azia.az
azia.az

Nazirlik azərbaycanlılara qadağa qoyan hotelləri yoxlamağa başladı

20-01-2018, 09:41

“O cür hotel və hostellər məsuliyyət daşıyır”

Xəbər verdiyimiz kimi, paytaxt Bakıda bir çox hostel və hotellərə Azərbaycan vətəndaşlarının girişi qadağandır. Bir neçə gün əvvəl “Yeni Müsavat”ın əməkdaşı bu haqda araşdırma aparmışdı və məlum olmuşdu ki, paytaxtın mərkəzində yerləşən “Baygan Hostel”, “Hostel 44" və ”Old City İnn" hoteli birmənalı olaraq öz qapılarını Azərbaycan vətəndaşlarının üzünə bağlayıb.

Məsələ ilə bağlı artıq Mədəniyyət və Turizm Nazirliyi də araşdırma aparmağa başlayıb. Bu haqda nazirliyin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov “Yeni Müsavat”a açıqlamasında qeyd edib: “Bildiririk ki, Azərbaycanda fəaliyyət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektləri turistlərə xidmət göstərdikləri zaman yerli və ya əcnəbi bölgüsü aparmamalı, onların hüquqlarını pozmamalıdılar.

Mədəniyyət və Turizm Nazirliyi turizm siyasətini aparan dövlət qurumu olaraq, ölkəyə əcnəbi turistlərin cəlb olunması ilə yanaşı, daxili turizmin inkişaf etdirilməsi, daxili turist dövriyyəsinin sayının daha da artırılmasında maraqlıdır. 2017-ci ilin son 6 ayının araşdırılmasına əsasən qeyd etmək olar ki, bu müddətdə daxili turist səfərlərinin sayı təxminən 900000-ə çatıb. Ölkədə turizm sahəsinə göstərilən dövlət dəstəyinin məntiqi nəticəsi olaraq, bu rəqəmlərin 2018-ci ildə daha da artacağı mütəxəssislər tərəfindən proqnozlaşdırılır".

Qurum rəsmisi həmçinin qeyd edib ki, istehlakçıların hüquqlarını birbaşa və ya dolası yolla məhdudlaşdırmağa çalışanlar qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır: “Yerli turistlərə bu və ya digər formada hər hansı mehmanxana və ona bərabər yerləşdirmə obyektləri tərəfindən xidmət göstərməkdən imtina edilməsi ”İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Bu qanunvericiliyə görə, bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdirlər. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Ticarət və digər xidmət növləri müəssisələrində istehlakçının hüquqları pozularsa, satıcı (icraçı) və bu müəssisələrin işçiləri qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar".

Onu da qeyd edək ki, ölkədə fəaliyyət göstərən bəzi hotellər də var ki, onlar azərbaycanlıların girişinə qadağa qoymasa da, əcnəbi turistlərdən fərqli olaraq yerli vətəndaşlardan nikah sənədi tələb edilir. Dəfələrlə bu məsələ mətbuatda müzakirə edilib, hətta nazir səviyyəsində reaksiya verilib. Belə ki, nazir Əbülfəs Qarayev mətbuata verdiyi açıqlamalarının birində hotellərdə nikah kağızının tələb olunması ilə bağlı məsələyə münasibət bildirərkən qeyd etmişdi ki, qanunvericilikdə belə bir şey yoxdur: “Qanunvericilikdə heç kəs tələb etmir ki, hər hansı nikah kağızı, hansısa izahat verilməlidir. Hesab edirəm ki, əgər insan öz pasportunu təqdim edərək öz otağında yaşayırsa, onun yanına gələn qonaqların haqqında soruşmağa dəyməz”.

Bütün bunlara baxmayaraq problem hələ də öz həllini tapmayıb.

Xalidə GƏRAY


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi