Qadağa mayın 25-dək davam edəcək
Bakının bəzi küçələrində maşın sürənlər cərimələnəcəklər. İstiPress-in məlumatına görə, IV İslam Həmrəyliyi Oyunları zamanı Bakıda "Oyunlar zolağı"nın tətbiq ediləcəyi küçələrdə hərəkət qadağası may ayının 5-dən qüvvəyə minəcək. Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədovun İstiPress-ə verdiyi məlumata görə, sarı rəngli bütöv hərəkət zolaqlarında hərəkət məhdudiyyəti mayın 25-dək davam edəcək. Zolaqlara ancaq IV İslam Həmrəyliyi Oyunları üçün nəzərdə tutulan nəqliyyat vasitələri buraxılacaq.
Paytaxt ərazisi digər yük maşınlarının da hərəkətinə məhdudiyyət qoyulur. “Avropa oyunlarında xeyli təcrübə topladıq. İnanıram ki, bu tədbirin keçirilməsində Azərbaycan ictimaiyyəti ilə vahid komanda kimi iştirak edib, tədbirin yüksək səviyyədə başa vurulmasını təmin edəcəyik”.
Məlumata görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) 24 saat ərzində zolaqlara nəzarət edəcək. Zolağa daxil olan digər maşınlar 40 manat cərimə olunacaqlar.
Zolaqlar Neftçilər prospekti, Dövlət Bayraq Meydanından başlayaraq Bakı İdman Sarayına qədər olan ərazi, Ziya Bünyadov prospekti, Bakı Dairəvi Yolu, Salyan şosesi, Bibiheybət yolu-1, Bibiheybət yolu-2, Neftçilər prospekti, Qara Qarayev prospekti (bütün yol), Atatürk prospekti, Fətəli xan Xoyski küçəsi, Vaqif prospekti, Hənifə Ələsgərov küçəsi, Tbilisi prospekti, Əbdülvahab Salamzadə küçəsi və Böyükşor şossesi yollarını əhatə edəcək.
Rayonlardan gələn nəqliyyat vasitələrinin mayın 25-dək şəhərə daxil olması ilə bağlı Bakının şimal və cənub girişində də şərait yaradılıb.
Xatırladaq ki, bu ilin mayın 12-22-də Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu oyunlar bütün İslam ölkələrindən 24 idman növü üzrə idmançıları birləşdirəcək.