntulara yol verilməsi hallarının qarşısı alınır. Burada qeyd olunmalıdır ki, Nizami küçəsindəki mövcud sıxlıq Avropanın ən çox turist qəbul edən şəhərləri ilə müqayisədə xeyli azdır.
Gələcəkdə də bu istiqamətdəki işlər dünya praktikasına uyğun, sivil qaydada aparılacaq, ölkəyə, paytaxtımıza daha çox turist cəlb etməklə qeyri-neft sektorunun inkişafına, bununla da yeni iş yerlərinin açılması və ictimai-iaşə və ticarət sektorunda müsbət dəyişikliklərə nail olunmağa səy göstəriləcəkdir.
Müqayisə üçün dunyanın məhşur turizm məkanlarının fotolarını təqdim edirik.