Ağdam rayonu, Muğanlı kənd sakini, məcburi köçkün Əliyev Fərman İbrahim oğlunun üzləşdiyi problemlə bağlı Gununsesi.info-nun elektron ünvanına şikayət məktubu daxil olub.
Həmin müraciəti olduğu kimi nəzərinizə çatdırırıq:
“Yazıb sizə bildirirəm ki, mən Əliyev Fərman İbrahim oğlu 15.08.1962-ci ildə Ağdam rayonunun Muğanlı kəndində anadan olmuşam. Ağdam qaçqınıyam və hal-hazırda Mingəçevir şəhər Turistbazasında məskunlaşmışam. Mən Əliyev Fərman İbrahim oğlu Ağdam 72 saylı orta köçkün məktəbində təsərrüfat müdiri işləmişəm. Heç bir səbəb olmadan məktəbimizin direktoru tərəfindən qanunsuz olaraq işdən azad edildim. İşdən qanunsuz azad olduğuma görə Mingəçevir Şəhər Məhkəməsinə, Şəki Apellyasiya Məhkəməsinə və Ali Məhkəməyə müraciət etdim. Məhkəmələr araşdırıb, öyrənib heç bir səbəb olmadan işdən azad olduğuma görə mən Əliyev Fərman İbrahim oğlunun işə bərpa qərarı və məcburi iş buraxma müddətim üçün də əməkhaqqımın ödənilməsi barədə qərar çıxardılar. Lakin 2 dekabr 2015-ci ildə işə bərpa olmağıma baxmayaraq, məhkəmələrin qərarına əsasən nə məcburi buraxdığım iş üçün əməkhaqqımı, nə də 2 dekabr 2015-ci ildə işə bərpa olduğum bu günə kimi əməkhaqqımı ala bilirəm.
Bunun üçün də mən Əliyev Fərman İbrahim oğlu Ağdam 72 saylı orta köçkün məktəbinin direktoru Abbasov Ruslan Qafar oğluna əməkhaqqımın nə səbəbə ödənilmədiyinə dair müraciət etdiyimdə o, mənə kobud formada bildirdi ki, get əməkhaqqını hardan alırsan al, mənlik deyil. Və mən də Ağdam Rayon Maliyyə İdarəsinin müdiri Rəşad müəllimə müraciət etdim. Lakin o bildirdi ki, əməkhaqqını ödəyə bilmərəm, sənin əməkhaqqını ödəmək mənlik deyil, sən Ağdam rayon İcra bölməsinin rəisi Gülmalı Rzayevlə əlaqə saxla. Ödəyə bilirsə, o sənin əməkhaqqını ödəyəcək. Və mən də Ağdam rayon İcra bölməsinin rəisi Gülmalı Rzayevin qəbuluna getdim. Lakin o da bildirdi ki, bizlik bir şey yoxdur, sən get Ağdam Rayon Maliyyə İdarəsinin müdiri Rəşad müəllimə müraciət et. O sənin əməkhaqqını ödəyəcək. Mənə çox maraqlıdır, işə bərpa olduğuma görə mənə maaş kartı da veriblər, bəs o zaman Ağdam 72 saylı orta köçkün məktəbimizin direktoru Abbasov Ruslan Qafar oğlu, Ağdam Rayon Maliyyə İdarəsinin müdiri Rəşad müəllim və İcra bölməsinin rəisi Gülmalı Rzayevin maddi maraqları nədir ki, bu günə kimi əməkhaqqımı ala bilmirəm?..
Mən qaçqın olmağıma baxmayaraq, bəzi vəzifəli şəxslər tərəfindən incidilirəm və süründürməçiliyə məruz qalıram. Buna görə də Ağdam 72 saylı orta köçkün məktəbin direktoru Abbasov Ruslan Qafar oğlundan, Ağdam Rayon Maliyyə İdarəsinin müdiri Rəşad müəllimdən və İcra bölməsinin rəisi Gülmalı Rzayevdən şikayətçiyəm. Onlar məhkəmənin qərarını yerinə yetirməkdən boyun qaçıraraq əməkhaqqımı ödəməkdən imtina edirlər. Odur ki, müvafiq qurumlardan mənə yardımşi olmalarını xahiş edirəm”.
Gununsesi.info